Weather Data Source: havadurumuuzun.com

“Həməşəra” Mətbu Orqanı – 10 il

“Həməşəra” Mətbu Orqanı – 10 il
(Bir mətbu orqanın təqdimatı və 10 illik hesabatı)
“Həməşəra”: Müasir və doğma Cəlilabadın qədim adıdır. Bu ad əslində “Ən böyük şəhər” mənasını yetirən və zaman ötdükcə fonetik baxımdan dəyişikliyə uğramış “Əbərşəhr” sözünün təhrif olunmuş formasıdır.
Bu il özünün 10 illik yubileyini qeyd edən “Həməşəra” müstəqil elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanı da məhz həmin tarixi və qədim adı daşıyır. Mətbu orqan Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 19.03.2020 tarixində № 4297 ilə qeydiyyata alınmışdır.

Yaranma tarixi:
“Həməşəra”: müstəqil elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanı 01.10.2015 tarixində Bakı şəhərində təsis edilmişdir. Mətbu orqanın ilk təsis mərhələsi “Facebook” sosial şəbəkəsi üzərində həyata keçmiş və internet üzərindən fəaliyyətə başlamışdır. Lakin 2020-ci ilin ikinci yarısından (2020, iyul) etibarən rüblik mətbu orqanı olaraq məhdud tirajda nəşr edilməyə başlamışdır.

Adın dəyişdirməsi:
“Həməşəra” mətbu orqan 01.10.2015 tarixindən etibarən 08.10.2021 tarixinə kimi “Cəlilabad” olsa da, 08.10.2021 tarixindən bu günədək “Həməşəra” adı ilə fəaliyyət göstərir.

Mətbu orqanın devizi:
“Həməşəra” mətbu orqanının ilk əvvəldən istifadə etdiyi deviz (şüar) “Dəyərliləri dəyərləndirmək borcumuz və fəxarətimizdir!” cümləsindən ibarət olmuşdur. Kağız formatında çap olunan mətbu orqanın devizi isə belədir: “Hər bir millətin süqutu öz keçmiş tarixini unudarkən başlayır!”

Hədəf:
“Həməşəra” mətbu orqanının əsas hədəfi çoxşaxəli və genişdir. Belə ki, bu mətbu orqan Odlar Yurdu Azərbaycan Respublikasının ayrılmaz parçası olan Muğan elləri və xüsusilə də onun ən böyük şəhəri və mərkəzi olmuş qədim Həməşəra (müasir Cəlilabad)-la bağlı aşağıda sadalanan mövzuların araşdırılması və təbliğini öz üzərinə götürmüşdür:

  • Tarix;
  • Mədəniyyət;
  • İncəsənət;
  • Folklor;
  • Etnoqrafiya;
  • Toponimlər;
  • Müxtəlif (siyasət, mədəniyyət, incəsənət, tarix, idman, ədəbiyyat və s.) sahələrə aid olan dəyərli insanların təqdimatı…

Yayımlanan statusların sayı:
“Həməşəra” mətbu orqanının Facebook sosial şəbəkəsi üzərində fəaliyyət göstərən səhifəsində 01.10.2025-ci ildən etibarən bu günədək 3500-dən çox təbiət, tarix, mədəniyyət, incəsənət, ədəbiyyat, kitabşünaslıq, təqdimat və s. kimi müxtəlif kateqoriyalar üzrə statuslar hazırlanaraq paylaşılmışdır. Paylaşılmış statuslar isə ümumi baxımdan aşağıdakı formatda olmuşdur:

  1. Fotoşəkil və yazılı statuslar – 95%
  2. Video statuslar – 4%
  3. Digər (faydalı internet linkləri və s.) statuslar – 1%.

Bəyənənlər və izləyicilər:
“Həməşəra” mətbu orqanının rəsmi FB səhifəsi bu günədək 4930 nəfər tərəfindən bəyənilmiş və izlənilməkdədir. Lakin paylaşılan statuslar minimum 500, maksimum 53.000 nəfər tərəfindən izlənilir.

Səhifənin izlənildiyi ölkələr:
“Həməşəra” mətbu orqanının rəsmi FB səhifəsi əsasən Azərbaycan Respublikasının ərazisindən, bundan əlavə digər ölkələrin ərazisindən izlənilir. Bunu ümumi olaraq aşağıdakı kimi göstərmək olar:

  1. Azərbaycan Respublikasının ərazisindən – 95%
  2. Digər ölkələrin ərazisindən – 5%.
    Burada digər ölkələr dedikdə, əsasən Rusiya, qardaş Türkiyə, Almaniya, Albaniya, ABŞ, Kanada, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və s. ölkələr nəzərdə tutulur.
    Səhifənin izləyiciləri cinsiyyət baxımından 85% bəylərdən, 15% isə xanımlardan ibarətdir. Yaş qrupu isə 18-68 arası göstərilir.

