Bir gəncin həyat hekayəsi: gənc xanəndə Allahverən Pərvizoğlu

Bir gəncin həyat hekayəsi: gənc xanəndə Allahverən Pərvizoğlu
Bu gün III dəfə Respublika mahnı müsabiqəsi laureatı, gənc xanəndə Allahverən Pərvizoğlunun doğum günüdür.
Həyatda elə gənclər var ki, onların keçdiyi yol yalnız uğurlarla deyil, həm də zəhmət, mübarizə, iradə və əzmlə ölçülür. Belə gənclərdən biri də Lənkəranın istedadlı övladı, gənc xanəndə və ictimai fəal Allahverən Pərvizoğludur.
Hüseynzadə Allahverən Pərviz oğlu 2005-ci ildə Lənkəran şəhərində anadan olub. 2012-ci ildə Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli Humanitar Təmayüllü Məktəb-Liseyin birinci sinfinə daxil olub.
Hələ uşaqlıq illərindən musiqiyə böyük maraq göstərən Allahverənin istedadı zaman keçdikcə daha da üzə çıxıb. O, öz üzərində çalışaraq xanəndəlik sənətinin incəliklərini öyrənməyə başlayıb.
Lakin onun həyatında ağır bir sınaq da yaşanıb. 2017-ci ildə atası Pərviz Hüseynov dünyasını dəyişib. Anası Samirə xanım bütün çətinliklərə baxmayaraq, övladlarını halal zəhməti ilə böyüdüb, onların təhsil alması və həyata inamla addımlaması üçün əlindən gələni edib. Bu ağır həyat sınaqları Allahverənin xarakterinin formalaşmasında, daha güclü və mübariz olmasında mühüm rol oynayıb.
2018-ci ildə Allahverən neçə-neçə istedadlı sənətkar yetişdirən Lənkəran şəhər Həqiqət Rzayeva adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin xanəndəlik sinfinə daxil olub.
Onun istedadı qısa müddətdə müxtəlif müsabiqə və tədbirlərdə özünü göstərib. 2021-ci ildə Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən “İlin fəal könüllüsü” Fəxri Fərmanı ilə təltif olunub.
Həmin ilin fevral ayında Təhsil Nazirliyinin dəstəyi ilə şəhid Xudayar Yusifzadənin və onun timsalında bütün şəhidlərin xatirəsinə həsr olunmuş “Vətən yaxşıdır” adlı Respublika mahnı müsabiqəsində qalib olub.
Allahverənin ifaları Lənkəranda da böyük maraqla qarşılanıb. O, bəstəkar və xalq mahnılarının ifaçısı kimi müxtəlif tədbirlərə dəvət olunmağa başlayıb.
2021-ci ilin may ayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı Respublika mahnı müsabiqəsində də qalib olub.
28 May – Respublika Gününə həsr olunmuş və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən vətənpərvərlik mövzusunda ifa müsabiqəsində rayon üzrə qalib adına layiq görülüb.
Həmçinin “Zəfər dastanı” adlı Respublika mahnı müsabiqəsinin qalibi olub. İctimai-siyasi həyatda fəal iştirakına görə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif edilib.
2022-ci ildə Allahverənə hədiyyə olunan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həsr edilmiş “Sənsən görən gözü Azərbaycanın” mahnısını ifa edib. Mahnıya çəkilmiş klip disk formasında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova, elm və təhsil naziri Emin Əmrullayevə və gənclər və idman naziri Fərid Qayıbova təqdim olunub.
2022-ci ildə atasına həsr etdiyi “Ata həsrəti” mahnısını da ifa edib. Mahnının sözləri gənc şair-publisist Sevindik Nəsiboğluna, musiqisi isə Allahverən Pərvizoğluna məxsusdur. Bu əsər onun yaradıcılığında xüsusi yer tutur və atasına olan sonsuz sevgisinin ifadəsidir.
2022–2023-cü illərdə “Palıdlı Sahil” istirahət mərkəzində şoumen və ifaçı kimi fəaliyyət göstərib, burada da öz bacarığı və səhnə mədəniyyəti ilə seçilib.
