VƏTƏNLƏŞƏN OĞULLARIN POEMASI

VƏTƏNLƏŞƏN OĞULLARIN POEMASI
Asya Əhmədovanın “Sən Vətənsən” poemasında real həyatla mifoloji tale yazısı sintezi
Dədələr “İgid ölər, adı qalar” deyiblər. Nədənsə Qarabağ üzərində Ermənistan-Azərbaycan savaşı başlanandan sonra elin dilində igidi şəhid əvəzlədi. Millət döyüşlərdə şücaət göstərib-göstərmədiyinə fərq qoymadan müharibədə həlak olmuş bütün oğullarına eyni qaydada yas saxladı. Bəlkə, bu da bir hikmətdəndir. Ruhaniyyətdə heç nə hikmətsiz deyildir. Onsuz da insan dərrakəsi şəhidlərini mərtəbəsinə görə uğurlamaqda tam ədalət sahibi deyildir.
Yaradan öz hümmətinə doğru yol göstərmək üçün zaman-zaman peyğəmbərlər göndərib. Peyğəmbərlər də özlərindən sonra savaba alqış şairləri göstərib. “Yaradan onlara da yaratmaq istedadı bəxş edib”, deyib. Əlbəttə, o şairləri ki, vətəndən, millətdən salnamə yazsın. O şairləri ki, torpaq uğrunda, din uğrunda, dil uğrunda canından keçmiş igidlərin adını əbədiləşdirsin. İgidin adı bədii əsərlərdə (dastanlarda, romanlarda, poemalarda) əbədiləşməzsə, sonrakı nəsillər onları necə tanıyar?
Ən azı buna görə şair Asya Əhmədovanı alqışlamaq, onun “Sən Vətənsən” poemasını təqdirəlayiq hesab etmək olar. Poema Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Noçuyev Surxay Əbdül oğlunun əziz xatirəsinə həsr olunub. Düzdür, Qəhrəman Surxay Noçuyev haqqında onlarla məqalə, oçerk, xatirə yazısı yazılıb. Yazıçı Azad Qaradərəli “Noçuyev taktikası” adlı hekayə yazıb. Yazıçı Ayaz İmranoğlu “Komutan” romanında Surxayın əbədi və ədəbi obrazını yaradıb. Lakin bunlarla yanaşı poemanın da xüsusi yeri, xüsusi çəkisi var. Romandan, hekayədən hər hansı bir bölməni nəql etmək olar. Poemadan isə hansısa parçanı əzbərdən söyləməklə həm qəhrəmanı yad etmiş olursan, həm də onu yad edənlərin ovqatını kökləyə bilərsən.
Asya Əhmədovanın “Sən Vətənsən” poeması cəmiyyət tərəfindən rəğbətlə qarşılandı. Hətta söz-qələm adamları yazılı mediada öz münasibətlərini də bildirdilər. Düzdür, şair poemanı dərhal çapa göndərməyib. Əhatəsində olan elm, ədəbiyyat mənsublarına oxudub, çap üçün yetərli olub-olmadığını öyrənmək üçün onların münasibətini soruşub. Həmin adamlardan bəziləri poema haqqında öz fikirlərini resenziya-rəy formasında yazaraq bildiriblər. Onlardan tarix elmləri doktoru Eynulla Mədətlinin, şair Ramiz Qusarçaylının, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun, filologiya elmləri doktoru Mərziyyə Nəcəfovanın qələm məhsullarını Asya Əhmədova poemanı kitab şəklində çap etdirəndə kitaba daxil edib.
Surxay Noçuyev əslən Zəngilan rayonunun Məmmədbəyli kəndindəndir. Rayonu uşaq yaşlarında erməni işğalı nəticəsində tərk edib. Asya Əhmədova da o kənddə doğulub boya-başa çatıb. Əlbəttə, Surxayın həyatını, döyüş yolunu, göstərdiyi şücaət və igidliklərini ilk olaraq onu tanıyanlar, yaxud, daha çox məlumat toplamaq imkanı olanlar qələmə alsalar, daha mükəmməl obraz yaranar, daha dolğun bir əsər üzə çıxar. Peyğəmbərin Yaradan tərəfdən ondan sonra şairlərə xüsusi lütf verildiyinin də hikməti, zənnimcə, elə bundadır.
Adətən, əsərlərdə proloq verilir, bu hissə, sanki məbədin giriş qapısıdır. Asya Əhmədova “Azərbaycan” deyə sözünə başlayır. Məhz, belə də olmalıdı. Qəhrəmanlıq salnaməsi elə-belə də başlamalıdı. Bu adın müqəddəsliyini damarlarımızda hiss etməsək, əzəmətini duymasaq, nə onun uğrunda canımızdan keçə, nə də mükəmməl əsərlər yarada bilərik.
