Weather Data Source: havadurumuuzun.com

Bakıda “Rəqs ritmində həyat” adlı fərdi sərginin açılışı keçirilib

Heydər Əliyev Mərkəzində görkəmli gürcü rəssam Lado Qudiaşvilinin (1896-1980) əsərlərindən ibarət “Rəqs ritmində həyat” adlı fərdi sərginin açılışı keçirilmişdir.

Zefernews.az xəbər verir ki,

Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Gürcüstanın Azərbaycandakı səfirliyi və Gürcüstandakı Lado Qudiaşvili Fondunun dəstəyi ilə təşkil olunmuş sərgidə Azərbaycan Respublikasının Milli Məclisin deputatları, Mədəniyyət Nazirliyinin və Gürcüstanın Azərbaycandakı səfirliyinin nümayəndələri, tanınmış dövlət, elm, mədəniyyət və incəsənət xadimləri, ictimai təşkilatların və KİV-nin nümayəndələri iştirak etmişlər.
Boya, qrafik sənət və səhnə tərtibatı üzrə əfsanəvi incəsənət xadimi və rəssam Lado Qudiaşvilinin əsərləri Azərbaycanda ilk dəfə nümayiş etdirilmişdir.
Lado Qudiaşvili Fondunun nümayəndəsi, rəssamın nəticəsi Elizabed Lordkipanidze bildirib ki, fərdi sərgidə rəssamın Paris dövründən həyatının sonunadək yaratdığı əsərlər təqdim olunub. Həmçinin onun qrafika və rəsm əsərləri də nümayiş etdirilir. Ümumiyyətlə, əfsanəvi incəsənət xadiminin boya, qrafik sənət və səhnə tərtibatı üzrə əsərləri Azərbaycanda ilk dəfə nümayiş olunur.
Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov deyib ki, sərgidə nümayiş olunan əsərlər Lado Qudiaşvilinin ailəsinin şəxsi mülkiyyətindəndir: “Fırça ustasının seçilmiş rəsmləri çəkdiyi janrlar üzrə fərqləndirilib. Sərgidə həmçinin Lado Qudiaşvilinin həyatının bütün dövrlərindən müxtəlif əsərlər toplusu yer almaqdadır”.
Z.Pataradze sərginin üç ay davam edəcəyini, ziyarətçilərin bu sərgidən zövq alacaqlarını vurğulayıb: “Lado Qudiaşvilin əsərlərində məhz gürcü ruhu, gürcü ənənələri və gürcü qonaqpərvərliyi öz əksini tapıb”.
Tədbir cərcivəsində “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, Milli Müdafiə Universitetin Hərbi Elmi Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professoru, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyev gurumun adindan Heydər Əliyev Mərkəzinin Tədbirlərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovu tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirmişdi və yaradıcılıq işlərində müvəffəqiyyətlər arzulamışdı.
Sonra qonaqlar sərgi ilə tanış olmuşlar.
Bakı Xoreoqrafiya Akademiyasının məzunları qonaqlara gürcü rəqsini təqdim etmişlər.
Qeyd edək ki, Bakı sərgisindəki əsərlərin bir çoxu diqqət çəkir. İlk növbədə, Qudiaşvilinin qrafik işlərini qeyd etmək lazımdır. Bunların sırasında səhnə üzü görməyən baletin kostyumları üçün çəkilmiş eskizlər də var. Balet tamaşası baş tutmasa da, eskizlər rəssamın ölməz xatirəsi kimi qorunub saxlanılır.
Lado Qudiaşvilinin ilk sərgisi 19 yaşında olarkən Tbilisidə baş tutub və bununla da gənc rəssam Gürcüstanın bədii dairələrində geniş tanınmağa başlayıb. Əsərləri ilə dillərdə dastana dönən Qudiaşvili ilk sərgisinin təşkilindən dərhal sonra Tbilisinin mədəni həyatında rol alıb.
Əfsanəvi gürcü rəssam Niko Pirosmani Lado Qudiaşvilinin kumiri olmuşdur. O, bir neçə dəfə rəsm əsərlərində Niko Pirosmani obrazına müraciət etmişdir. Rəssam Avropada da şöhrət qazanıb. O, xüsusilə beş il yaşadığı Parisin incəsənət aləmində yaxşı tanınıb, Avropanın bir sıra şəhərlərində, həmçinin Nyu-Yorkda keçirilmiş sərgiləri ilə incəsənətsevərlərin rəğbətini qazanmışdır.
Lado Qudiaşvilinin dünyaca məşhur incəsənət xadimləri Mark Şaqal, Pablo Pikasso, Vladimir Mayakovski, Sergey Yesenin ilə ünsiyyəti yaratdığı əsərlərə özünəməxsus iz qoymuşdur. Lado özünü reallığı fərdi yanaşma üsulu ilə təsvir edən bir rəssam, eyni zamanda personajlarının simasında emosiyaların sonsuz çeşidini ustalıqla canlandıran diqqətli bir müşahidəçi və psixoloq kimi təsdiq etmişdir.

Lado Qudiaşvili 1980-ci ildə vəfat etmşdir. O, bədii dünyagörüşü və seçilən üsluba malik rəssam, gürcü modernizminin və Tbilisi avanqard hərəkatının banilərindən biri sayılır.

Top