PROFESSOR MÜSEYİB İLYASOV – 75

PROFESSOR MÜSEYİB İLYASOV – 75
XEYİRXAH İNSAN, TƏCRÜBƏLİ MÜƏLLİM, İSTEDADLI ALİM
Müseyib İbrahim oğlu İlyasov 1951-ci il fevralın 11-də Oğuldərə kəndində müəllim ailəsində anadan olub. Əslən Azərbaycanımızın dilbər guşəsi Laçın rayonundandır. Oğuldərə kənd məktəbində orta təhsil, Gəncə Dövlət Pedaqoji İnstitutunda – ali təhsil, Azərbaycan Dövlət Pedaqoji Universitetində doktorantura təhsili almışdır. Laçın rayonunun Oğuldərə kənd məktəbində müəllim, direktor müavini, Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim, kafedra müdiri işləmişdir. Pedaqogika elmləri doktoru, professor, əməkdar müəllimdir. Anadan olmasının 75 illiyi tamam olur.
Ötən əsrin yetmişinci illərində Bakının hündür məkanlarının birində, hazırda Şəhidlər xiyabanın qonşuluğunda, Dağüstü parka yaxın bir Çəmbərəkənd deyilən coğrafi ərazi, keçmiş yaşayış sahəsi, məhəllə vardı.
Köhnə Bakının yadigarı idi Çəmbərəkənd. İndi ondan əsər-əlamət qalmayıb. Yerində əvvəlcə “Moskva” mehmanxanası, sonradan elə həmin yerdə daha gözəl və möhtəşəm hotel kompleksi inşa edildi. Təbii ki, Çəmbərəkəndin bir hissəsində.
Çəmbərəkənddə evlər bir-birinin yanında və bir-birinin ayaq tərəfində (yuxarıdan aşağıya) sıralanırdı. Mən M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda (hazırda ADU) II kursda, ingilis-Azərbaycan dilləri müəllimi ixtisası üzrə təhsil alırdım. Çəmbərəkənddə Mirzə kişinin kiçicik evlərinin birində (ev demək mümkündürsə, əslində daxmasında) qalırdım. Qonşuluqda başqa institutda oxuyan tələbələr kirayənişin idilər.
Tələbəlik illəri idi. İndiki tələbəlik illərindən çox fərqli. Ali təhsili başa vuranda bilirdin ki, doğma rayonuna, yaxud hansısa başqa rayona təyinat alacaq, işə başlayacaqsan. İşlə təminat çox da problem yaratmırdı.
Qonşuluqdakı tələbələrlə rastlaşanda hal-əhval tutur, bu zaman təbii ki, bir-birimizə sual verirdik. Mən soruşanda “Necəsən?” Novruzdan cavab alırdım: “Sağ ol, zərər yoxdur”.
Əvvəllər təəccüb edərdim. Elə bilirdim elə deməklə zarafata salır. Sonra alışdım. Sən demə, bizim “Sağ ol, yaxşıyam” cavabımıza alternativ onların, yerlərinin cavabı imiş. Amma gözəl sözdür – “zərər yoxdur”. Yəni hər şey qaydasındadır.
Bu əhvalatı niyə nümunə gətirdim?
İndi insanlar sanki 30-50 il bundan əvvəlki insanlar deyil. Həmişə olduğu kimi, aramızda yaxşıları da var, yaxşı olmayanları da. Xeyirxahları da var, bədxahları da. Bu, təbiidir. Olmalıdır. Fəqət sayı artıb yaramazların. Yalaqların, yaltaqların, tor quranların, paxılların, mərdimazarların. Belərindən zərər görürsən.
Təbii ki, deyilənlər hər şəxsə aid deyil. Həyatda, ətrafımızda həm də elə şəxslər vardır ki, onlar ömründə kiminsə xətrinə dəyməyiblər, xeyirxahlığı, yaxşılığı özlərinə bayraq ediblər. Zərər vurmaq nədir, zərəri, ziyan vurmağı özlərinə yaxın buraxmayıblar.
Belə zərərsiz insanlardan biri də Müseyib müəllimdir. Pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim Müseyib İbrahim oğlu İlyasov. Dostumuz.
Bu xeyirxah dostumuzun bu il fevral ayının 11-də anadan olmasının 75 illiyi tamam olur.
Müseyib İbrahim oğlu İlyasov 1951-ci il fevralın 11-də Oğuldərə kəndində müəllim ailəsində anadan olub. Əslən Azərbaycanımızın dilbər guşəsi Laçın rayonundandır. Burada orta məktəbi bitirib, Gəncə Dövlət Pedaqoji İnstitutunda (hazırda GDU) ali təhsil aldıqdan sonra doğulub boya-başa çatdığı Oğuldərə kənd 8 illik məktəbində müəllim, daha sonra direktor müavini vəzifəsində çalışıb. Az müddətdə Laçında nümunəvi müəllim və bacarıqlı təhsil təşkilatçısı kimi tanınmış, iş təcrübəsi rayonda yayılmışdır.
