Naxçıvan İqtisadi Xəbərlər

Naxçıvan Muxtar Respublikası (MR) Azərbaycanın cənub-qərbində yerləşir və ölkənin əsas ərazisindən təcrid olunmuşdur. MR İran İR, Türkiyə və Ermənistanın əhatəsində yerləşir. O, şimalda və şərqdə Ermənistan Respublikası ilə 246 km, cənub-qərbdə Türkiyə ilə 15 km, cənubda İran İR ilə 204 km məsafədə həmsərhəddir. Naxçıvan MR Naxçıvan şəhərini, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbaz, Şərur inzibati rayonlarını əhatə edir. Sahəsi 5562 km2 , əhalisinin sayı 427,2 min nəfərdir (01.01.2013). MR Azərbaycan Respublikasının ərazisinin 6,4%-ni tutur, ölkə əhalisinin 4,5%-i də burada yaşayır. Əhalinin orta sıxlığı 77 nəfər/km2 -dir. Naxçıvan şəhəri 1136–1225-ci illərdə mövcud olmuş Atabəylər dövlətinin bir müddət paytaxtı olmuş və yüksək inkişaf səviyyəsinə çatmışdır. 1735–1747-ci illərdə Naxçıvan Nadir şahın qurduğu İran dövlətinin tərkibinə daxil idi. 1747-ci ildə onun ölümündən sonra burada hakim olan kəngərli tayfa başçısı Heydərqulu xan Zəngəzur dağlarından Araz çayına qədər ərazilərdə Naxçıvan xanlığı yaratmışdır. 1826–1828-ci illərdə olan Rusiya -İran müharibəsindən sonra region Rusiya tərəfindən işğal edilmişdir.