2022-ci ildə Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli Humanitar Təmayüllü Məktəb-Liseyin 11-ci sinfini bitirərək Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin vokal sənəti – xanəndəlik ixtisasına qəbul olunub.
“Təhsil və yaradıcılıq uğurlarına görə” Azərbaycan Uşaqları Birliyinin Fəxri Fərmanı ilə təltif edilib.
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov tərəfindən universitetdə keçirilən Zəfər Günü konsertində fəal iştirakına görə Fəxri Fərmanla təltif olunub.
2023-cü ilin fevral ayında “Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyi tərəfindən “İlin fəal gənci” mükafatına layiq görülüb.
Həmin ilin aprel ayında Lənkəran Regional Mədəniyyət İdarəsinin rəhbərliyi tərəfindən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə Fəxri Fərmanla təltif edilib.
26 iyun 2023-cü ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin tədbirlərində fəal iştirakına və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 105-ci ildönümü münasibətilə AVMVİB-nin Lənkəran rayon şöbəsi tərəfindən Fəxri Fərmana layiq görülüb.
2023-cü ilin may ayında Lənkəran Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsertin təşkilində fəal iştirakına görə universitetin rektoru professor Natiq İbrahimov tərəfindən Təşəkkürnamə ilə təltif olunub.
18 avqust 2023-cü ildə N saylı hərbi hissənin komandiri tərəfindən şəxsi heyətin hərbi-vətənpərvərlik tərbiyəsində göstərdiyi xidmətlərə, mənəvi dəstəyinə və Azərbaycan Sərhəd Qoşunlarının yaradılmasının 104-cü ildönümü münasibətilə təltif edilib.
Bundan başqa, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 18-ci ildönümü və FHN işçilərinin Peşə Bayramı Günü münasibətilə Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində keçirilən konsert proqramında iştirakına görə Fəxri Fərmanla təltif olunub.
2 fevral 2024-cü ildə – Gənclər Günü münasibətilə və Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tədbirlərində fəal iştirakına görə Fəxri Fərmanla təltif olunub.
2024-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Həmin il Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində göstərdiyi fəallığa görə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev tərəfindən təltif edilib.
2024-cü ildə Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin vokal sənəti (xanəndəlik) ixtisasını müvəffəqiyyətlə başa vurub.
Həmin ilin iyul ayında Vətənin keşiyində dayanmaq üçün hərbi xidmətə yollanan Allahverən şərəfli və məsuliyyətli xidmət keçib. Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Əsgər mahnı” festivalında uğurla iştirak edib və “Nümunəvi əsgər” olaraq təltif olunub.
2026-cı ilin yanvar ayında hərbi xidmətini başa vuraraq doğma ailəsinin və onu sevənlərin yanına qayıdıb.
Allahverən Pərvizoğlunun həyat yolu göstərir ki, uğur yalnız istedadla qazanılmır. Bunun üçün zəhmət, səbir, əzm, iradə və ən əsası, insanın öz məqsədinə sadiqliyi lazımdır.
O, həyatının müxtəlif mərhələlərində çətinliklərlə üzləşsə də, heç vaxt sənətindən və yaradıcılıq yolundan ayrılmayıb. Xanəndəlik sənətinə olan sevgisi, ictimai fəaliyyəti və vətənpərvər mövqeyi ilə Lənkəranda ziyalıların, ictimaiyyət nümayəndələrinin və sənətsevərlərin rəğbətini qazanıb.
Bu gün Allahverən Pərvizoğlu yalnız gənc xanəndə kimi deyil, həm də müxtəlif ictimai, mədəni və vətənpərvərlik tədbirlərində fəal iştirak edən bir gənc kimi tanınır.
Onun keçdiyi yol bir daha göstərir ki, çətinliklər insanı yolundan döndərmədikdə, əksinə, daha da gücləndirir.

Bu gün 21 yaşını qeyd edən Allahverən Pərvizoğluna möhkəm can sağlığı, yaradıcılıq uğurları, yeni nailiyyətlər və sənət yolunda daha böyük zirvələr arzulayırıq.
21 yaşın mübarək!
Murad Mehtiyev
İctimai fəal


