Haqqın və sözün sirdaşı Səttar Qarağaclı yaradıcılığı

Haqqın və sözün sirdaşı Səttar Qarağaclı yaradıcılığı
Söz elə bir xəzinədir ki, ona hər kəs sahib ola bilmir. Bu xəzinənin qapısını aça bilənlər isə yalnız ömrünü müəllimliyə, işığa və poeziyaya həsr edən fədakar insanlardır. Belə sənətkarlardan biri də həm pedaqoji fəaliyyəti, həm də bədii yaradıcılığı ilə könüllərdə taxt quran, publisist-şair, Azərbaycan, Qazaxıstan və Qırğızıstan Yazıçılar birliklərinin üzvü, “Təxəyyül Art” qrupunun liderlərindən biri olan Səttar Süleyman oğlu Xudiyevdir (Səttar Qarağaclı).
1956-cı ildə Sabirabad rayonunun Qarağac kəndində dünyaya göz açan Səttar müəllim, elə ilk addımlarından gələcəyin ziyalısı olacağını bəyan etmişdi. 1973–1977-ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində təhsil alan gənc, ömrünün ən gözəl illərini doğma kəndində uşaqların maariflənməsinə həsr edir. O, sadəcə bir Azərbaycan dili və ədəbiyyat müəllimi deyil, həm də məktəb direktoru və təşkilatçı müavin kimi çalışaraq yüksək idarəçilik qabiliyyəti nümayiş etdirmiş, “Baş müəllim” adına layiq görülmüşdür. Şair sanki öz həyat fəlsəfəsini, sözə və sənətə baxışını elə bu misralarla ifadə edir:
Mən könül rübabını nəzm ilə hey çəkdim sözə,
Anlaya bilməz də heç ağlı dayaz səylər məni.
1980-ci illərdən etibarən şeirləri mərkəzi mətbuatda və almanaxlarda dərc olunan Səttar Qarağaclı, bu gün 7 kitabın müəllifidir. Onun “Haqqın sirdaşıyam”, “Görüş”, “Şair ömrü” kimi kitabları oxucuların mənəvi dünyasını zənginləşdirir. Eyni zamanda təhsil sahəsindəki təcrübəsini “Fonetika Testlərlə izah” adlı metodik vəsaiti ilə gənc nəslə ötürür. Hal-hazırda isə o, öz bədii zirvəsini fəth edəcək “TANRIM…” adlı 8-ci kitabını çapa hazırlayır. Aldığı çoxsaylı təltifnamələrə bu il daha bir möhtəşəm mükafat – “İLİN YAZARI” medalı əlavə olunub. Onun qəzəllərindəki səmimiyyət və dünyaya baxış bu gün də dəyişməz olaraq qalır. Maddi dünyanın gəldi-gedər həvəslərindən, şan-şöhrətdən uzaq olan sənətkar yazır:
Nə şanın, nə şöhrətin, nə də varın aşiqiyəm,
Bədniyyət, şeytansifət kəslər axı neylər məni?
***
Baxıram məna dolu göydə Aya, ulduzlara,
Hüsnünə heyran edib o səmavi göylər məni.
Səttar Qarağaclının poetik dünyasında insanın ömür yolu, təbiətlə və xatirələrlə vəhdətdə təqdim olunur. Şairin yaradıcılığında ötən günlərə boylanan bir insanın həsrəti, gəncliyin məsumluğu və dünyanın təzadları əks olunur:
Həmdəmimdir çölüm-düzüm, dağ-dərə,
Bu dünyaya əhsən dedim yüz kərə.
Fəqət acı, zəhəri də gözgörə
Şərbət bilib, elə içən dünyadır,
Xəyalımdan gəlib keçən dünyadır.
və yaxud
O sakit baxışlı, məsum gəncliyim,
Əkinim-biçinim, çöllərim hanı?
Seyrinə çıxdığım o ruh dincliyim,
O susqun, sonasız göllərim hanı?
Bu səmimi misralarda oxucu həm də ilk eşqin təmizliyini, təbiətə bağlılığı və insanın ömür payından keçən narahat duyğuları hiss edir:
İlk eşqə dəm tutub oxudum hərdən,
Avazım, o bəmim, zillərim hanı?
***
Soldu ləçəyində çiçək açmadı,
Əlimlə əkdiyim güllərim hanı?
