Millət vəkili Qənirə Paşayeva ali təhsilli kitabxanaçı Aynurə Səfərova ilə görüşüb
Millət vəkili, MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva növbəti vətəndaş qəbulu günü ali təhsilli kitabxanaçı, BDU-nun magistri Aynurə Səfərova ilə görüşüb.
Zefernews.az xəbər verir ki,
Aynurə Səfərovanın keşməkeşli həyat yolu ilə tanış olan Q.Paşayeva onun mübarizliyini gənclər üçün, özəlliklə qızlar üçün örnək adlandırıb.
Beləki Aynurə Səfərova orta məktəbin IX sinfində atası rəhmətə getdikdən sonra anasına maddi olaraq kömək etmək üçün təhsilini yarımçıq qoymağa məcbur qalıb. Ancaq atasının arzusunu heç vaxt unutmayaraq, təhsilini davam etdirməyin, ali məktəbə qəbul olmağın yollarını arayıb-axtarıb və o yolu tapıb. – 10 il sonra əzmlə çalışaraq öncə Peşə liseyinə daha sonra isə Bakı Dövlət Universitetinə daxil olub. Bakalavr pilləsini bitirdikdən sonra magistr pilləsinə daxil olub və hazırda II kursda oxuyur. Bundan əlavə, Dövlət qulluğu imtahanında yaxşı nəticə əldə edərək, müsahibə mərhələsini də keçərək, Mədəniyyət Nazirliyinin ehtiyat kadrlar siyahısına düşüb. O, anasının ürək yanğısı ilə dediyi “qızım, mən sənin oxumağını çox istəyirəm amma biləsən ki sənə maddi dəstək durmaq imkanım yoxdur” sözlərini heç vaxt unutmayıb. Ona görə də, Peşə liseyində, ali məktəbdə oxuyarkən də əmək fəaliyyəti ilə məşğul olub və bununla da ailəsinə maddi dəstək göstərib.
Q.Paşayeva Aynurənin mübarizliyinin “vaxt ötüb, hər şey üçün gecdir” deyib ümidsizliyə qapılanlar üçün motivasiya mənbəyi olacağını vurğulayıb:
“Aynurənin mübarizliyi bir örnəkdir. Bəli, təhsil qızlarımız üçün çox önəmlidir. Hətta qızlar təhsilini müəyyən səbəblərə görə yarımçıq qoysa belə “sonra gec olar” deməsin. Aynurə həyat örnəyidir, çünki o müvəqqəti olaraq xadimə, uşaq baxıcısı, dükanda gecə növbətsi satıcısı və b. işlərdə çalışarkən, haqlı olaraq bundan utanmır və ailəsinə dəstək olur. Mən də ailəmə əziyyət verməməkçün tələbə vaxtı işlədiyimə görə utanmırdım. Öz-özümə deyirdim ki, mən oğurluq və ya əxlaqsızlıq etmirəm. Öz zəhmətinlə çalışıb oxumaq qətiyyən utancaqlıq gətirməməlidir. Bu qızımız da həm oxuyur, həm işləyir. Biz inanırıq ki, o, ali təhsilli kitabxanaçı olaraq, öz ixtisası üzrə ən yaxşı kadrlardan biri olacaq. Mən adətən şəxsi xahişlər etmirəm, amma düşünürəm ki, bu müraciətimi Mədəniyyət naziri cənab Adil Kərimli də eşidərək, bu fədakar gəncimizə kömək edəcək. İnanıram ki, Aynurə kitabxanaçılıq və kitabxanaya rəhbərlik edəcək ən yaxşı qızlardan biridir. Uğurlar arzulayıram! Mən Aynurədən xahiş emişəm ki, öz həyat hekayəsini paylaşsın. Yüzərlə qızımız var ki, gənc yaşda evləndiriliblər, erkən nikaha cəlb olunublar və təhsilalma şansını qaçırıblar. Məncə, bu hekayə onlara örnək olacaq. Aynurə göstərir ki, bacarmaq olar. Heç bir şey üçün gec deyil. Aynurə kimi qızlarımıza, onların mübarizliyinə cəmiyyətimizin ehtiyacı vardır.
Aynurə balamıza uğurlar arzu edirəm! İnanıram ki, öz sahəsində ən yaxşı kadrlardan biri olacaq”!
Görüşün sonunda Q.Paşayeva Aynurə Səfərovaya milli ornamentli xatirə hədiyyəsi bağışlayıb.