Weather Data Source: havadurumuuzun.com

Təranə Dəmirin yeni şeirləri

****

Bir də o sabahlar geri dönərmi,
Bir də açılarmı səhər eləcə?
Bir də yağış-yağış sığallanarmı,
Bir də sevilərmi şəhər eləcə?

Üzündən,gözündən nur tökülərmi,
Günəş üzümüzə gülərmi görən?
O dəli sevdalar,dolu sevdalae
Bir də başımıza gələrmi görən?

Bir də qayıdarmı o bəxtəvərlik,
Xəyallar quş olub uçarmı bir də?
Sevənlər dənizlə pıçıldaşarmı,
Könlünü sulara açarmı bir də?

İpək saçlarımız küləyə dönüb
Gələnə,gedənə naz eləyərmi?
Küskün qəlbimizi ovutmaq üçün
Bir sığal təbəssüm bəs eləyərmi?

Dincini alarmı yorğun küçələr,
Bir də sevinərmi daşlar,divarlar.
Təzədən baharı müjdələyərmi
Bu payız adamlar,bu qış adamlar?

Bir də o sabahlar geri dönərmi,
Bir açılarmı səhər eləcə?
Bir də yağış-yağış sığallanarmı,
Bir də sevilərmi şəhər eləcə?

****

Yenə töküb qaş-qabağın,
Qaramat yağır üzündən.
Göy geyib,qara bağlayıb,
Hava nə çıxıb özündən.

Dilindən də baş aşmırıq,
Bir dərdini bilək bunun?
Əlimizdən nə gəlir ki,
Yağış bunun,külək bunun.

Küçələr,yollar üşüyür,
Dərə,təpə,dağ darıxır.
Dəniz ləpə-ləpə küsüb,
Ağaclar yarpaq ağlayır.

Hərarəti bir dadımlıq,
Günəşi də bir aldanış.
Baxışından buz tökülür
Nə yaman sərt gəlib bu qış.

****

Medal -medal oynayırıq haçandı,
Sinəmizdə dingildəyir medallar.
Gündə yüz yol əyilirik,qalxırıq,
Əyildikcə cingildəyir medallar.

Sürünürük dərə belə,dağ belə,
Medal-medal yolumuzu azırıq.
Həqiqətin nəfəsini kəsirlər,
Biz də durub medal-medal susuruq.

Güc tapmırıq keçib gedək bu səddi,
Bizi qoymur göz açmağa medallar.
Medal-medal aldadırlar adamı,
Başımızı medal-medal qatırlar.

Alqış-alqış qıfıllanır dilimiz,
Medal-medal əriyirik beləcə.
Kökümüzə balta çalır medallar,
Medal-medal çürüyürük beləcə.

Medal-medal yayılırıq kürsüyə,
Sən bizdəki azara bax,azara.
Alan da biz,satan biz,İlahi,
Medal-medal bazara bax,bazara.

Medal-medal oynayırıq haçandı,
Sinəmizdə dingildəyir medallar.
Medal-medal əyilirik,qalxırıq,
Əyildikcə cingildəyir medallar.

****

Bir Adəm çıxmadı,Allah
Bu qədər adam içindən.
Dünyanı hərraca qoyan,
Bu alan,satan içindən.

Hərə bir hədyan danışdı,
Sən yatdın,şeytan çalışdı,
Toz qopdu,aləm qarışdı,
Töküldü bu dam,içindən.

İynəyə,sapa gəlmədik,
Bizdən Biz yapa bilmədik,
Bir həyat tapa bilmədik
Bu qanın,qadan içindən.

Səbrimizə hörükləndik,
Yerdən -yerə sürükləndik,
Yavaş-yavaş çilikləndik,
Qırıldı bu cam içindən.

Bir Adəm çıxmadı,Allah,
Bu qədər adam içindən.
Dünyanı hərraca qoyan,
Bu alan,satan içindən.

****

Ha döyünür,ürək dilə çatanmır,
Günlər aya,aylar ilə çatanmır,
Min ildi ki,Günəş yerə çatanmır,
“Ulduz”ların parıldayan vaxtıdı.

Ümid köhnə,nağıl təzə,söz təzə,
Sevgi təzə,baxış təzə,biz təzə,
Qulaq batır,hamı verib səs-səsə,
Qarğalaraın qarıldayan vaxtıdı.

Yola gəlmir düz yolunu azanlar,
Qanun pozur qanunları yazanlar,
Yaman artıb dost quyusun qazanlar,
Yalanların guruıdayan vaxtıdı.

Ömrə-günə balta çalır borc,xərac,
Basabasdı,qovhaqovdu,qaçaqaç,
Meşələrin aslanları acdı,ac,
Tülkülərin nərildəyən vaxtıdı.

****

Həmişə qaçdım özümdən,
Qaçdıqca yolum uzandı.
Əlimi səmaya açdım,
Açdıqca qolum uzandı.

Günahdan günaha batdım,
Batdıqca batdım günaha.
Özümə gücüm çatmadı,
Çatdıqca çatdım günaha.

Aldandım Ol yiyəsinə,
Öldüm,ölümdən qayıtdım.
Ocaq çatdım ürəyimdə,
Yandım,külümdən qayıtdım.

Heç kimə deyə bilmədim,
İçimdə sözüm qaraldı.
Baxdım ömrümün dalınca,
Baxdıqca gözüm qaraldı.