M.İ. İlyasov kənd məktəbində vur-tut 6 il (1971-1977) işlədi. Pedaqoji elmlərə dərin marağı, dissertasiya müdafiə edərək elmi dərəcə almaq arzusu onu Bakıya gətirdi.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsil alan Müseyib müəllim “Kənd məktəblərarası tədris istehsalat kombinatlarında şagirdlərin peşəyönümünün pedaqoji əsasları” mövzusunda namizədlik dissertasiyası müdafiə etdi (1987, elmi rəhbəri professor Hüseyn Əhmədov).
O, hələ 1980-ci ildə, aspirantura təhsilini başa vuranda pedaqoji universitetdə Pedaqogika kafedrasının müəllimi təyin olunmuşdu. Sonralar kafedranın baş müəllim (1989) olmuş, dosent vəzifələrinə seçilmişdir (1991).
Respublika televiziyasında ayda bir dəfə efirə çıxan ”İstehsalatın əsasları. Peşə seçmə” adlı televiziya tədris proqramının aparıcısı olmuş (1984–1995-ci illər), peşəseçmənin əsasları ilə əlaqədar maraqlı, diqqətəlayiq və məzmunlu verilişlər aparmışdır.
Müseyib İlyasov 2011-ci ildə pedaqogika elmləri doktoru elmi dərəcəsi almaq üçün “Şagirdlərin peşə seçməyə hazırlanmasının pedaqoji əsasları” mövzusunda dissertasiya müdafiə etmişdir. Elmlər doktorudur. 2017-ci ildə professor elmi adını almışdır.
Pedaqogika elmləri doktoru, professor Müseyib İlyasov pedaqogika elmi sahəsi üzrə elmi kadrların yetişməsində yaxından iştirak edir. Onun elmi rəhbərliyi ilə bir çox doktorant və dissertant dissertasiya müdafiə etmişdir. M.İ. İlyasov eyni zamanda dissertasiya müdafiələri zamanı dəfələrlə rəsmi opponentlik etmişdir. ADPU-da fəaliyyət göstərən pedaqoji elmlər üzrə Dissertasiya Şurasının üzvü olmuş, bir müddət şuranın nəzdindəki elmi seminarın sədri vəzifəsini yerinə yetirmişdir.
Hazırda Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Filologiya və pedaqogika” ixtisasları üzrə Ekspert Şurasının üzvüdür.
Pedaqoji kadrların hazırlanmasında da fəallıq göstərir. Tələbələrə mühazirə oxuyur. Bir müddət ADPU-nun Məktəbəqədər təhsilin pedaqogikasının müdiri vəzifəsində çalışmışdır (2013-2025-ci illər). Hazırda universitetin Təhsil menecmenti kafedrasının professorudur.
Müseyib müəllimin tədqiqatları pedaqogika elminin bir sıra sahələrini özündə birləşdirir. Lakin daha çox təhsilalanların peşə seçməyə hazırlanması; müəllimlik peşəsi və müəllim hazırlığı problemləri üzrə tədqiqat aparırır.
Professor xeyli diqqətəlayiq əsərlərin müəllifidir. Onların bəzilərini diqqət mərkəzinə gətirək: “Şagirdlərin peşə seçməyə hazırlanmasının pedaqoji əsasları”, “Müəllim peşəkarlığı və pedaqoji səriştəliliyin müasir problemləri”, “Müasir təhsil: ənənədən innovasiyaya”, “Məktəbdə peşəyönümü işinin sistemi”, “Yuxarı sinif şagirdlərinin vətəndaşlıq tərbiyəsi”, “Peşəyönümün əsasları”, “Müəllimin pedaqoji ustalığı” “Peşə, sənət və ixtisas seçimi haqqında söhbətlər”, “Pedaqoji tədqiqatların metodları və metodologiyası”.
Müseyib müəllim qışın oğlan çağında dünyaya göz açıb. Xalq təqviminə görə, kiçik çillə hər il 31 yanvar – 1 fevral gecəsindən etibarən 20 fevraladək (20 gün) davam edir. Böyük çillədən (21 dekabr – 30 yanvar) sonra qədəmini qoyan bu dövr nisbətən kəskin soyuq və küləklərlə, sərt şaxtalarla, qarın ətrafı ağ örpəyə bürüməsi ilə səciyyələnir. Bahar fəslinə təbiətin yolu qışdan keçir. Müseyib müəllim 75 qışı, 75 baharı yola salıb. Arzumuz budur ki, daha 25 qışı və 25 baharı da arxada qoysun. Xoş əməllər, xeyirxahlıq, yaxşılıq carçısı ola-ola!
Pedaqogika elmləri doktoru, professor, əməkdar müəllim Müseyib İbrahim oğlu İlyasovu 75 illik yubileyi münasibətilə təbrik edirik!!!
pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


