MİNA RƏŞİD – MƏN AZAD XOCALIYAM
MƏN AZAD XOCALIYAM
İllərdi dərd dağıydım,
Kədərdən yoğrulmuşam.
Bu gün Zəfər mənimdi
Yenidən doğulmuşam.
Mən azad Xocalıyam,
Daha qəm istəmirəm.
Silirəm göy yaşımı
Duman, çən istəmirəm.
Mən azad Xocalıyam,
Dönəcəm gülüstana.
Yarama məlhəm olub
Görk olacam cahana.
Keçmişimdən min iz var,
Badara, Qarqaram mən.
Min bir sınaqdan keçib
Yenə yaşayıram mən.
Qoy var olsun ordumuz,
Şəhidimiz, qazimiz.
Yeni bir tarix yazdı
Müzəffər sərkərdəmiz.
Mən azad Xocalıyam,
Daha qəm istəmirəm.
Silirəm göy yaşımı
Duman, çən istəmirəm.
AĞDƏRƏ
Duman-çənə bürünən
Ağ dərələr necəsiz?
Ağ dağlar, ağ oymaqlar,
Ağ bərələr, necəsiz?
Xoş gördük, Ballıqaya!
Qozlukörpü necəsən?
Burda üzüm bal dadır,
Taxıl tel-tel, biçəsən…
Bura necə gözəldi,
Havası can dərmanı.
Çölü-düzü bənövşə
İnsanları mərdanə.
Ağdərəm, ağ günlərin
Yaxındadı, çox yaxın.
Sənsiz çox darıxmışam
Oxu, bülbülüm, oxu.
XANKƏNDİYƏ GEDİRƏM
Sən qəlbimin sevinci,
Nurlu, aydın səhərim.
Şəhərlərin içində
Ay mirvari şəhərim!
Yadındamı uşaqkən
Biz qoynuna gəlmişdik.
Onda anam sağ idi,
Biz necə sevinmişdik…
Yazıq anam vaqonda
Həsrətindən saraldı.
Dözmədi ayrılığa
Ömrümüzü qar aldı…
Səni heç unutmadım
Nələr çəkdim, can yurdum.
Xəyalınla qəlbimə
Naxış saldım, gül vurdum…
İndi anam sevinir
Duyuram, hiss edirəm.
Çünki Ağdamdan yenə
Xankəndiyə gedirəm.
ALİ BAŞ KOMANDANIM!
Yatmadı sübhə qədər
Ali Baş Komandanım.
Düşmənlərlə savaşdı
Ali Baş Komandanım.
Vardı səbri, dözümü,
Çox sərt dedi sözünü,
Dosta tutdu üzünü
Ali Baş Komandanım.
Hamı ona “Can!” dedi,
“Bu müqəddəs an” dedi,
“Can, Azərbaycan!” dedi
Ali Baş Komandanım!
BİZ QANADLI ƏSGƏRLƏRİK
XTQ əsgərlərinə
Qayaları ram edərik,
Keçərik uçurumdan.
Qarşımızda dağ dayanmaz,
Enərik aşırımdan.
Düşmən bir də oyanar ki,
Biz artıq yanındayıq.
Hanı qurduğu istehkam?
Biz heç sədd tanımadıq.
Biz hər yandan yola çıxdıq-
Çaydan, dağdan, meşədən…
Düşməni saldıq tələyə
Çaş-baş qaldı bu işdən.
Biz qanadlı əsgərlərik
Göyümüz var uçmağa.
Düşməni aldıq araya
Yer tapmadı qaçmağa.
Aşdıq Murovu, Şişdağı,
Cıdır düzünə çatdıq.
Şuşada bayrağımızı
Uca zirvəyə taxdıq.
Biz qanadlı əsgərlərik
Heç zaman yorulmarıq.
Yurdumuzun gecə-gündüz
Keşiyində durarıq.
Müəllif: Mina RƏŞİD