Weather Data Source: havadurumuuzun.com

Lənkəranda “Anım Günü” qeyd olunub

27sentyabr “Anım Günü” Lənkəran rayonunda qeyd edilib.
Şəhidlər Abidə Kompleksində keçirilən tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Zefernews.az xəbər verir ki,

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və rayon ictimaiyyəti iştirak edib. Anım mərasimində çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov günün önəmi barədə danışıb. Bildirilib ki, “Anım Günü” ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyətə malikdir. İşğalla heç zaman barışmayan xalqımız və Azərbaycan dövləti daim münaqişənin sülh yolu ilə həll olunmasına çalışıb. Beynəlxalq güclərin status-kvonu saxlamaq cəhdləri, ermənilərin təcavüzkarlıqlarından əl çəkməmələri və mütəmadi təxribatlara yol vermələri xalqımızın “səbr kasası”na son qoydu: ”2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan işğalla barışmayacağını nümayiş etdirdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı. Nəticədə ordumuz əks-hücum əməliyyatlarına başladı və 44 günə torpaqlarımız işğaldan azad olundu”. İcra başçısı Vətən müharibəsinin daxili tələb və zərurətdən irəli gəldiyini vurğulayıb. Onun sözlərinə görə, “Dəmir Yumruq” ətrafında birləşən xalqımız Müzəffər Ordumuzun gücü, şəhidlərimizin canı və qazilərimizin qanı hesabına ədaləti, beynəlxalq hüququ, torpaqlarımızın azadlığını və sərhədlərimizin bütövlüyünü təmin edib. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin sosial-məişət problemlərinin həll olunması, onlara diqqət və qayğının göstərilməsi ilə bağlı məsələləri şəxsi nəzarətlərində saxladığını vurğulayıb.
Taleh Qaraşov dövlətimizin hər zaman şəhid ailələrinin yanında olduğunu qeyd edib və bildirib ki, onlara qayğı və diqqətin göstərilməsi hər bir vətəndaşın mənəvi borcudur.
Şəhid Taleh İsmayılovun həyat yoldaşı Gülay İsmayılova çıxışı zamanı bildirib ki, qanları ilə tarix yazan şəhidlərimiz xalqımızın qürur mənbəyi, onların qəhrəmanlığı gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında ən dəyərli nümunədir. Şəhid həyat yoldaşı dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərilən həssaslığa, onların qayğı və problemlərini, qaldırdıqları istənilən məsələni şəxsi nəzarətlərində saxladıqlarına görə minnətdarlığını ifadə edib.
Daha sonra şəhid övladlarının və məktəblilərin iştirakı ilə bədii- kompozisiya təqdim olunub.

Tədbir sonunda rayon rəhbərliyi və eləcə də ictimaiyyətin nümayəndələri abidə kompleksini ziyarət edib, önünə tər güllər düzüb, şəhidlərimizə olan hörmət və ehtiramlarını ifadə ediblər.

“Anım Günü” ilə bağlı rəsmi tədbirdən sonra Lənkəran ŞİH başçısı Taleh Qaraşov, hüquq mühafizə orqanlarının rəhbərləri və icra hakimiyyətinin kollektivi Lənkəran rayonundan olan şəhidlərimizin qəbrlərini ziyarət ediblər, ailələrinə baş sağlığı verib qayğıları ilə maraqlanıblar.

Qeyd edək ki, senytabrın 27-də Vətən müharibəsinin ilk günündə şəhid olan Lənkəran rayon sakinləri polkovnik-leytenant Mehman Şirvanov və Qalib Əkbərzadənin məzarları da ziyarət olunub, önünə tər güllər düzülüb.

Top