AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin YAP ərazi partiya təşkilatı yaradılıb.

28 May Müstəqillik günü ərəfəsində Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının Azərbaycan Milli Elmlər Akademiyası Lənkəran Regional Elmi Mərkəzi ərazi partiya təşkilatı yaradılıb.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.
Sonra AMEA-nın 44 günlük Vətən müharibəsində ilk şəhidi, Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı Mahsun Bağırzadənin xatirə guşəsi ziyarət edilib.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev partiyanın 30 il ərzində keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi partiyası olmaqla yanaşı, ölkəmizin əldə etdiyi bütün nailiyyətlərdə, uğurlarda, qazanılan qələbələrdə xüsusi rol oynayır.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Lənkəran Regional Elmi Mərkəzin direktoru Mehman Əliyev deyib ki, 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 700 mindən artıq üzvü var.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Mehman Əliyev ərazi partiya təşkilatının sədri, Cəmil Quliyev isə sədr müavini seçiliblər.
Sonda bir qrup şəxsə partiya vəsiqələri təqdim olunub.