SƏDRƏDDİN MÜƏLLİM, 65-İN MÜBARƏK!

Səmimi dostluq – insanı həyata bağlayan ən gözəl hiss
SƏDRƏDDİN MÜƏLLİM, 65-İN MÜBARƏK!
Hamımız yaxşı bilirik ki, insan ömrü xatirələrlə zəngindir. İnstitut illəri də ömrümüzün ən şirin anlarıdır. İnsanın yaşadığı anlar yaddan çıxsa da, bəzi həqiqətlər yaddaşa möhür vurur. İnstitut illəri kimi. Biz o illəri xoş duyğu kimi dadırıq. Çünki ömrümüzün ən titrək, ən kövrək çağları məhz həmin illərə təsadüf edir. Hərənin taleyində bir səhifə açılır o illərdən sonra…
Dostlar da ulduzlar kimidir, onları hər zaman görə bilməzsən, amma bilirsən ki, onlar həmişə sənin yanındadırlar və səni düşünürlər…
Əziz Sədrəddin müəllim! Bu gün məni görə bilməsən də, bil ki, mən səninləyəm… Sənin kimi dostum olduğu üçün özümü çox xoşbəxt hiss edirəm. Qoy bütün pisliklər həyatınızdan uzaq olsun! Yaxşı dostsan! Ad günün – 65 illik yubileyin mübarək, qardaş! Özünüzü tənha hiss etdiyiniz zaman, sizi düşünən və ürəyində sizin üçün yer ayıran bir dostunuz olduğunu unutmayın.
Həyat dediyin bu qısa səfərdə çox insan tanıyırsan, amma dost dediyin adamlar barmaqla sayılır. Sən barmaqla göstəriləsi dostsan. Sənə həyatda qarşılaşacağın çətinliklərdə həmişə qalib olmağını və yeni yaşda ümidini itirməməyi arzulayıram. Sağlam, xoşbəxt və dinc günlər həmişə səninlə olsun.
Sədrəddin müəllim, sən də bilirsən, əsl dostluğun olmadığı həyat səhnələri notsuz, ya da notu pozulmuş musiqi kimidir. Qulaq asmağa cəhd edərsən, ancaq bir şey anlamazsan. Mən çox şadam ki, sənin kimi dostum, qardaşım olub və bu gün də var, aramızdakı o dostluq-qardaşlıq nə xoş ki, bu gün də davam edir.
Çətin günlərimdə həmişə yanımda oldun, dəstəyini gördüm. Allah da daim səninlə olsun!
Məsafə əsl dostluğa mane ola bilməz. Bu xoşbəxt gündə sənin yanında ola biləcəm, ya yox, onu dəqiq deyə bilmirəm, ancaq əmin ol ki, hər zaman qəlbimdəsən. Doğum günün mübarək, əziz qardaşım. Sağlamlıq, müvəffəqiyyət, sevgi, xoşbəxtlik, bir sözlə, layiq olduğun hər şey yeni yaşında sənə yoldaşlıq etsin. Həyatın sürətlə getdiyinə üzülməyək.
Deyirlər, ən yaxşı illər tez keçən illərdir. Səninlə tanış olduğumuz 1983- cü ili xatırlayanda həmin gün dünən kimi görünür. Hər saniyəsini yaxşı xatırladığım o anlarda dərdlərimi bölüşdüyün üçün sənə təşəkkür edirəm.
365 günü səbrsizliklə gözləyirəm, əminəm ki, aramızdakı əsl dostluq bağları daha da artacaq, yaxşı gündə də, pis gündə də yenidən birlikdə olacağıq. 65 yaş, yubiley təbrikləri ilə qarşındayam.

Yaşa dolduqca doğum günlərini bir çox insan sevmir. Çünki qocaldığının fərqinə varır. Lakin hər yaşın öz gözəlliyi var. Bunu unutmamalıyıq. 65 yaş da bu qəlibə daxildir. Özünü daim cavan, gümrah və xoşbəxt hiss etsən, heç bir yaş səni qocalda bilməz.
Bir xatirə köçüdü institut illəri,
İllər bizi dost edir, sonra uzaq oluruq.
Eh, o illər çox şirin, çox acıdı bəlkə də,
Biz ömür qatarında qəmə tuzaq oluruq.
Gör, nə qədər il ötüb o işıqlı həyatdan,
Yenə xatirələrdə imisti izlər qalıb.
Hərəmizin qəlbində bircə yığın xatirə,
Sabaha şövqlə baxan qıyqacı gözlər qalıb.
İnstitut dostlarımızı harda görsək, bir anlıq
Susuruq, bizdən qabaq gözlər dinir eləcə.
Düz beş il çiynimizdə yük olan şirin çağlar
Gah parıltılı olur, gah da sönür eləcə.
Tələbə olmaq necə xoşbəxt olmaqdır düzü,
O illər xatirətək hey düşdükcə eh, yada.
Bir xatirə köçüdü əziz institut illəri,
Beş il sakin oluruq o sehirli «adada».

Əziz qardaşımı – Biləsuvar şəhəri Xanlar Qafarov adına İsmətli kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, gözəl insan, səmimi dost, qaygıkeş və təcrübəli pedaqoq, gənc nəslin təlim-tərbiyəsində xüsusi xidmətləri olan tələbə yoldaşım Sədrəddin Əhməd oğlu Əliyevi 65 illik yubileyi münasibətilə təbrik etmək mənim üçün bir şərəfdir.
Sənə möhkəm can sağlığı arzulayıram, unudulmaz dost!
Dərin hörmətlə,
Hüseyn İsaoğlu,
tələbə yoldaşın
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


