Vətən və vətəndaş sevgisinin təcəssümü

SƏKSƏNİNCİ YAZI
Vətən və vətəndaş sevgisinin təcəssümü
Elman Eldaroğlu – 60
Salam olsun çox dəyərli oxucum! Bugünkü söhbətimizin mövzusu çox mühüm və vacibdir.
3 yanvar 1966-cı il – bu gün yalnız Sumqayıt (Yardımlı) üçün deyil, bütün Azərbaycan mətbuatı və ədəbiyyatı üçün əlamətdar bir gündür. Elman müəllim özü qeyd etdiyinə görə yanvarın 11-də anadan olmuşdur. Ancaq rəsmi qeydiyyat 3 – yanvarı göstərir. Azərbaycan jurnalistikası, publisistikası və ədəbiyyatı üçün dəyərli şəxsiyyət, jurnalist, naşir və şair-publisist Elman Eldar oğlu Mustafayev (Əmioğlu), geniş ictimaiyyət tərəfindən Elman Eldaroğlu kimi tanınan şəxs – əmioğlum, 60 illik yubileyini qeyd edir. İdarəetmək, münasibət bildirmək üçün dünyaya gəlib Elman Eldaroğlu.
Elman Eldaroğlu 1966-cı ildə Sumqayıt şəhərində dünyaya göz açıb. Təhsil həyatına 9 saylı orta məktəbdə başlayan gənc Elman 1976-cı ildən 17 saylı məktəbdə davam edərək, 1981-ci ildə 8 illik təhsilini başa vurub. Elman Eldaroğlu üçün jurnalistika sadəcə peşə deyil, həyat yolunun bir hissəsi olmuşdur. Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı illərdə o, paralel olaraq “Sosialist Sumqayıtı” qəzetinin ştatdankənar müxbiri kimi fəaliyyət göstərmiş və jurnalistikanın incəliklərinə yiyələnmişdir.
1985-1987-ci illərdə Sovet qoşunlarında, 1995-1998-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş Elman Eldaroğlu vətənpərvərlik nümunəsi göstərmiş, vətənə bağlılıq və məsuliyyət hissini həyatının hər mərhələsində öz fəaliyyətində əks etdirmişdir.
Elman Eldaroğlu təkcə jurnalist kimi deyil, həm də publisist və şair kimi geniş yaradıcılıq diapazonuna malikdir. Onun əsərləri arasında “Alın yazısı”, “Bir yarpaq ömrü”, “Bir elin övladları”, “Ömrün Yardımlı döngəsi” kimi publisistik və ədəbi kitablar xüsusi yer tutur. Bundan əlavə, 20-dən çox maarifləndirici kitabçanın müəllifidir ki, bu da onun ictimai maarifçilik və mədəniyyət sahəsindəki əvəzsiz xidmətini göstərir.
Elman Eldaroğlu yalnız yazıçı deyil, həm də sənədli film quruluşçusu və təşkilatçısıdır. 19 noyabr vertolyot qəzasında həlak olmuş Vəli Məmmədov haqqında çəkilən “Millətin Vəlisi”, kimyaçı alim Nərçə Bəhmən oğlu Ağayev haqqında “Odlu həyat”, tanınmış el ağsaqqalı Baxas Qubadov haqqında isə “Söz və əməl sahibi” sənədli filmlərinin quruluşçu rejissoru olaraq ictimai yaddaşın formalaşmasına böyük töhfə vermişdir.
Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Elman Eldaroğlu, Prezident təqaüdçüsü kimi də qiymətləndirilmişdir. O, həm ölkə içində, həm də xaricdə jurnalistika və ədəbiyyat sahəsində Azərbaycan adını layiqincə təmsil etmişdir. 2015-2020-ci illərdə ABŞ-ın Miçiqan ştatında yaşaması və orada fəaliyyət göstərməsi onun beynəlxalq perspektivə malik düşüncəsini və yaradıcılıq imkanlarını daha da genişləndirmişdir.
Elman Eldaroğlu həm də Yardımlı Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biridir. “Yardımlının səsi” müstəqil qəzetinin təsisçisi və baş redaktoru kimi, o, həm öz bölgəsinin, həm də ölkənin sosial problemlərinə işıq tutmuşdur. Bu fəaliyyət onun yalnız jurnalist, yazıçı və publisist kimi deyil, həm də ictimai xadim kimi də böyük nüfuz qazandığını göstərir.
Elman Eldaroğlunun həyat yolu və yaradıcılığı göstərir ki, söz yalnız kağız üzərində qalmır – söz həm də əməl, həm də tarix olur. O, jurnalistika və ədəbiyyat sahəsində, ictimai fəaliyyətində və maarifçilik təşəbbüslərində hər zaman millətin xeyrinə, tarixə və mədəniyyətə xidmət etmişdir. Onun əsərləri gənc nəsillərə örnək, həmkarlarına isə ilham qaynağıdır. Bütün bu çoxsahəli fəaliyyətilə yanaşı Elman müəllim qələm dostlarını, ziyalıları, mədəniyyət xadimlərini hər zaman diqqətdə saxlayır. Onları izləyir, hamısını yaxşıca tanıyır. Tanınmayanları təqdim edir, tanınmışlara münasibət bildirir. Bir sözlə Elman Eldaroğlu sözün əsl mənasında Azərbaycan ədəbiyyatını, mədəniyyətini, jurnalistikasını birləşdirən zəncirinin ən əsas, ən möhkəm həlqələrindən biridir.
60 illik yubileyində, Elman Eldaroğlu həm Azərbaycanın mətbuat və ədəbiyyat tarixində, həm də ictimai həyatında öz izini qoymuş bir şəxsiyyət kimi əlaqədar qurumlar və qələm dostları tərəfindən təbrik edilir. Onun zəhməti, yaradıcılığı və sadiqliyi hər bir oxucu və izləyici üçün böyük dəyər daşıyır.
60 illik ömrü və fəaliyyətinin hər bir səhifəsi, Azərbaycan jurnalistikası və ədəbiyyatı üçün bir işıqdır, bir nümunədir. Bu yubiley, yalnız keçmişi xatırlamaq deyil, həm də gələcəyə inam ifadə etmək, gənclərə nümunə və yol göstərmək günüdür.
Yazarlar cameəsi adından dəyərli dostumuz, əzizimiz, silahdaşımız, qələmdaşımız – əmioğlu – Elman Eldaroğlunu doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Allah ikimizə də ömür versin, 80 illik yubileyiniz münasibətilə də yazmaq qismət olsun!
Çox dəyərli oxucum sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm! Hələlik!
Müəllif: Zaur USTAC
AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


