Weather Data Source: havadurumuuzun.com

İKİ GƏNCİN BÖYÜK UĞURU – ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR EDİLƏN “ULU ÖNDƏRİMİZ” MAHNISI

Hamımıza məlum olduğu kimi 2023-cü il bütün Azərbaycan və dünya Azərbaycanlıları üçün, hətta türk və islam dünyası üçün gözəl, hər günü bayram abu-havalı olan bir ildir. Ona görə ki, bu il Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev ili” elan olunmuşdur. Bu il xalqımızın xilaskarı, dövlətimizin, millətimizin əbədi və əvəzsiz lideri Ulu Öndərimizin 100 illiyi yurdun hər bir tərəfində, hətta sərhədlərdən də o tərəfdə böyük anşlaqla, əsl bayram, şənlik kimi keçirilir. Hər sahədə olduğu kimi incəsənət və xüsusilə də ədəbiyyat sahəsində hər kəs bir Azərbaycan vətəndaşı olaraq Ulu Öndərə olan borcunu ödəməyə, bu böyük liderin xatirəsinə bir nəğmə, bir əsər ərməğan etməyə çalışır.

Mən də ədəbiyyat sahəsində Ulu Öndərimizə olan borcumu qələmi ilk dəfə əlimə alan andan dərk etmiş və buna həmişə həssaslıqla yanaşmışam. Ulu Öndərə həsr etdiyim hər yazımda, hər şeirimdə, hər sözümdə onun xatirəsini əziz tutmuş, onun əbədi olması uğrunda əlimdən gələn heç nəyi əsirgəməmişəm, bu işdə duyğularımın ən alisindən istifadə etmiş, gücümün ən son zərrəsindən sevə-sevə istifadə etmişəm. Sözlərimin, yazılarımın onun ucalığına və möhtəşəmliyinə çatacaq qədər olmasa da heç olmasa, ürəyimdə ona bəslədiyim sevgiyə yaraşacaq qədər yaxşı olmasına çalışmışam. Mənim bu həssaslığım, bu təəssübkeşliyim və bu sevgim uşaq yaşlarından başlamışdır. Daha dəqiq desək, Ulu Öndər Heydər babanın böyüklüyünə pərəstiş və sevgi məndə 4 yaşımdan (valideynlərimin dediyinə görə 2 yaşımdan bacımın dərs vəsaitlərinin ön səhifəsində olan şəkillərindən Heydər babanı tanımağa və adını tam olmasa da ifadə etməyə çalışmışam) başlayır, durmadan yüksələn xəttlə inkişaf edir.

