Weather Data Source: havadurumuuzun.com

Arzunun izi ilə

Arzunun izi ilə
(xatirə-hekayə)
Nisə hələ gənc qız ikən atlara böyük həvəsi vardı. At görən kimi gözləri parlayar, onun belinə qalxıb küləklə yarışmaq arzusuna düşərdi. Ən böyük arzusu isə bir gün heç kimin köməyi olmadan, təkbaşına at sürmək idi.

Bir yay günü atası ona dedi:

— İstəsən, yanıma gəl. Dostum da sənin üçün bir at gətirər.

Nisənin sevinci yerə-göyə sığmadı. Atasının çox yaxın dostu bir atı, Nisə isə digər atı sürüb yola çıxdılar. Kəndlərdən, yamyaşıl düzlərdən keçə-keçə irəliləyirdilər.

Bir qədər getdikdən sonra kişi atını saxladı:

— Bu kənddə bir tanışım var. Girib görüşüm. Sən də mənimlə gəl.

Nisə razılaşmadı. Atının belində oturub gözlədi. Kişi isə kəndə getdi.

Nisə tək qalmışdı. Qarşısında uzanan yol, altında isə çoxdan arzuladığı ağ at vardı. Birdən ürəyindən keçdi: “İndi arzumu gerçəkləşdirə bilərəm…”

Atını yavaşca yola saldı.

Meşəyə çatanda yol daha da çətinləşdi. Hündür ağaclar sanki yolu daraldır, budaqlar küləyin təsiri ilə bir-birinə toxunaraq qəribə səslər çıxarırdı. Nisənin içində bir anlıq tərəddüd yarandı, amma illərdir , ürəyində böyütdüyü arzu onu geri qayıtmağa qoymadı. O, atının yüyənini bir az da möhkəm tutaraq qarşıya baxdı və yoluna davam etdi. Hər addımda sanki qorxularından birini geridə qoyur, öz gücünə bir az da inanırdı. O an Nisə başa düşdü ki, insanın qarşısındakı ən böyük maneə bəzən yolun çətinliyi deyil, öz içindəki tərəddüddür.

Ağacların arasında yetişmiş armudları görəndə atını saxladı. Hətta bir anlıq atın belində ayaq üstə qalxıb budaqlardan armud dərdi. Sonra yenidən yola davam etdi.

Qarşıda çay vardı. Nisə tərəddüd etmədi. Atını çayın içindən keçirib o biri sahilə çıxdı. Meşənin dərinliyində qəribə səslər eşidirdi. Vəhşi heyvanlarla qarşılaşmaq ehtimalı da vardı. Amma bütün bunlar onun gözünü qorxutmurdu. Çünki qarşısında bir arzu, ürəyində isə böyük bir cəsarət vardı.

Atını çaparaq atasının işlədiyi yerə çatdı.

Bu vaxt Nisəni müşayiət edən kişi kənddən qayıtmış, onun olmadığını görüb təşvişə düşmüşdü. O, yol boyu qarşısına çıxan adamlardan soruşurdu:

— Atın üstündə bir qız görmüsünüz?

Hamı eyni cavabı verirdi:

— Bəli, gördük. Atla çaparaq gedirdi.

Kişinin narahatlığı daha da artırdı. Nəhayət, Nisənin atasının yanına çatdı.

— Qızınız haradadır? — deyə həyəcanla soruşdu.

Atası gülümsədi:

— Budur, buradadır.

Kişi arxaya çevriləndə Nisəni gördü. Toz içində olsa da, üzündə böyük bir sevinc vardı.

Nisə atasına yaxınlaşıb dedi:

— Mən təkbaşına at sürmək istəyirdim. Bu gün arzum həyata keçdi.

Atası qızının üzünə baxdı. Qarşısında artıq , sadəcə , at sürməyi sevən bir qız yox, arzusunun arxasınca getməyə cəsarət edən bir gənc dayanmışdı.

Nisə həmin gün meşədən keçmiş, çayı adlamış, yolun bütün çətinliklərinə baxmayaraq geri dönməmişdi. O, bir arzunun insanı hara qədər apara biləcəyini öz yolunda öyrənmişdi.

Bəzən insanın ən böyük səfəri uzaqlara getmək deyil, illərlə ürəyində yaşatdığı arzunun ardınca getməkdir. Çünki insan bir arzunun ardınca cəsarətlə addımlayanda, yolun çətinliyi də, qarşısına çıxan maneələr də onu məqsədindən döndərə bilmir. Nisənin həmin gün keçdiyi yol yalnız meşədən və çaydan keçən bir yol deyildi — bu, onun uşaqlıq arzusundan cəsarətə, inamdan özünə güvənə doğru atdığı ilk böyük addım idi.

Nisə Ramazanova

həvəskar yazar

Top