Weather Data Source: havadurumuuzun.com

Həqiqət ŞAMİLLİ – Şirin xatirələr – şeirlər

Təsvir elə

Şair,məni vəsf elə,
Vəsf elə sevgi ilə.
Vəsf elə rəssam çəksin,
Özümə də göstərsin.

Rəssam,elə çək ki,sən,
Görsünlər ki,sevirəm.
Görsünlər ki,xoşbəxtəm,
Göstər ki,sevincliyəm.

Rəssam,çək sevincimi,
Boynumdakı incini.
Çəkmə gözdə kədəri ,
Sil qayğılı izləri.

Gözümü fərəhli çək,
Rəssam,sən ürəkli çək.
Tablo fərəhlə dolsun,
Orda kədər yox olsun.

Sevinci aşıb-daşdır,
Bizləri qoşalaşdır.
Biz qol-qola dayanaq,
Çiyin-çiyinə olaq.

Çək üzümə təbəssüm,
Gözdən sevinc tökülsün.
Dodağa gülüş qondur,
Tablodakılar gülsün.

Fırçandan sevgi axsın,
Çək ki,sevgi çoxalsın.
Üzdəki təbəssümlə,
Tablodan cütlük baxsın.

Yarat bizi,vəsf ilə,
Yarat bizi sevgiylə.
Yarat birlikdə olaq,
Rəsmdə daim qalaq.

Günahımı bilmədim

Kipriyinlə oxlanıb,
Baxışına bənd oldum.
Əzabınla yoğrulub,
Gözlərində qovruldum.

Səadəti düşünüb,
Vüsalına tələsdim.
Həsrət məni ləngitdi,
Hicranına rast gəldim.

Nə etsəm də olmadı,
Yenə həsrət yaşadıq.
Yollarımız ayrıldı,
Qəm və kədər daşıdıq.

Cəlladım susqun oldu,
Günahımı demədi.
Sakitliyi pozmadı,
Bir kəlmə də dinmədi.

Demədi ki,sevirəm,
Danışmadı sevgidən.
Bu qəlbimi ömürlük,
Alıb götürdü məndən.

Qəlbim üçün susuram,
Ona heç acımıram.
Bilirəm qoruyacaq,
Odur səssiz qalıram.

Darıxıram

Darıxıram sakitcə,
Darıxıram mən səssiz.
Darıxıram eləcə,
Darıxıram səbəbsiz.

Səsini eşitməkçün,
Gülüşünü görməkçün,
Hər gün səni anıram,
Səninçün darıxıram.

Darıxıram payızda,
Yarpaqlar töküləndə.
Buludlar toplaşanda,
Göydən leysan tökəndə.

Darıxıram qışda da,
İsti soba yanında.
Bala pişik ana üçün,
Mənimtək darıxanda.

Darıxıram yaz vaxtı,
Tumurcuq açılanda.
Sənin ətrini verən,
Çiçəyi qoxlayanda.

Səninçün darıxıram,
Hər məclis toplaşanda.
Qonaqlar əylənirlər,
Mən qalıram bir yanda.

Darıxıram şər vaxtı,
Gün batdığı zamanlar.
Yenə qarşılaşmağım,
Bəlkə möcüzə olar.

Səhərlər darıxıram,
Gözünü görmək üçün.
Ayılanda mən kaş ki,
O gözləri görəydim.

Darıxıram gecələr,
Gecələr uzun olur.
Sənsiz olan gecələr,
Ömrümə şeir yazır.

Şeirdə darıxıram ,
Gözümdən yaş süzülür.
Misraya sözlər deyil,
Göz yaşlarım düzülür.

Darıxıram sədasız,
Mən sözsüz darıxıram.
Kəlmə belə demədən,
Yollarına baxıram.

Həsrətlə gözlədiyim,
Qəlbdə əzizlədiyim,
Yollarına baxıram,
Səninçün darıxıram.

Baxışdan anlayardın

Sevgi paltar deyil ki,
Çıxarasan əynindən.
Təzəsini alasan,
Yenisini geyəsən.