Bunun sübutu 4 yaşımda olarkən Dədə Qorqud yadigarı olan sazın simlərinə toxunmaqla hələ sözləri düzgün ifadə edə bilmədiyim halda Ulu Öndərimizə həsr edilmiş “Xalq Heydər söyləyəcək” mahnısını zümzümə etməyim (həmin vaxt bu halı valideynlərim videoya çəkiblər, mən sonralar baxmışam), ən böyük təzahürü isə 2016-cı ildə yazdığım “Ulu Öndərimiz” adlı şeirimdir. Bu şeiri yazarkən qəlbimdə ən səmimi və ən ülvi hisslər, duyğular oyanıb uşaq duyğularında özünü büruzə vermişdi. Onda mənim hələ 8 yaşım tamam olmamışdı. Şeiri elə bil ki Allah-Təala özü mənim qulağıma oxumuşdu və mən qələmə almışdım. Elə bil Allahım o şeirlə mənə dünyanı bağışlamışdı. Həmin şeiri yazdığıma görə o qədər sevinirdim ki… Bu şeiri o vaxtdan bəri oxuduğum onlarla tədbirdə həmişə qəlbim həmin şeiri yazanda çağladığı kimi çağlayır, o ülvi hisslər yenidən mənimlə olur. Əvvəl də qeyd etdiyim kimi bu şeiri dəfələrlə Ulu Öndərimizə həsr olunan tədbirlərdə ürəkdən, həvəslə, sevə-sevə, sanki Öndərin özünün qarşısındayam kimi söyləmişəm. “Ulu Öndərimiz” adlı şeirim sayca 2-ci, “Hərdən uçmaq istəyirəm” adlı şeirlər kitabımda da çap olunmuşdur.
Şeirimi yazan vaxtdan bəri bir məsələ məni narahat edir və beynimi heç zaman tərk etmirdi. Ümumiyyətlə, bütün yazarlar kimi müəyyən şeirlərimə musiqi bəstələnməsi mənim də arzularımdan biri olub. Ulu Öndərimizə həsr olunan şeirimin mənim ürəyimi oxşayan qaydada, Heydər babanın ruhuna gözəl bir nəğmə kimi ərməğan olunmasını isə səmimi qəlbdən istəyir və xüsusilə arzulayırdım.
Deməli, qismət Ulu Öndərimizin 100 illik yubileyinə imiş. Xeyli vaxt əvvəl yaradıcı, vətənsevər bir yeniyetmə gənc kimi tanıdığım və əlaqə saxladığım Lənkəranın gənc ictimai fəalı, müğənni, təkcə cənub bölgəsinin yox, mənim fikrimcə Azərbaycanımızın fəxri olan əziz qardaşım Allahverən Pərvizoğlu ilə bu şeirin Ulu Öndərin 100 illiyinə həsr olunan gözəl bir mahnıya çevrilməsi barədə fikir mübadiləsi apardıq. Belə qənaətə gəldik ki, mahnının bəstələnməsi və Allahverən tərəfindən səsləndirilməsi əla alınar. Allahverən musiqinin bəstələnməsi üçün zəhmət çəkdi, musiqini özü səsləndirdi və ilk variantını mənə göndərdi. Mən musiqini eşidəndə ürəyim tel-tel oldu, elə bildim ki, Ulu Öndərimizə musiqini də mən bəstələmişəm, musiqinin hər notunda səs salan elə mənim ürəyimin tellərinin səsidir. Çox bəyəndim və Allahverən qardaşıma təşəkkür edərək gələcək yaradıcılığında ona uğurlar arzuladım. Beləcə günlərlə çəkilən əziyyət və gərgin zəhmətin məhsulu olan “Ulu Öndərimiz” adlı musiqi ərsəyə gəldi.
Allahverən qardaşım bu mahnını Lənkəran Dövlət Universitetində keçirilən tədbirdə, Həqiqət Rzayeva adına Lənkəran şəhər 2 nömrəli uşaq musiqi məktəbində, “ARB Cənub” televiziyasının “Səhər ekspresi” verilişində səsləndirmişdir. Bütün bunların arasında məni ən çox sevindirən isə odur ki, Ulu Öndərimizə həsr etdiyim şeirimin sözlərinə yazılmış bu gözəl mahnı Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı çox hörmətli Taleh Qaraşovun təşəbbüsü ilə Lənkəran şəhərində Ulu Öndərimizin 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə Allahverən qardaşım tərəfindən səsləndirilmişdir.
Mahnının sözləri mənə məxsus olması ilə bərabər musiqisi çox hörmətli Mehriban Aydınqızının, aranjimanı isə Fikrət Vasifoğlunundur. Ulu Öndərimizə həsr edilmiş bu gözəl mahnının ərsəyə gəlməsi münasibətilə Mehriban Aydınqızına və Fikrət Vasifoğluna, cəlbedici səsləndirdiyinə görə isə qardaşım Allahverən Pərvizoğluna təşəkkürümü çatdırmışam.
Onu da qeyd edim ki, mahnıya klip də çəkilmişdir. Klipin ərsəyə gəlməsində yaratdığı şəraitə görə Lənkəran ŞİH başçısı Taleh Qaraşova və icra hakimiyyətinin zəhməti keçən əməkdaşlarına da minnətdaram.
Allahverən Pərvizoğlu ilə olan bu layihəmizi iki gəncin ən böyük uğuru adlandırıram. Bildirmək istəyirəm ki, bu layihə Ulu Öndərimizin xatirəsinə həsr olunan layihələrimiz içərisində nə ilkdir, nə də son olacaqdır. Mən nə qədər ki yaşayıram, Azərbaycanımızın bir vətəndaşı kimi hamımızın lideri, öndəri, müasir Azərbaycanımızın qurucusu, yaradıcısı, banisi olan Öndərimiz Heydər Əliyevin xatirəsini həmişə uca tutacağam və onun xatirəsinin ölməzliyi, əbədiliyi üçün var qüvvəmlə çalışacağam!
Ruhun şad olsun, əziz Ulu Öndərimiz, əziz Heydər babamız! Sən bizi etibarlı əllərə əmanət etmisən, bizim gələcəyə inamımız sənə olan qədərdir, demək ki, əbədidir, sarsılmazdır!

SEVİNDİK NƏSİBOĞLU
10-cu sinif şagirdi, şair-publisist, AJB üzvü

Top