Həqiqət Şamilli – Yeni ildə

YENİ İLDƏ
Xoş arzular, diləklər,
Bu ildə çiçək açsın.
Hər evə, hər ailəyə,
Rəbbim nurunu saçsın.
Açsın səhər günəşi,
Hər ürəkdə doğulsun.
Sevgi dolu duyğular,
Könüllərə yayılsın.
Təzə ildə hər kəsin,
Çin olsun arzuları.
Uğurla gəlsin bu il,
Doğrulsun xəyalları.
Vətən torpaqlarına,
Şəhid gəlməsin daha.
Xoşbəxt olsun övladlar,
Dua edək Allaha.
Oğul balalarımız,
Otursun bəy taxtında.
Hər kəs öz sevdiyinə,
Qismət olsun vaxtında.
Ceyrantəki qızlara,
Qismət olsun vağzalı.
Valideynlər şükr etsun,
Olsun ağzı dualı.
Nənələr nəvələrə,
Desin şirin nağıllar.
Nağıllarda tanınsın,
Cəsur, qoçaq oğullar.
Yeni il ölkəmizə,
Gətirsin bolluq ruzi.
Ürəkdən sevindirsin ,
Yaradan hər birimizi.
Hər bir kəs xeyir tapsın,
Açılsın düyünləri.
Sevinc, şadlıq içində,
Başa çatsın günləri.
Xəstəlik, azar-bezar,
Uzaq dursun evlərdən.
Qeyd edək xoş günləri,
Dəstə tutaq güllərdən.
Ocaqlarda qazanlar,
Xoş ətirlə qaynasın.
Könüllərdə duyğular,
Həvəs ilə çağlasın.
Analar körpələri,
Nəvazişlə oxşasın.
Göyərçinlər səmada,
Sevinclə qanad çalsın.
Bir də doğma yurdumuz,
Görməsin müharibə.
Toy-düyün xonçaları,
Qismət olsun hər evə.
Gəlinlərin, qızların,
Xınalansın əlləri.
Sevgi duyğusu ilə,
Şadlansın könülləri.
Yeni ildə qəm, kədər,
Könüllərdən silinsin.
İnsanların sevgisi,
Üzlərində görünsün.
Paxıllıq, xudpəsənlik,
Yox olsun birdəfəlik.
Sevgi dolsun qəlblərə,
Xoş olsun həmişəlik.
Çətinliyin, acının,
Qoy tapılsın çarəsi.
Ürəklərdə yer tutsun,
Mən xoşbəxtəm kəlməsi.
Yeni ildə hər bir kəs,
İstədiyinə çatsın.
Gecələri yataqda,
Vicdanı rahat yatsın.
Yeni ildə ay dostlar,
Kimsə qəlbə dəyməsin.
Adamlar inciməsin,
Qamətini əyməsin.
Sevinək yeni ildə,
Açılsın ürəyimiz.
Sağlam olsun canımız,
Xoş olsun hər ilimiz!
Müəllif: Həqiqət ŞAMİLLİ
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


