“Doğma dilim” kitabının təqdimat mərasimi keçirildi

“Doğma dilim” kitabının təqdimat mərasimi keçirildi
21 oktyabr 2026-cı il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Turan Qadın Yazarlar Birliyinin üzvü Mətanət Duyğulunun “Doğma dilim” adlı kitabının möhtəşəm təqdimat mərasimi keçirildi.

Ana dilimizin saflığına, zənginliyinə, milli-mənəvi dəyərlərimizin qorunmasına və gələcək nəsillərə ötürülməsinə həsr olunmuş bu kitabın təqdimatı sözün, sənətin, vətən sevgisinin və milli ruhun bir araya gəldiyi əlamətdar bir ədəbi hadisəyə çevrildi.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Bu mənəvi anlar tədbir iştirakçılarının qəlbində Vətənə, dövlətə və milli dəyərlərimizə olan sonsuz məhəbbəti bir daha alovlandırdı.

Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbiyyatşünas və ədəbi tənqidçi Əsəd Cahangir açdı. O, çıxışında Mətanət Duyğulunun yaradıcılığından, onun ədəbi fəaliyyətindən, sözə və ana dilinə olan həssas münasibətindən bəhs etdi. Müəllifin yaradıcılığına nəzər salaraq “Doğma dilim” kitabının əhəmiyyətini vurğuladı və əsərin oxuculara həssas münasibətindən bəhs etdi.Müəllifin yaradıcılığına nəzər salaraq “Doğma dilim” kitabının əhəmiyyətın vurğuladı və əsərin oxuculara çatdırdığı mənəvi mesajlara diqqət çəkdi.

Daha sonra tədbirin aparıcılığı və sözü Turan Qadın Yazarlar Birliyinin rəhbəri, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Güləmayıl Murada verildi. O, tədbiri yüksək səviyyədə idarə edərək çıxışçıları təqdim etdi, ədəbi söhbətlərin və səmimi fikirlərin səslənməsinə şərait yaratdı.
Təqdimat mərasimində iştirak edən tanınmış ziyalılar, şairlər, publisistlər, jurnalistlər, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri Mətanət Duyğulunun yaradıcılığı, onun ədəbiyyatımıza verdiyi töhfələr və “Doğma dilim” kitabının tərbiyəvi əhəmiyyəti barədə fikirlərini bölüşdülər.
ÇıXış edənlər sırasında “Zəfər Yolu” İctimai Birliyinin sədri, Dünya Afşarlar Dərnəyinin Azərbaycan təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şairə-publisist Pərvanə Salmanqızı, şairə Lətifə Rəşid, jurnalist Alim Nəbioğlu, GünAz.az saytının redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Cabir Novruz” Mədəniyyət Fondunun İdarə Heyətinin üzvü Rəsmiyyə Heybətağaqızı, Vətən uğrunda döyüşlərdə hər iki gözünü itirmiş qəhrəman qazimiz, “Əzablı yolların yolçusu” Bəhruz Hüseynli, şair və Vətən qazisi Türkər Tivili, jurnalist Taryel Abbaslı, ziyalı Vahid Orucov və başqaları yer aldılar.

Natiqlər öz çıxışlarında Mətanət xanımın yaradıcılığını yüksək qiymətləndirdirdilər, onun sözə bağlılığını, milli-mənəvi dəyərlərə sədaqətini və ana dilimizin təbliği istiqamətindəki fəaliyyətini xüsusi vurğuladılar. Səslənən fikirlərdə “Doğma dilim” kitabının yalnız bir şeir toplusu deyil, həm də dilimizə, milli kimliyimizə və mənəvi köklərimizə məhəbbət aşılayan dəyərli bir əsər olduğu qeyd edildi.

Ana dili hər bir xalqın varlığını yaşadan, tarixini, mədəniyyətini, düşüncə tərzini və milli kimliyini gələcək nəsillərə ötürən ən qiymətli sərvətidir. Mətanət Duyğulunun “Doğma dilim” kitabı da məhz bu müqəddəs dəyərin qorunmasına, uşaqlarda və gənclərdə ana dilinə sevgi hissinin gücləndirilməsinə xidmət edir. Müəllifin bu istiqamətdəki yaradıcılığı sözün tərbiyəedici gücünü, poeziyanın mənəvi təsirini və ədəbiyyatın uşaqlara və gənclərə ana dilinə sevgi hissini gücləndirməsinə xidmət edir. Müəllifin bu
istiqamətdəki yaradıcılığı sözün tərbiyəedici gücünü, poeziyanın mənəvi təsirini və ədəbiyyatın cəmiyyət həyatındakı mühüm rolunu bir daha nümayiş etdirir.

Təqdimat boyunca səslənən xoş sözlər, səmimi təbriklər və ürəkdən gələn arzular müəllif üçün unudulmaz anlara çevrildi. Tədbir bir daha sübut etdi ki, ana dilinə sevgi yalnız sözlə ifadə olunmur; bu sevgi yazılan əsərlərdə, yetişdirilən nəsillərdə, qorunan milli dəyərlərdə və gələcəyə ötürülən mənəvi mirasda yaşayır.

