Weather Data Source: havadurumuuzun.com

Naxçıvanda “Bir şəhid, bir hekayə, bir şeir” antologiyasının təqdimatı keçirilib

Naxçıvanda “Bir şəhid, bir hekayə, bir şeir” antologiyasının təqdimatı keçirilib

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidməti bildirir ki, şəhidlərin əziz xatirəsinin yaşadılması, qəhrəmanlıq irsinin gələcək nəsillərə ötürülməsi məqsədi daşıyan “Bir şəhid, bir hekayə, bir şeir” antologiyasının V cildinin təqdimat mərasimi keçirilib.

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi və “Zərif qadınlar” ədəbi qrupunun təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, yazıçılar, Ali Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, ziyalılar və ictimaiyyət təmsilçiləri ilə yanaşı, Əlahiddə Ümumqoşun Ordunun zabit heyəti, Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyinin zabitləri, müəllimləri və kursantları, həmçinin Naxçıvan Hərbi Kollecinin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Naxçıvan ədəbi mühitinin tanınmış nümayəndəsi, “Zərif Qadınlar”ədəbi qrupunun üzvü, yazıçı -publisist Sevinc Azadlı açaraq mərasim iştirakçılarını salamlayıb və qardaş Türkiyədən Azərbaycana təşrif buyuran yazar qonaqlarımızı Azərbaycanda, Naxçıvan torpağında görməkdən məmnunluğunu ifadə edib.

Daha sonra tədbirdə rəsmi çıxışlar dinlənilib. İlk olaraq “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov, şəhid Göydağlı Ramazanın atası Əbülfət Əliyev və şəhid Raqib Hüseynovun anası Rəna xanım çıxış ediblər. Ardınca şəhid baş leytenant Toğrul Məmmədovun qardaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədov, Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Ali Sevim, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Zərif qadınlar” ədəbi qrupunun təsisçi-rəhbəri, yazıçı-publisist Təranə Arifqızı, layihənin rəhbəri, yazıçı Harun Yıldırım, kitabın redaktorları-yazar Salih Sedat Ersöz, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Banu Həsənova və pedaqoq Samil Qəribov çıxış ediblər.

Çıxışlarda şəhidlərin şərəfli ömür yolunun, Vətən sevgisinin və döyüş qəhrəmanlıqlarının bədii ədəbiyyat vasitəsilə gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.

 

Tədbirdə layihənin Azərbaycan üzrə müəlliflərindən, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sevinc Rza, eləcə də antologiyanın müxtəlif cildlərinin hazırlanmasında iştirak edən türkiyəli yazarlar Kevser Dostağüler, Şifanur Özçelik Şirin, Mecbure İnal Vela, Könül Ordubadi, Zeki Akalın, Emine Akkurt, Gökmen Sakin, Saliha Yavaş, Adnan Şahin və Banu Sancak və kitabın Bakı təqdimatına rəhbərlik edən Gülüstan Əkbərin adları qeyd olunub.

Tədbirin bədii hissəsində Azərbaycan və Türkiyə şəhidlərinə həsr olunmuş şeirlər bədii qiraət vasitəsilə təqdim edilib. Səsləndirilən poetik nümunələrdə şəhidlərin qəhrəmanlığı, Vətənə məhəbbət, milli birlik və Azərbaycan-Türkiyə qardaşlığı tərənnüm olunub.

Tədbirin sonunda şəhid ailələrinə və qonaqlara antologiyanın kitabları hədiyyə edilib. Daha sonra layihənin rəhbəri Harun Yıldırıma “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi və “Zərif Qadınlar”ədəbi qrupu adından plaket və hədiyyə, Azərbaycan və Türkiyədən olan digər yazarlara isə təşəkkürnamələr və hədiyyələr təqdim olunub. Tədbir xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.

Bəxtiyar Əliyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi

Top