Problemlər:
Digər bütün sahələrdə olduğu kimi “Həməşəra” mətbu orqanının da təsis edildiyi ilk gündən indiyədək müxtəlif problemləri olmuş, bir sıra çətinliklərlə qarşılaşmışdır. Burada onlardan bir neçəsini sadalamaq olar:

  1. Uzun illər boyu internet probleminin olması;
  2. Ayrı-ayrı qərəzli və paxıl şəxslər tərəfindən heç bir sübut təqdim etmədən və əsassız olaraq plagiatda ittiham edilmək;
  3. Min bir əzab-əziyyətlə araşdırıb yazdığım və status formasında ərsəyə gətirdiyim müxtəlif materialların dəfələrlə ayrı-ayrı media qurumları və şəxslər tərəfindən plagiat edilməsi;
  4. Sifarişlə işləmək, görülən işlər qarşısında pul almaq, yaltaqlıq, məddahlıq və s. bu kimi ittihamlara qarşılaşmaq;
  5. Dəyərləndirmə mədəniyyətinin formalaşmadığından görülən işlərin ayrı mənada anlaşılması…

Uğurlar:
“Həməşəra” mətbu orqanının təsis edildiyi gündən bu günədək bir sıra mühüm uğurlara imza atılmışdır. Onların daha önəmli olanlarını aşağıdakı kimi sadalamaq olar:

  1. Cəlilabad və onun qədim və tarixi adı olan Həməşəra adının ölkə və beynəlxalq səviyyədə şöhrətlənməsi və tanıdılması;
  2. Doğma yurdumuzun dəyərli simalarının tanıtdırılması və təbliğ edilməsi, əslində isə cəmiyyət üçün gözəl örnəklərin göstərilməsi və dəyərlərin təbliğ edilərək yaşadılması;
  3. Dəyərləndirmə mədəniyyətinin formalaşmasına dəstək verilməsi;
  4. Mətbu orqan nəzdində “Həməşəra” Fəxri Diplomunun təsis edilməsi və indiyədək doğma Cəlilabaddan başqa Bakı, Lənkəran və Yardımlıdan olan, eyni halda müxtəlif sahələrdə uğurları və xidməti olan 50-ə yaxın dəyərli insana təqdim edilməsi.
  5. Mətbu orqan nəzdində ədəbiyyat sahəsində “Nizami Gəncəvi” Fəxri Diplomunun təsis edilməsi və indiyədək Cəlilabad ədəbi mühitindən olan 6 tanınmış qələm əhlinə təqdim edilməsi;
  6. Aşağıda adları sadalanan kitab, monoqrafiya və təqdimat əsərlərinin ərsəyə gəlməsi və işıq üzü görməsi:
  • “Yurudmun tarixi”;
  • “Muğan tarixi”;
  • “Həməşəra tarixi”;
  • “Astraxanbazar tarixi”;
  • “Cəlilabad tarixi”;
  • “Muğan Xalçaçılıq Məktəbi”;
  • “Muğan mətbəxi”;
  • “Muğan tarixçiləri”;
  • “Küp qəbirləri mədəniyyəti”;
  • “Muğan diyarının tarixi abidələri”;
  • “Muğan mədəniyyətində dörd simvolun sirri”;
  • “Maddi-mədəniyyət nümunələrində svastika simvolu”;
  • “Novruz bayramı barədə araşdırma”;
  • “Kamillik zirvəsinin fatehi” (Hacı Paşa Rüstəmovun təqdimat);
  • “Müdrik insan” (Cahangir Muradovun təqdimatı);
  • “Cəlilabad Güləş Məktəbi”;
  • “Qələm tutan incə əllər (Cəlilabad ədəbi mühitinin xanım yazarları barədə ərsəyə gəlmiş və nəşr olunmuş ilk təqdimat əsəri);
  • “Şəhla Rəvan zirvəsi” (Şəhla Rəvanın təqdimatı)…
    Bundan əlavə, indiyədək Muğan ellərinin tarixi və mədəniyyətinə aid olan aşağıdakı xəritələr də hazırlanmışdır:
  1. “Qədim Muğan şəhərlərinin xəritəsi” – 2020;
  2. “Muğan zonasının müasir rayonları” – 2022;
  3. “Küp qəbirləri xəritəsi” (Azərbaycan Respublikası ərazisində tapılmış küp qəbirlərinin xəritəsi) – 2022;
  4. “İran ərazisində yerləşən Muğan zonasının müasir rayonları” – 2022;
  5. “Qədim Muğan diyarı və onun şəhərlərinin xəritəsi” – 2025;
  6. “Həməşəra şəhərinin xəritəsi” (Qədim Həməşəra şəhərinin kordinatları) – 2025…
    Sonda “Həməşəra” mətbu orqanı çərçivəsində qədim diyarımızın tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı və milli-mənəvi dəyərlərimizə davamlı, daha geniş və faydalı xidmətlərin həyata keçirilməsini arzulayır, bu sahədə bizə dəstək olan bütün səmimi və dəyərli insanlara öz səmimi təşəkkürümü bildirirəm!

 

22.12.2025

İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, yazıçı-publisist

İLQAR İSMAYILZADƏNİN YAZILARI

ŞƏHLA RƏVANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top