Weather Data Source: havadurumuuzun.com

Etiraz postu

SONUNCU DÖYÜŞ
(hekayə)
1994-cü ilin yazı idi. Birinci Qarabağ müharibəsi artıq taleyüklü mərhələyə qədəm qoymuşdu. Füzuli cəbhəsində hər gün yeni bir sınaq, hər saat yeni bir döyüş demək idi. Torpaq yorulmuşdu, səma isə barıt qoxusuna alışmışdı.
Boz çöllər uzanıb gedirdi. Sanki həyat bu torpaqlardan çəkilmişdi. Yalnız arabir eşidilən mühərrik səsləri və uzaqlardan gələn top atəşləri bu səssizliyin içində bir vahimə yaradırdı. Bu səssizliyin ortasında isə bir post vardı — “Etiraz” postu.
Bu ad təsadüfi deyildi.
Posta bu adı verən 23 mm-lik zenit qurğusunun komandiri — Ağdamın Yusifcanlı kəndindən olan çavuş Etiraz Mejdinov idi. Onun  özü də adı kimi idi — inadkar, dönməz, qətiyyətli.
Otuz yaşı vardı. Çoxdan tərxis olunmalı idi. Amma o, hər dəfə eyni sözləri deyirdi:
— “Adım Etirazdır!”
Bu söz onun həyatının andına çevrilmişdi.
Ağdam veriləndən sonra onu bir neçə dəfə ordudan tərxis etmək istəmişdilər. O isə geri çəkilməyi yox, irəli getməyi seçmişdi. Ən ağır nöqtəyə — Füzuli cəbhəsinə könüllü gəlmişdi.
Səhər yeni açılırdı. Hava sazaq idi. Çöllər yavaş-yavaş yaşıllaşsa da, bu yaşıllıq həyat yox, daha çox xatirə kimi görünürdü.
Etiraz əsgərlərini düzdü. Onlar cəmi altı nəfər idilər. Amma bu altı nəfərin ürəyi bir batalyon qədər idi.
— Uzaqlıq ölçəni yaxşı qoruyun, — dedi. — Hələlik ona ehtiyac yoxdur. Düşmən beş addımlığımızdadır.
Ən gənc əsgəri — rabitəçini çağırdı. Ona uzaqlıq ölçəni və məxfi sənədləri verdi.
— Bunları apar, gizlət. Yerini unutma. Heç vaxt düşmən əlinə keçməsin.
Sonra əsgərlərin gözlərinin içinə baxdı. O baxışlarda qorxu yox idi, yalnız qərarlılıq vardı.
— Hamımız burada ölə bilərik, — dedi sakit səslə. — Amma bir addım geri yoxdur.
Bir anlıq sükut çökdü.
— Adımız nədir? — deyə soruşdu.
Hamısı bir ağızdan cavab verdi:
— ETİRAZ!
Birdən səma yarıldı. Mərmilər başlarının üzərindən vıyıldayaraq keçdi.
Etiraz dərhal əmr verdi:
— Rabitəçi! Qaç! Qərargaha de: biz sona qədər döyüşəcəyik. Amma kömək lazımdır!
Əsgər qaçdı.
Etiraz zenit qurğusunun arxasına keçdi. Ayağını atəş pedalının üstünə qoydu və komanda verdi:
— “Heyət, Döyüşə!”
Zenit qurğusu sanki canlandı. Əsgərlərin “ördəkvuran” adlandırdığı silah gurultu ilə atəş açmağa başladı.
Səma titrəyirdi.
Qarşıdan üç ədəd BMD* irəliləyirdi. Onlar tank kimi görünürdü, amma Etiraz onları yaxşı tanıyırdı.
— Qorxmayın! — qışqırdı. — Onlar düşündüyünüz kimi möhkəm və qorxulu deyil!
Birinci BMD atəş zonasına düşən kimi alova büründü.
İkincisi də çox keçmədi ki, sıradan çıxdı.
Amma üçüncüsü dayanmadı.
O, irəliləyirdi.
İnadla.
Sanki ölümə meydan oxuyurdu.
Döyüş şiddətləndi.
Doldurucular yaralandı.
Tuşlayıcı şəhid oldu.
Sürücü də yerindəcə can verdi.
Zenit qurğusunun ətrafı qan içində idi.
Etiraz özü də neçə yerdən yaralandığını hiss etmirdi artıq. Bədəni ağırlaşmışdı. Amma ayağı hələ də pedalın üstündə idi.
Qurğuda mərmi azalırdı.
Son gücünü topladı.
Qarşıdakı BMD artıq 10-15 addımlıqda idi.
Etiraz lüləni düz onun üstünə yönəltdi.
— Etiraz… — deyə pıçıldadı.
Sonra bütün gücü ilə pedalı basdı.
Atəş başladı.
Dünya o anda yalnız səsdən ibarət idi.
Birdən hər şey dayandı.
BMD yerində dondu.
Sonra tüstülənərək hərəkətsiz qaldı.
Sükut geri qayıtdı.
Boz çöllər yenidən susdu.
Kömək çatanda artıq hər şey bitmişdi.
Uzaqlıq ölçən və sənədlər sağ-salamat idi.
Post sona qədər dayanmışdı.
Düşmən geri çəkilmişdi.
Qərargahdan gələnlərin arasında bir türk zabiti də vardı — minbaşı Levent bəy.
O, zenit qurğusuna yaxınlaşdı.
Etirazın bədəninə baxdı.
Ayaqları hələ də atəş pedalına sıxılmışdı.
Barmaqları donmuşdu.
Sanki hələ də döyüşürdü.
Levent bəy başını aşağı saldı.
Göz yaşları yanağından süzüldü.
— İşte Türk əsgəri böylə olur… — dedi titrək səslə.
— Bir ölür, min diriliriz…
Yüngül yaralı əsgər döyüşü danışanda səsi əsirdi.
Amma gözlərində qürur vardı.
Çünki o gün altı nəfər bir cəbhəni saxlamışdı.
Çünki o gün bir ad tarixə yazılmışdı:
ETİRAZ.
Bəzən torpaq susur.
Amma o sükutun altında qəhrəmanların səsi yatır.
Füzulinin boz çölləri o gündən sonra daha heç vaxt əvvəlki kimi olmadı.
Çünki o torpaq bir əsgərin son nəfəsini, son gücünü və son döyüşünü yadda saxladı.
Bu, sadəcə bir döyüş deyildi.
Bu, bir xalqın geri çəkilməmək andı idi.
Bu, bir adın taleyə çevrildiyi an idi.
Bu, “Sonuncu döyüş” idi.
8.03. – 16.03.2026.
Ağcabədi, Ağdam, Bakı.

*BMD –  (БМД – Боевая Машина Десантная  — Desantın Döyüş Maşını – DDM) – БМД -1,  БМД-2 və БМД-3 olmaqla modifikasiyaları mövcuddur. Ermənistan Respublikasının Silahlı Qüvvələrində 5 ədəd БМД-1 olduğu ehtimal olunur ki, onların 5-i də Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazisində istifadə olunub.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top