Sevgi çıxmaz yadından,
Unudulmaz olanlar.
Yaşanan xatirələr,
Yaddaşa toplanarlar.

İstərəm xoş gülüşlə,
Mən səni xatırlayım.
Bir dəfə çevrilib bax,
Minnətdarlıq yaşayım.

Çevrilib üzümü gör,
Bax gözümə,salam et.
Bir anlıq gülümsəyib,
Sonra öz yolunla get.

Baxım ardınca sənin,
Ürəkdə tir-tir əsim.
Yenidən görmək üçün,
Yollarına tələsim.

Hər dəfə rastlaşanda,
Qəlb atışım çoxalsın.
Az qala çırpınaraq,
Boğazımdan o çıxsın.

Səni bir daha görmək,
Yenə sevmək istərəm.
Gəlişini gözləyib,
Yoluna dikilərəm.

Yenə gənclikdəki tək,
Susaraq danışmaram.
Məni gözümdən anla,
Sənə qurban olaram.

Anladığın günlərçün,
Alışaraq yanaram.
O günlərdə min kərə,
Yenə qurban olaram.

Xatırlayıram indi,
Yolunu gözləyərdim.
Sən dərsdən qayıdanda,
Mən qarşına gələrdim.

Heç nə olmamış kimi,
Yanından mən keçərdim.
Dilim o vaxt tutular,
Gözlə salam verərdim.

Demədiyim sözləri,
Baxışlarım deyərdi.
Səni sözsüz sevərdim,
Lal qəlbim titrəyərdi.

Susardım,danışmazdım,
Sözə gərək qalmazdı.
Anlayardın baxışdan,
Dilə gərək olmazdı.

Qəlbimi dinlə

Sən mənim baharım,
Sən mənim qışım.
Sən mənim ömrümə,
Yağan yağışım.

Narın,səssiz yağışlar,
Nur çiləyib sevgimizə.
Susub o lal baxışla,
Qəlbimi bir az dinlə.

Gör nədən söhbət açır,
Sənə nəyi söyləyir.
Bəlkə ilk vurğunluğu,
Bəlkə dərdini deyir?

Dinlə,gör xatirində,
Qalıbmı olub-bitən.
Ya hər şeyi unudub,
Əl çəkmisən sevgidən?

Sən nəyi xatırladın,
Nələr gözdə canlandı?
Yoxsa sevincin itdi,
Kədər gözdə canlandı?

Yadındamı o yolda,
Məni qarşılamağın?
Mən yanından ötəndə,
Mənə gizlin baxmağın?

Bəlkə unutmusan sən,
Silinib xatirələr.
Dinlə hər şeyi deyim,
Yada düşsün ötənlər.

Dinlə qəlbim danışsın,
Söz açsın xatirələr.
Bu işıqlı dünyaya,
Göz açsın xatirələr.

Vüsal bizə sarılsın,
Səadət də doğulsun.
Bizi birlikdə görən,
Kədər qəmə boğulsun.

Xatirələr

Yenə yadıma düşdün,
Xatirələr oyandı.
Elə bil oda düşdüm,
Keçmşə yol uzandı.

O yollarda sən vardın,
Yolda sevgi axtardım.
O yollarda gizlicə,
Mən də sənə baxırdım.

Xatırladım gözünü,
Gözündə atəş gördüm.
Xatırladım üzünü,
Üzündə təlaş gördüm.

Xatirəmdə necəydin,
Eləcə də görürdüm.
Hələ də sən gənc idin,
Bil ki,qəlbdən sevirdim.

Film tək gözlərimdə,
Canlanır keçmiş günlər.
Hələ gizli baxışlar,
Etirafsız sevgilər.

Gördüm gizli baxışı,
Hərarətli gözləri.
Gördüm o baxışlarda,
Demədiyin sözləri.

Mənə söz söyləməzdin,
Dinməz və susqun idin.
Demədiyin kəlməni,
Gözlərinlə deyirdin.