Tədbirin sonunda Turan himni səsləndirildi. Bu, mərasimə xüsusi bir məna və rəmzi məzmun qazandırdı. Milli birlik, ortaq köklər, mənəvi bağlılıq və türk dünyasının həmrəyliyi duyğuları ilə tamamlanan təqdimat iştirakçıların yaddaşında xoş təəssüratlarla qaldı.
“Doğma dilim” kitabının təqdimatı təkcə bir müəllifin yeni əsərinin oxuculara təqdim olunması deyil, həm də ana dilimizə, milli kimliyimizə və söz sənətinə ehtiramın ifadəsi idi.

Mətanət Duyğulunun bu dəyərli əsərinin oxucuların qəlbində özünə layiqli yer tutmasını, xüsusilə də böyüməkdə olan nəslin ana dilimizə məhəbbətinin artmasına töhfə verməsini arzulayırıq.
Qoy doğma dilimiz daim yaşasın, zənginləşsin və gələcək nəsillərə ən qiymətli milli sərvətimiz kimi ötürülsün!

Ana dilimiz varlığımız, sözümüz kimliyimiz, ədəbiyyatımız isə xalqımızın əbədi yaddaşıdır!
Mətanət Duyğulunun həyat və yaradıcılıq yoluna nəzər salaq.
Mətanət Süleymanova (ata soyadı Nəcəfova), ədəbi aləmdə “Duyğulu” təxəllüsü ilə tanınan şair-publisistdir. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, həm də çağdaş poeziyamızın duyğu yükü ilə seçilən imzalarından biridir.
Sözə, ədəbiyyata və Vətənə sevgisini qəlbinin ən dərin qatlarından gələn səmimiyyətlə ifadə edən Mətanət Duyğulu bu günə qədər onbir kitabın müəllifidir. Onun yaradıcılığı həm şeir, həm də nəsr janrlarını əhatə edir.
Yaradıcılığa başladığı ilk illərdən etibarən, şairənin şeir və publisistik məqalələri bir çox qəzet, jurnal və antologiyalarda dərc olunub. Yazdığı şeirlərə bəstələnən mahnılar sevə-sevə oxunub, dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Onun poetik duyumu, milli dəyərlərə sadiq ruhu və vətənpərvər qəlbi oxucuların qəlbində dərin iz buraxıb.
Yazıçı, Vətən və xalq mövzularında yaratdığı əsərlərinə görə “Qızıl Qələm” mükafatına layiq görülüb.

2016-cı ildə “Zəka işığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 110 illiyinə həsr olunmuş müsabiqədə fərqlənmə diplomu ilə təltif olunub.
2020-ci ildə ona “Vətənpərvər Şair” diplomu,
2022-ci ildə isə “Xarı Bülbül” diplomu və medalı təqdim olunub.
2023-cü ildə “Dünya Koşulsuz Sevgi Dərnəyi” (Türkiyə) tərəfindən “Uluslararası Barış Elçisi” diplomu ilə mükafatlandırılıb.
Hazırda Səudiyyə Ərəbistanının Jubeyl şəhərində yaşayan Mətanət Duyğulu, Ər-Riyadda yerləşən Azərbaycan səfirliyinin təşkil etdiyi bütün mədəni tədbirlərdə fəal iştirak edir, şeirləri ilə Azərbaycan söz sənətini və mənəvi dəyərlərini təmsil edir.
Onun “Doğma Dilim” adlı uşaqlara həsr olunmuş kitabı ölkəmizdən kənarda yaşayan azyaşlılara təmannasız şəkildə paylanıb. Bu layihənin məqsədi, uşaqların Azərbaycan dilini unutmaması və sevməsi olmuşdur.
Mətanət Duyğulunun əsərləri təkcə Vətən sərhədləri daxilində deyil, həm də onun hüdudlarından uzaqlarda sevilə-sevilə oxunur. O, sözün və duyğunun qüdrətinə inanır, yazdıqları ilə həm ana dilinə, həm də doğma yurda olan sevgisini yaşadır.
Ailəlidir, iki övladı var.
Yaradıcılıq irsi:
1.Bu sevdanın adı nə… (şeirlər)
2.Nağıl dünyam (şeirlər)
3.Kərki talan yurdum (nəsr)
4.Nağıl dünyam (şeirlər)
5.Payızda gələn bahar (şeirlər)
6.Şanlı tarixin yolçuları (nəsr və şeir)
7.Buz bağlamış arzular (hekayələr)
8.Vətən daşı (şeirlər)
9.Doğma dilim (uşaqlar üçün şeir və hekayələr)
10.Əzablı yollar (povest)
11.Mələklər və Şeytanlar (elmi publisistik kitab)
Müəllif: Mətanət Duyğulu
Fotoqraf: Mahir Əhmədov


