Weather Data Source: havadurumuuzun.com

14 Milli Qəhrəman Ehtiram Əliyevin həyatı üçün çağırış etdi: Səhiyyə Nazirliyindən açıqlama tələb olunur

Azərbaycanın sağ olan 14 Milli Qəhrəmanı Milli Qəhrəman Ehtiram Əliyevin səhhətinin ağır vəziyyəti ilə əlaqədar aidiyyəti dövlət qurumlarına və mətbuat nümayəndələrinə müraciət edib.

Müraciətlə çıxış edən Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı mətbuat nümayəndələrini Ehtiram Əliyevin həyatının xilas edilməsi istiqamətində səsləndirilən çağırışlara dəstək olmağa, Səhiyyə Nazirliyinə rəsmi sorğu ünvanlayaraq yaranmış vəziyyətə aydınlıq gətirməyə çağırıb.

Müraciətdə Səhiyyə Nazirliyinə bir sıra mühüm suallar ünvanlanıb.

İlk növbədə, Milli Qəhrəman Ehtiram Əliyevin səhhətinin ağır olması barədə Azərbaycan Prezidentinə məruzə edilib-edilmədiyi soruşulur. Əgər belə bir məruzə təqdim olunubsa, bu istiqamətdə hansı tədbirlərin görüldüyü və hazırda hansı addımların atıldığı barədə məlumat tələb edilir.

Bununla yanaşı, müraciətdə “Yeni Klinika” tərəfindən Ehtiram Əliyevə hansı müayinə nəticələrinə əsasən onkoloji diaqnoz qoyulduğu və onun Milli Onkologiya Mərkəzinə yönləndirilməsinin səbəbləri ilə bağlı izahat istənilir.

Müraciətin diqqət çəkən məqamlarından biri isə Milli Qəhrəmanın müalicəsinin Türkiyədə davam etdirilməsi məsələsidir.

Bildirilir ki, Ehtiram Əliyevin ailəsi tərəfindən Türkiyənin “Acıbadem” xəstəxanasına göndərilən tibbi müayinə nəticələri qiymətləndirildikdən sonra onun mövcud vəziyyətdə həmin xəstəxanaya gətirilməsi tövsiyə olunub.

Ehtiram Əliyevin oğlu Elvin Əliyev, Milli Qəhrəman Mirzə Quliyev və İctimai Birliyin sədri Elşən Uluxanlı Milli Onkologiya Mərkəzinin rəhbəri Cəmil Əliyevin qəbulunda olaraq bu barədə ona məlumat veriblər. Müraciətdə qeyd olunur ki, Cəmil Əliyevin göstərişi əsasında xəstəxananın baş həkimi tərəfindən Səhiyyə Nazirliyinə də məlumat verilib.

Buna baxmayaraq, Milli Qəhrəmanın Türkiyəyə köçürülməsi, orada müalicəsinin təşkili və bununla bağlı zəruri xərclərin qarşılanması məsələsinin həllini tapmadığı bildirilir.

Elşən Uluxanlı Səhiyyə Nazirliyindən bu istiqamətdə hansı addımların atıldığını, müalicənin təşkilinə və maliyyələşdirilməsinə mane olan səbəblərin nədən ibarət olduğunu açıqlamağı tələb edir.

Müraciətdə məsuliyyət məsələsi də xüsusi vurğulanır. Bildirilir ki, Allah eləməsin, Milli Qəhrəman Ehtiram Əliyev həyatını itirərsə, səhiyyə naziri onun həyatının xilas edilməsi üçün bütün zəruri tədbirlərin vaxtında görülüb-görülmədiyi barədə ictimaiyyət qarşısında cavab verməyə hazır olmalıdır.

Elşən Uluxanlı mətbuat nümayəndələrinə müraciətində vurğulayıb ki, Vətənin ağır günündə canını sipər etmiş bir qəhrəmanın bu gün cəmiyyətin dəstəyinə ehtiyacı var.

O, jurnalistləri məsələyə həssas yanaşmağa, Səhiyyə Nazirliyinə sorğular ünvanlamağa və Ehtiram Əliyevin müalicəsi ilə bağlı yaranmış vəziyyətin ictimaiyyətə çatdırılmasına kömək etməyə çağırıb.

“Qələminiz onun kömək çağırışını eşitdirsin — vaxt itirməyək!” – deyə Elşən Uluxanlı müraciətini yekunlaşdırıb.

Top