Weather Data Source: havadurumuuzun.com

Vətənə Adanan Ömür, Tarixə Yazılan Ad — Polad Həşimov

Vətənə Adanan Ömür, Tarixə Yazılan Ad — Polad Həşimov

Bu gün Azərbaycan xalqının qəlbində əbədiyaşar zirvəyə ucalmış, Vətən sevgisini həyatının mənasına çevirən, şərəfli ömür yolunu şəhidlik məqamı ilə tamamlayan Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad İsrayıl oğlu Həşimovun doğum günüdür.
2 yanvar 1975-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Vəndam kəndində dünyaya göz açan Polad Həşimov uşaq yaşlarından vətənpərvərlik ruhu, haqq-ədalət duyğusu, məsuliyyət və cəsarət hissi ilə seçilirdi. Onun həyat yolu təsadüfi deyil, məqsədli və şüurlu bir xidmət yoluydu — Vətənə xidmət yolu.
Birinci Qarabağ müharibəsində qazandığı döyüş təcrübəsi, Aprel döyüşlərində göstərdiyi rəşadət və sarsılmaz iradə onu sadəcə peşəkar hərbçi deyil, əsgərin ürəyində komandir, xalqın gözündə qəhrəman etdi. Polad Həşimov hər zaman ön cəbhədə, əsgərinin yanında, təhlükənin mərkəzində olmağı seçirdi. O, rütbəsini kabinetlərdə deyil, səngərlərdə, atəş altında, Vətən torpağının hər qarışı uğrunda mübarizədə qazanmışdı.
2017–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının 3-cü Ordu Korpusunun komandir müavini – qərargah rəisi vəzifəsində çalışarkən də onun əsas prinsipi dəyişmədi: xalq üçün yaşamaq, Vətən üçün ölməkdən çəkinməmək.
14 iyul 2020-ci il… Tovuz istiqamətində gedən ağır döyüşlər zamanı general Polad Həşimov silahdaşları ilə birlikdə şəhidlik zirvəsinə ucaldı. Bu xəbər təkcə bir hərbçinin itkisi deyildi — bu, bir millətin qəlbinə toxunan, xalqı ayağa qaldıran, milli birliyi gücləndirən tarixi hadisə idi. Onun şəhadəti Azərbaycan gəncliyində vətən sevgisini daha da alovlandırdı, milli ruhu oyatdı və Zəfərə aparan yolun mənəvi təməlini möhkəmləndirdi.
Polad Həşimov adını tarixə qızıl hərflərlə yazdıran, həyatı ilə dərs verən, ölümü ilə milləti birləşdirən nadir şəxsiyyətlərdəndir. O, bu gün də səngərlərdə əsgərin duasında, anaların dilində, gənclərin qürurunda yaşayır. Çünki şəhidlər ölmür, Vətən yaşadıqca yaşayırlar.
Doğum günündə böyük ehtiramla xatırlayırıq: Ruhun şad olsun, general! Sənin yolun — şərəf yoludur. Sənin adın — Azərbaycanın qürurudur.
Allah rəhmət eləsin, ruhu şad olsun!

Böyük hörmətlə,
Pərvanə Salmanqızı

Top