“Hər daşında bir igidin tarixçəsi, Bayrağında şəhidlərin vüqarı var”, “Oğulların səngərlərdə qurd ürəkli, Qartal kimi dayandılar dağ başında” kimi beytlərlə Asya Əhmədova Vətənin əzəmətini vurğulayır, hər zaman igidlərin səngərdə müdafiədə durduqlarını qeyd edir, eyni zamanda dağ başında qartal kimi qorxmazcasına dayandıqlarını diqqətə çatdırır. Surxay da bu igidlərdən biridir. “Körpə idi, uşaq idi Surxayın da, Ürəyinə Vətən dərdi saplananda” deyə qəhrəman bu Vətəni uşaqlıqdan ürəyinə saplanan dərd olaraq gəzdirib, şəhadətə yüksələnə qədər yaşadıb və özü də bu boyda dərdlə bərabər Vətənləşib. Vətənləşmək isə yalnız əməllə sübut olunur. Dünyada ən müqəddəs hesab etdiyin şirin canı Vətən yolunda əsirgəmirsənsə, deməli, vətənləşirsən.
Bu məqamın poemada necə əks olunduğunu filologiya elmləri doktoru Mərziyyə Nəcəfova da “Vətənpərvərliyin poetik dərki” yazısında qeyd edib. “Asya Əhmədova Surxayın simasında Azərbaycanın bütövlüyü uğrunda canından keçib, Vətən olan oğulların şücaətini bütün tamlığı ilə ifadə edə, o oğulların döyüş boyu qəhrəmanlıqlarını misralara gətirə bilib. “Vətənçün canından, qanından keçib, Olur Vətən boyda Vətən oğullar!””
Asya Əhmədova bu, ilk irihəcmli poetik əsəri ilə Surxay Noçuyevin timsalında, sanki, min illər boyu başına müsibətlər gətirilmiş böyük bir millətin növbəti qərinəsinə nəzər salmışdır, bir salnamə yaratmışdır. Bu salnamədə bölmə-bölmə sinədağlayandan qələbə qüruru yaşadanadək bütün hadisələr öz axarı ilə nəzmə çəkilmişdir. Qarabağ üzərində qurulmuş savaş böyüyür. Qonşu rayonlar bir-birinin ardıca erməni qoşunları tərəfindən işğal olunur. Yurd-yuvasından didərgin salınmış millət vətən boyu pərən-pərən düşür. Doğma eli tərk etmək istəməyən bir el – Zəngilan mahalı öz igidləri sayəsində dirəniş göstərir, vuruşur və üçtərəfli mühasirəyə düşür, mərkəzlə bütün əlaqələr kəsilir. “Bir el addımlayır Araza sarı” bölməsində Asya Əhmədova qeyd edir:
Gələrmi hardansa kömək bir daha?
Salamat çıxarmı güman sabaha?
Ümidin bağlayıb göydə Allaha,
Bir el addımlayır Araza sarı.
Bilmirəm, müəllif o dövrü yaşayıbmı? Hər halda yaşamasaydı, bu cür təsirli təsvir edə bilməzdi. Üstündən bu qədər müddət keçsə belə zəngilanlılar o dövrü xatırlayanda üzüntüsüz, göz yaşı axıtmadan ötüşə bilmirlər. Bu, faktdır. Hərbçilər döyüşə-döyüşə geri çəkilirdilər. Meğri, Qafan, işğal olunmuş qonşu Qubadlı və Cəbrayıl rayonları tərəfdən ən azı 4-5 dəfə üstünlüyə malik erməni ordusu Zəngilan alayını Araz çayına – İranla sərhəddə tərəf sıxışdırıb geri çəkilməyə məcbur edirdi. Əhaliyə doğma yurd yerlərini tərk edib Araza üz tutmaqdan başqa çıxış yolu qalmamışdı.
Əlbəttə, müharibə əsəri tamam başqadır. Asya Əhmədovanın “Sən Vətənsən” poemasına da bütövlükdə müharibə əsəri kimi baxmaq düzgün deyil. Yuxarıda qeyd olunduğu kimi bu poema bir dövrün, bir qərinənin salnaməsidir. Müharibənin vurduğu yaralar isə poemada çox təsirli şəkildə ifadə olunub.
Köçkün həyatı, çadırların çətin şəraiti, mərhələlərlə yataqxanalara köçürülmə və bu çadır-yataqxanalarda Vətən adlı böyük bir dərdlə böyüyən, torpaqları erməni işğalından azad etmək fikrini bir an belə ağlından çıxartmayan uşaqların, yeniyetmələrin, oğulların ən qüvvətlisi Surxayın simasında cəmləşib. Ancaq arada “Atəşkəs” var, ölkə bu rejimdə yaşamağa, işğala hələ ki, dözməyə məcburdur.
Qəlbində nisgil yaşada-yaşada Surxay böyüyür. Dərsə gedir, yeni tanış olduğu, dostlaşdığı həmyaşıdları ilə müxtəlif oyunlar oynaya-oynaya püxtələşir. Heç vaxt yaddaşından çıxartmadığı, istəsə belə çıxarda bilmədiyi yol ilə – Vətəninin azad etmək üçün əməyini, canını belə əsirgəməyəcəyi yol ilə irəliləyir. Bu yol onu əbədiyyata aparır.