Hər şey özümdə başladı,
Tükəndim,bitdim özümdə.
Əlim heç nəyə yatmadı,
Əl atdım,tutdum özümdən.

****

Dekabr,
Şəhər küçə-küçə,
Ağaclar külək-külək üşüyür.
Mən də üşüyürəm,
Saçlarım dən-dən,
Əllərim çiçək-çiçək üşüyür.
Bir”Salam” kəlməsinə qaçır baxışlarım,
Gülümsəyirəm–
İnsanlara,ağaclara,quşlara,küləyə,yağışa.
Bir ilıq təbəssümdə gizlədirəm kədərimi doğrusu,
Otuz il əvvəlki kimidi,
Məni uzaqdan vurur dənizin qoxusu.
İstəyirəm tələsəm,
Ayaqqabılarımın səsi başıma düşür,
O da ayaqlarım kimi yorulub deyəsən.
Birdən kimsə adımı çağırır,
Düşürəm bu səsin sehrinə,
Ürəyim uçunur adıma sarı.
Dönüb bir fəsil geri qayıdıram üstündə yeridiyim zamanı,
Hardayam?
Hardadı?
Hanı?
Bir oğlan bir qızın saçlarını baxışlarıyla sığallayır,
Qız nazlanır,
O nazlandıqca mənim bir sığallıq təbəssümə tamarzı yanaqlarım islanır.
Çatlaq dodaqlarım göz yaşını başına çəkir,
Nəfəsi üstünə gəlir dodaqlarımın.
Sonra təzədən qayıdıram bu saata,bu yerə,bu günə,
Sakitcə keçib gedirəm yanlarından yağış-yağış,
Gözüm qıza sataşır
“Bu qız mənə oxşamır axı”
Sahil boyu göyərçinlər didib dağıdır torpağı,
Onlar dən,mənsə xatirə axtarıram.
Dekabr,
Səni bu gün də addım-addım arxada qoyuram-
Dizimdə yel,gözümdə eynək,çiynimdə dopdolu aldanış.
İstəyirəm dənizə daş atım,
Ürəyim sözümə baxmır.
Mən səndə doğuldum,mən səndə böyüdüm,
mən səndə sevdim,mən səndə aldandım,
Bağışla məni,dekabr!

****

Böyük dərddi ümidini
Kəsəsən qanın çıxmaya.
Alışasan diri-diri,
Öləsən,canın çıxmaya.

Danışmağa qoymayalar,
Susasan,səbrin darala.
Özünə qəbir qazasan,
Girəsən,qəbrin darala.

Bir balaca yuvan ola,
Çalın,çəpərin olmaya.
Yatasan fil qulağında,
Filin xəbəri olmaya.

Qollarından asılasan,
Ayağın yerdən üzülə.
Qaçasan ruhuna sarı,
Qaçasan,ipin kəsilə.

Başına daşın tökülə,
Qalasan daşın altında.
Bir yalan başın üstündə,
Bir yalan başın altında.

****

Balım,şəkərim dedilər,
Noğullar aldatdı bizi.
Göydən üç alma düşmədi,
Nağıllar aldatdı bizi.

Düşdük fələyin dalınca,
Suyun,çörəyin dalınca,
Ac qaldıq,çapdıq qılınca,
Cığırlar aldatdı bizi.

Dərədən,təpədən keçdik,
Dənizdən,ləpədən keçdik,
Neçə cür zirvədən keçdik,
Çuxurlar aldatdı bizi.

Yalanlara arxalandıq,
Bar verdikcə uralandıq,
Medal-medal qaralandıq,
Uğurlar aldatdı bizi.

Ürək qaldı,gözə qaçdıq,
Sükut qaldı,səsə qaçdıq,
Sevgidən həvəsə qaçdıq,
Sığallar aldatdı bizi.

****

Bir yuxudan asılmışam,qorxulu,
Çin-şeytanlı,əjdahalı,oğrulu,
Burda hər yan qaranlıqda boğulur,
Bu yuxunun günü yoxdu,İlahi.

Çalışıram,yönün tapa bilmirəm,
Dolaşıram,önün tapa bilmirəm,
Axtarıram,hanı,tapa bilmirəm,
Bu yuxunun çəmi yoxdu,İlahi.

Bir yol gedir əyri-üyrü,dolanbac,
Sınıq-salxaq,uçuq-sökük,yalavac,
Bu yuxunun xəyalları acdı,ac,
Bu yuxunun dəni yoxdu,İlahi.

Vurnuxuram bu qorxunun içində,
Bu iblisin,bu oğrunun içində,
Kim çıxacaq bu yuxunun içindən?
Bu yuxunun sonu yoxdu,İlahi.

****

Bu çəkdiyim nədi belə,
Çəkdikcə yolum uzanır.
Üstümə qaranlıq çökür,
Çökdükcə yolum uzanır.

Gücüm çatmır ki,yükümə,
Həm özümə,həm yükümə,
İllərin belin bükürəm,
Büktükcə yolum uzanır.

Başımdan xəzan tökülür,
Dilimdən üsyan tökülür,
Nə yazıram qan tökülür,
Tökdükcə yolum uzanır.

Çöldə payız havasıdı,
Yarpaq,xəzəl davasıdı,
Ürəyim quş yuvasıdı,
Səkdikcə yolum uzanır.

Müəllif: Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top