Bu gün Xalq artisti Rafael Dadaşovun doğum günüdür
Bu gün Xalq artisti Görkəmli aktyor Rafael Dadaşovun doğum günüdür.
Rafael Məlik oğlu Dadaşov 1946-cı il yanvarın 4-də Zaqatala rayonunda anadan olan R.Dadaşov Naxçıvan şəhərində orta məktəbi bitirdikdən sonra, 1966–1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif işi fakültəsində ali təhsil alıb.
1976-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında aktyor kimi yaradıcılıq yoluna başlayan Rafael Dadaşov burada aparıcı səhnə ustası olaraq sənət fəaliyyətini ömrünün sonunadək davam etdirib.
Hələ gənclik illərində Azərbaycanın Allen Delonu adını alan aktyor Dram Teatrında “Heç nədən hay küy”, “Cehizsiz qız”, “Səhra yuxuları”, “Xurşidbanu Natəvan”, “Büllur sarayda”, “Unuda bilmirəm”, “İblis”, “Şəhərin yay günləri”, “Qılınc və qələm”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Sokratı anma gecəsi”, “Afət”, “Ölülər” tamaşalarında uğurlu rollar ifa edib. Aktyorun səhnədəki son rolu “Müfəttiş” tamaşasındakı Anton Antonoviç Skvoznik-Dmuxanovski obrazı olub.
Bundan başqa Rafael Dadaşov “Ötən ilin son gecəsi”, “Mehmanxana sahibəsi”, “Səni axtarıram”, “Topal Teymur”, “Ordan-burdan” kimi televiziya tamaşalarında ona məşhurluq gətirən rollarda çıxış edib.
Aktyorun zəngin səhnə həyatı olsa da, kino həyatı o qədər də geniş olmayıb. O, karyerası boyu “Var olun qızlar”, “Yarımçıq qalmış serenada”, “Bəxt üzüyü”, “Mənim ağ şəhərim” filmlərinə çəkilib.
Rafael Dadaşovun Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilib. O, 1987-ci ildə respublikanın Əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb, 2019-cu ildə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti, Prezident təqaüdçüsü Rafael Dadaşov 2020-ci il martın 16-da vəfat edib.