Müəllif Surxayı birdən-birə qəhrəman kimi təqdim etmir, ancaq misra-misra buna zəmin yaradır. Surxayın doğulub boya-başa çatdığı yurd yerlərini, təkcə barı, bəhəri, bərəkəti ilə seçilməyən, həm də bu yerin qidası ilə böyüyüb qüvvətli ərən olanlardan söz açır. Zəngilanı son damla qanınadək qoruyan bəzi igidlərdən, onların döyüş yolundan bəhs edir. Artıq dastana çevrilmiş yeddi polisi, son anadək səngərdən çıxmayan, çox qüvvətli düşmənə müqavimət göstərən yeddi polis döyüşçüsünü xatırladır. Surxay bunları məktəbdə müəllimlərdən, evdə doğmalarından eşidə-eşidə irəliləyir, lakin hələlik bir iş görə bilmir. Çünki “Atəşkəs” rejimidir, bir iş görmək üçün isə şərait yetişməlidir.
Bu ərəfədə Tovuz hadisələri baş verir. Asya Əhmədova bu hadisəni nəzərdən qaçırmır. 44 günlük Vətən Müharibəsinin, bəlkə də, başlama səbəbini elə bu hadisədə axtarır. Sözsüz ki, “Atəşkəs”ə məhəl qoymayan ermənilər tez-tez təxribat törədirdilər. Generalla bərabər on dörd rütbəli hərbçinin ölümü ilə nəticələnən Tovuz hadisələri bu təxribatların ən böyüyü idi. Asya xanım yazır:
General ölmüşdü, şəhid ruhuydu,
Ayağa qaldırıb xalqı, milləti.
Sıyrılıb yayından çıxan oxuydu,
Kimsə görməmişdi belə qeyrəti.
Bəli, o gün millət birləşmişdi, bütövləşmişdi, hamı küçələrə çıxmışdı, qisas tələb edirdi. Amma ölkə qanunlarla idarə olunur. Ali Baş Komandan səbrlə, təmkinlə gözləyirdi. O, bilirdi ki, ermənilər dinc durmayacaq, yenə təxribatlar törədəcək və torpaqlarımızı azad etmək üçün zəmin yaradacaq. Lakin son dəfə Beynəlxalq Təşkilatların bu təxribata da necə reaksiya verəcəyini gözləyirdi. Eyni zamanda son hazırlıq işləri görülürdü. Səfərbərlik və Hərbi Xidmətə Çağırış bölmələri tərəfindən könüllü şəkildə torpaqlarımızın erməni işğalından azad olunmasına qoşulanların siyahıyaalınması keçirilirdi. Əlbəttə, bir neçə gün ərzində bu siyahı on min nəfərin üzərindən o tərəfə keçmişdi. Ordu və digər qoşun növlərində döyüş təlimləri keçirilirdi.
Nəhayət, Beynəlxalq Təşkilatların susqunluğu və ermənilərin növbəti təxribatı Ali Baş Komandanı iradə nümayiş etdirməyə səslədi.
Sonda bir məsələni qeyd etməmək mümkünsüzdür. Poemada insan obrazları ilə yanaşı bir fəsil obrazı da var. Bu fəsil Payızdır. “Epiloq”da Asya Əhmədova yazır:
Bu dünyaya göz açsam da səndə, payız,
Dəyərini bilməmişəm,
Gələn yazı gözləmişəm,
Mən səni heç sevməmişəm.
Torpaqların son işğalı payızda oldu. İşğal tarixli fəsli necə sevmək olar? Amma güc, enerji təkcə sevgidən yaranmır, həm də qəm-kədərdən, nifrətdən yaranır. Azərbaycan bu işğalla barışmadı, yaşadı, böyüdü, kədərindən enerji aldı, güc aldı.
Asya Əhmədova qəhrəmanının həyatında Payızın xüsusi yer tutduğunu vurğulayır. Payızda dünyaya gəlir, Payızda ailə qurur, xoşbəxliyinə qovuşur, Payızda uzun müddət qəlbində bəslədiyi torpaqların azad olunması uğrunda savaşa atılır, Payızda ikinci övladının dünyaya gəlməsi xəbərini alıb sevinir, Payızda vuruşa-vuruşa Qarabağın tacı Şuşa şəhərinin azad olunmasında iştirak edir və… şəhadətə qovuşur. Bəlkə də bu, bir mistikadır, mifoloji tale yazısıdır.
“Mən səni sevdim, Payız,
Mən səni sevdim, Payız!”
Bütün bunlar poemada təfsilatı ilə təsvir olunub. Məncə, çox təsirli də təsvir olunub. Təhlil olunası çox mətləblər var. Lakin bir yazıda bunların hamısına münasibət bildirmək mümkünsüzdür və bu, sırf mütəxəssislərin öhdəsindədir.
Bütün bunlara rəğmən poema mükəmməl bir əsər kimi Azərbaycan ədəbiyyatına öz töhfəsini vermiş olur. Sözsüz ki, ədəbiyyatşünaslar tərəfindən dəyərləndirməlidir.
29.01.2026, Xırdalan şəhəri
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