Şair ətrafında baş verən haqsızlıqlara, dünyanın pozulmuş nizamına biganə qala bilmir. O, sarsılmaz mənəviyyata malik insanların namərdlər tərəfindən sıxışdırılmasını, zamanın kəmfürsətlərin əlinə keçməsini böyük bir ürək ağrısı ilə qələmə alır. Həyatın enişli-yoxuşlu yollarından keçən müəllif, hər cür yalandan və namərdlikdən uzaq durmağı özünə həyat amalı seçib:
Düzəni pozulub yoxsa dünyanın?
Hər dərdi ürəyə ox eləyirlər.
Vüqarı əyilməz sal bir qayanın,
Namərdlər ətrafı sıx eləyirlər.
Dünya mülayimdir, ya da ki, zalım,
Sındırıb, adamı yox eləyirlər.
….Başını itirib başdan olan da,
Bir az da ağıldan, huşdan olan da.
Yayından, payızdan, qışdan olan da
Üzümə gülməyir nə bu yaz deyir.
Fəqət bu çətin yolda şairə təsəlli verən, onu sındırmağa qoymayan ilahi bir pıçıltı var. O bilir ki, həqiqəti qandırmaq, səhvlərə yanmaq hər kəsin işi deyil:
…Səttar, öz səhvinə varmı yanan ki?!
Azdı ta qandıran, azdı yanan ki…
Tanrıdan pıçıltı gəlir inan ki,
Qələm də dil açıb, bunu yaz deyir.
Səttar müəllimin şeirlərində güclü bir sosial-fəlsəfi yük, Tanrıya sonsuz inam var. Dünyanın malına-mülkünə tamah salmayan, düzlüyü özünə din-iman seçən şair üçün hər açılan sabah yeni bir ümiddir. Onun üçün nahaqqın arxasınca sürünməkdənsə, Haqqın dərgahına sığınmaq ən uca zirvədir. Şair doğma kəndini, təbiəti özünə sığınacaq bilərək nahaqdan hər zaman uzaq qaçdığını qeyd edir:
Düzlük, dürüstlükdür din-imanımız,
Nə vara, dövlətə tamahımız var.
Ümid, təsəllidir son gümanımız,
Deyirik arxamız, pənahımız var.
Nahaqqın yolunda insan sürünməz,
Yalana tən olub, düzə bürünməz.
Başımız üstündə gözəgörünməz
Nə yaxşı o uca Allahımız var.
və başqa bir şerində isə yazır
Sevib əzizlədim bu doğma kəndi,
Nə qeybət elədim, qulağa qaçdım.
Gördüm hər tərəfdə dumandı, çəndi,
Nə sola buruldum, nə sağa qaçdım.
Təbiət ömrümün naxışı imiş,
Arana üz tutdum, gah dağa qaçdım.
Bir haqq var, bir nahaq – bu yer üzündə,
Nahaqdan hər vədə uzağa qaçdım.
2021-ci ildən təqaüddə olmasına baxmayaraq, Səttar Qarağaclı qələmini bir an belə əlindən yerə qoymur və yaradıcılıq fəaliyyətini aktiv şəkildə davam etdirir. Çünki yaradıcı ruh yaşa baxmır, o həmişə gəncdir:
Demə, Səttar, gəlib çatdı ta ömrünün vaxt-vədəsi,
Tanrıdan səda gələr, lütf eyləyib əylər məni.
Həqiqətən də, Səttar Qarağaclının uca tutduğu haqq yolu, onu hər zaman üzüağ və uca eləyib. Özünün də dediyi kimi, bəşəri duyğularla yaşayan, el dərdini öz dərdi bilən və Allaha sığınan ürəklərin sirrini fələklər belə çözə bilməz:
Bulaq təki çağlayandan,
El dərdinə ağlayandan,
Tanrıya bel bağlayandan
Fələk də heç baş açanmaz.
İnanırıq ki, sənətkarın Tanrı sevgisi, təbiətə, insana və ədalətə olan sonsuz eşqi ilə yoğrulmuş əsərləri hələ uzun illər oxucuların mənəvi yoluna nur saçacaqdır.

Hüseyn İsaoğlu, yazıçı – publisist,
AYB – nin və AJB – nin üzvü


