Weather Data Source: havadurumuuzun.com

Antiterror əməliyyatları

VƏTƏNPƏRVƏRLİK

(esse)

Antiterror əməliyyatlarından bir neçə ay öncə idi… Gecə saat 2-də sərhəd gömrük postumuzda işdə olduğum zaman səfərbərlik idarəsindən zəng gəldi. Bildirdilər ki, müəyyən olunmuş qrupla təcili yola çıxmalıyam.
Gecəylə gəlib məni işdən götürdülər. Bakıya qayıdıb evə gedib sağollaşmağa belə imkan olmadı. Təkid etsəm də, arxamca gələn nümayəndə vaxtımızın olmadığını dedi.
Belə oldu ki, bir həftəlik ağır hərbi təlimdən sonra bizi əməliyyatlara qoşdular.

Təlimin son günləri idi əməliyyat üçün son hazırlıqlarımızı görürdük.
Dağda idik. Telefonum da üstümdə idi. Zəng gəldi.
Zəng edən qadın həmkarım idi. Halımı soruşdu, bizə olan hörmətini və ehtiramını bildirdi. Söhbət əsnasında dedi ki, övladının böyüyəndə hərbçi olmasını, Vətəni qorumasını istəyir. Hətta müharibə olsa, tərəddüt etmədən göndərəcəyini də dedi.
Mən qeyri-ixtiyari soruşdum ki, doğrudan düşünmədən övladını müharibəyə göndərərsən?
Cavabı qəti oldu:

-Əlbəttə!
Mən isə dedim ki,inşallah övladlarımız sülh içində böyüyər, heç müharibə görməzlər… Müharibə ağırdır, ağrılıdır. Mən övladımı müharibəyə göndərmək qərarını asan verə bilmərəm…
Bir anlıq susdu… sonra dedi:
-“Mən səni vətənpərvər bilirdim… Heç səndən gözləməzdim”…
Üstümdəki palçığa, silahıma, dağlara baxdım…
Heç nə demədim.Sağollaşdıq. Telefonu söndürdüm.

O qız pis insan deyildi. Əksinə, Vətəni sevən biri idi. Bunu danışığından da hiss etmək olurdu.
Amma mənə “vətənpərvər deyilsən” demişdi…
Onun bu sözü bəzən yadıma düşür.

Əməliyyatları yerinə yetirib sağ-salamat geri döndüm.
Gördüm ki, həyat hamı üçün əvvəlki kimi davam edir. Heç kim nə yaşadığımızı bilmirdi… Heç kim bizi xatırlamırdı…
Yalnız bir nəfər xatırlamışdı və o da mənə bu sözləri demişdi…
O mənə o sözləri deyəndə heç bilmədi ki, susuzluqdan ciyərlərim necə yanır…
Ayaqlarım yeriməkdən necə taqətdən düşüb….
Patinka dabanlarımı necə yara edibsə hər addım atanda ağrısı ürəyimə sancılır…

Bu gün təsadüfən bir paylaşımı qarşıma çıxdı. Fərqinə vardım ki, məni feysbukda dostluqdan çıxarıb.
Pis oldum… həm də çox pis oldum…

Hərə vətəni bir cür sevir…
Hər kəs vətən sevgisini fərqli hiss edir.
Kimi vətən sevgisini sözlə ifadə edir, kimi isə onu içində daşıyır…

Müəllif: İqbal Səfərov

İqbal Səfərovun digər yazıları

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top