Oxuyurdum gözlərdən,
Qəlbindən keçənləri.
İstəyirəm o günlər,
Yenə dönsünlər geri.

Yenə mənə sevgini,
Susqun,kəlməsiz anlat,
Ürəyindən keçəni,
Susub gözünlə yaşat.

Bircə dəfə görsəydim,
Gözlərinə baxardım.
Sevib sevmədiyini,
O gözlərdən anlardım.

Anlardım nə deyirsən.
Bir dəfə rastlaşsaydıq,
Baxışından bilərdim,
Varmıdır hələ sevgin.

Suallarım bitərdi,
Bircə dəfə görsəydim.
Mən çox xoşbəxt olardım,
Sevgini bildirsəydin.

O gözlərdən baxışlar,
Gözümə dikilərdi.
Mənim də gözlərimdə,
O an sevgi dinərdi.

Yaxşı ki,susub durdun,
Yaxşı ki,dillənmədin.
Bəlkə də dillənsəydin,
İndi çox peşman idin.

Bilmirəm qəlbindəki,
O gizli söhbətləri.
Görsəm sözsüz anlaram,
Gözündəki kədəri.

Bilərdim nə deyirsən,
Bu gün nə söyləyirsən.
Dəyişmisən sevgini,
Yoxsa dəyişməmisən?

Məni yaddan çıxarıb,
Bəlkə unutmusan sən .
Bəlkə də bu sevgiyə,
Çoxdan vida etmisın.

Səni sevdim

Deyirlər hər nağıl,
Belə başlayır.
Birisi var idi,
Biri yox idi.

Bizim də nağlımız,
Belə başladı.
O gözdən qəlblərə,
Dinməz yol aldı.

Sevgi qəfil gəlib,
Gözdə başlarmış.
Qığılcım alarsa,
Qəlbdə yaşarmış.

Sevənlər ayrılsa,
Üzlər gülməzdi,
O sevgi ömürlük,
Bitmək bilməzdi.

Bir oğlan bir qıza,
Aşiq olmuşdu.
Qız da özlüyündə,
Çox vurulmuşdu.

Onlar bir-birini,
Dinməz sevərdi.
Qız bədirlənmiş ,
Aya bənzərdi.

Boy-buxunlu oğlan,
Onu sevirdi.
Beləcə gün keçib,
Ay ötüşürdü.

Gənclər danışmazdı,
Gözlər dinərdi.
Onlar görüşməzdi,
Dilsiz sevərdi.

Gözlər danışanda,
Söz söyləyərdi,
Kipriklər dillənib,
Hər şey deyərdi.

Arzular dünyaca,
Onlar sonsuzdu.
Xəyal hüdudsuzdu,
Birlik imkansızdı.

Beləcə gün keçdi,
Aylar dolandı.
Qız xəbər tutdu ki,,
Vüsal yalandı.

Anladı o gün qız,
Olub-bitəni.
Bildi dinləyəcək,
Oğul ailəni.

Beləcə ayrıldı,
Yollar o andan.
Amma qız qopmadı,
Öz xəyalından.

İllər ötdü-keçdi,
Aylar dolandı.
Qız qəlbində hər an,
Sevgini andı.

Ürəkdən dua edib,
Arzu söylədi.
Amna hər zaman da,
Yolun gözlədi.

İndi artıq onlar,
Çox dəyişiblər.
İllər ötüb-keçib,
Ayrı düşüblər.

Keçmiş sevgiləri,
Yenə qəlbdədi.
Bəlkə də rastlaşsa,
Gözlər dinərdi.

Gözlər danışsaydı,
Onlar deyərdi.
Deyərdi ki,səni,
Heç unutmadım.

Sənə hər zaman,
Bil ki,inandım.
Bircə an olsa da,
Qəlbdən çıxmadın.

Yaddaşımda mənlə,
Birgə yaşadın.
Mənimlə uyudun,
Mənlə oyandın.

Tək səni sevmişəm,
Dedim biləsən.
Özgə birisini,
Heç sevməmişəm.

Müəllif: Həqiqət ŞAMİLLİ

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top