Weather Data Source: havadurumuuzun.com

Mərhəmət nur saçsın hər bir məkandan – D.Mirzə

SÜLHÜN NƏĞMƏSİ
Gəl danışaq silahsız bir cahandan,
Qopmasın bir kədər, ah da canından.
Qəlblər saray olsun, sevgi də sultan,
Mərhəmət nur saçsın hər bir məkandan.

Gü açsın beşiklər, körpə ölməsin,
Ananın gözündən yaş tökülməsin.
Atasız, anasız uşaq qalmasın,
Zülmün qara əli evi bölməsin.

Yaşıl meşələrin ömrü bitməsin,
Çayların nəğməsi dildən itməsin,
Dağılmasın evlər, yuva sönməsin,
Zülmün qara izi burdan ötməsin.

Cənnətin ətrini duyaq dünyada,
Sülhün sədası var hər bir sözdə də.
İnsanlar yaşasın xoş bir xəyalda,
Mərhəmət hökm etsin yerin üzündə.

Şairin arzusu, diləyi budur,
Haqqın, ədalətin mələyi budur.
Dünyanı qoruyan sevgi adıdır,
İnsanlıq mülkünün dirəyi budur.

 

SÜKUTUN FIRTINASI

Dəniz kükrəyəndə qəlbim oyandı,
Səssiz fədakarlıq oduna yandı.
Dünən susduqlarım bu gün oyandı,
Ruhumun üsyanı dalğa-dalğadır.

Özgə hüzuruna özümü böldüm,
Hər kəs gülən yerdə mən min yol öldüm.
Haqqımı tapdayıb, yalandan güldüm,
İndi təlatümlə ruhda davadır.

Sahilə çırpılan peşmanlıq deyil,
İçimdə boğulan bir anlıq deyil.
Bu fırtına ötəri bir günlük deyil,
Mənim öz səsimlə olan davadır.

Artıq tufan bitdi, sular duruldu,
Yorulan hisslərim sahildə qaldı.
Qəlbimin kədəri bir az yuyuldu,
Ruhum öz rəngini dənizdən aldı.

Nə bir üsyan qaldı, nə də bir giley,
Sakitlik ən böyük gözəl hədiyyə.
Susub fəda olmaq, bitmiş hekayə,
İndi öz səsimlə ruhuma döndüm.

ŞƏHİD İŞARƏSİ

(15 sentyabr 2022 Laçın döyüşlərinin şəhidi Zöhrab Azad oğlu Kərimova həsr olunub)

Yuxuda gördüm ki, cənnətdəyəm mən,
Atam gül-çiçəyin içində durub.
Öpdüm o mübarək ağ saçlarından,
Sanki bu görüşlə bir dünya qurub.

Sevincim sonradan döndü kədərə,
Laçından gələn bir acı xəbərə.
Ağladım hay düşən kəndə, şəhərə,
Gözümün yaşını sildi kədərlər.

Zəng vurub soruşdum: “Zöhrab necədir?”
Pərvanə gülərək:yaxşıdır-dedi.
Bilmir ki, bu yuxu bir işarədir,
Sən demə, o artıq ərşə yüksəldi.

Pilot olacaqdı, arzusu yarım,
Vətən harayına Laçına getdi.
Söndü bir ocağın gənc intizarı,
Günelin bircəcik qardaşı getdi.

İzdiham içində lal qaldı dilim,
Bilmədim ağlayım, təsəlli verim?
Deyib: “Kişi kimi gəldim, kişi də gedim”,
Zirvəyə ucaldı o qəhrəmanım.

Yuxumun mənası indi bəllidir,
Atamın yurdunda bir şəhid varmış.
O öpüş — ucalıq, bir nişanəymiş,
Zöhrabın qisməti baş ucalığıymış.

Müəllif: D.Mirzə

D.MİRZƏNİN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top