VƏTƏNİN MİLLİ QƏHRƏMANI EHTİRAM ƏLİYEVİN ƏZİZ XATİRƏSİNƏ

VƏTƏNİN MİLLİ QƏHRƏMANI EHTİRAM ƏLİYEVİN ƏZİZ XATİRƏSİNƏ
Bir ömür Vətənə xidmət, bir ad tarixə yazılan qəhrəmanlıq nümunəsi…
Bəzən elə insanlar dünyadan köçür ki, onların yoxluğu yalnız ailələrinin, doğmalarının deyil, bütöv bir xalqın qəlbində dərin iz buraxır. Çünki belə insanlar öz ömürlərini şəxsi həyatlarının sərhədləri daxilində deyil, Vətənin, xalqın və dövlətin taleyi ilə bağlayırlar.
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram İsrayıl oğlu Əliyevin vəfatı xəbəri dərin hüzn və kədər doğurur.
Vətən uğrunda göstərilən fədakarlıq, xalq qarşısında daşınan məsuliyyət və qəhrəmanlıq heç vaxt zamanın yaddaşından silinmir. İnsan ömrü sonlansa da, onun Vətən naminə gördüyü işlər, qoyduğu mənəvi iz və qazandığı ehtiram yaşayır.
Ehtiram Əliyev – Vətənə sədaqətin, qəhrəmanlığın və şərəfli ömrün unudulmaz ünvanı
Ehtiram İsrayıl oğlu Əliyev 1 avqust 1972-ci ildə Ucar rayonunun Qazyan kəndində dünyaya göz açmışdır. Gənc yaşlarından Vətənə xidmət etməyi özünün müqəddəs borcu hesab edən Ehtiram Əliyev 1992-ci ildə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə başlamışdır.
Onun həyat yolu Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan mübarizənin çətin, məsuliyyətli və şərəfli səhifələri ilə bağlıdır.
Ehtiram Əliyev hərbi xidmətinin ilk dövrlərində Naxçıvan istiqamətində, Sədərək və Batabat bölgələrində gedən döyüşlərdə iştirak etmiş, sonralar Ağdam, Füzuli, Tərtər və Cəbrayıl istiqamətlərində aparılan hərbi əməliyyatlarda igidlik göstərmişdir.
1994-cü ilin yanvarında gedən döyüşlərin birində yaralanmasına baxmayaraq, müalicədən sonra yenidən cəbhəyə qayıtması onun Vətənə bağlılığının, iradəsinin və vətənpərvərliyinin bariz nümunəsi olmuşdur.
Vətən qarşısında göstərdiyi igidliyə və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Ehtiram İsrayıl oğlu Əliyevə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Qəhrəmanlar unudulmur, onların adı tarixdə yaşayır!
15 noyabr 2026-cı ildə Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin vəfat etməsi xəbəri xalqımız üçün ağır itki oldu. Noyabrın 16-da o, Bakıdakı Hərbi Memorial Məzarlıqda torpağa tapşırıldı.
Əziz Milli Qəhrəmanımız!
Siz bu Vətənin çətin günlərində öz üzərinizə düşən məsuliyyəti şərəflə daşımış, mübarizə və fədakarlıq nümunəsi göstərmiş insanlardansınız. Sizin həyat yolunuz gələcək nəsillərə Vətən sevgisinin, milli məsuliyyətin və torpağa sədaqətin əhəmiyyətini xatırladacaq.
İnsan dünyadan köçür, lakin onun adı, əməli, xalqına bəxş etdiyi qürur və qazandığı ehtiram yaşayır. Milli Qəhrəman adı isə sadəcə bir fəxri ad deyil, bir xalqın öz qəhrəmanına verdiyi tarixi qiymətdir.
Bu gün biz Sizin əziz xatirənizi dərin hörmət, ehtiram və minnətdarlıq hissi ilə yad edirik. Sizin kimi Vətən övladlarının həyat yolu Azərbaycanın milli yaddaşında daim yaşayacaq.
Allah rəhmət eləsin, məkanınız cənnət olsun, əziz Vətən oğlu!
Ruhunuz şad, xatirəniz əbədi olsun!
Tarixi-publisistik yazı
Müəllif:
Qazeteçi,şair,araşdırmaçı yazar, AJB üzvü,zefernews.az saytının , TV-NİN rəhbəri, “Zəfər Yolu” İctimai birliyinin sədri, Dünya Afşarlar Dərnəyinin Azərbaycan Təmsilçisi,Türkiyənin Anadolu Ölümsüz Kahramanlar Konfederasiyasının Azərbaycan Təmsilçisi, Türkiyənin Anasan Yazarlar Birliyinin,Daqistan Respublikası Ədəbiyyatçılar Birliyinin,Azərbaycan Təmsilçisi,Turan Yazarlar Birliyinin üzvü,”XXI Əsrin Ziyalıları Zirvəsi” Platformasının təsisçisi və direktoru
Pərvanə Salmanqızı Abdullayeva.


