Weather Data Source: havadurumuuzun.com

Xalq artisti Şahmar Ələkbərovun doğum günündə məzarı ziyarət olunub

Avqustun 23-də görkəmli kinoaktyor və rejissor, Xalq artisti Şahmar Ələkbərovun (1943-1992) anadan olmasının 80-ci ildönümü tamam olur.

Zefernews.az xəbər verir ki,

Bu münasibətilə II Fəxri xiyabanda sənətkarın məzarı ziyarət olundu. Mədəniyyət Nazirliyinin nümayəndələri, kino xadimləri və ailə üzvləri sənətkarın məzarı üstünə güllər düzüb xatirəsini yad etdilər.

Sənət dostları görkəmli aktyorla bağlı xatirələrini bölüşüblər. Şahmar Ələkbərovun aktyor və rejissor kimi Azərbaycan kinosunda qoyduğu izdən söz açdılar.

Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxışında dedi: “Hər dəfə də Şahmar Ələkbərovun xatirəsinin işığına yüzlərlə insan yığışır. Bu onu göstərir ki, əsl sənətkar həm də əbədiyaşardır. Şahmar fitri istedadı sayəsində ekran əsərlərimizə yeniliklər gətirib, kinoda böyük ustalıqla müxtəlif xarakterli obrazlar yaradıb. Onun çəkildiyi filmlər Azərbaycan kinematoqrafiyasının ən qiymətli nümunələrindəndir. O özündən sonra böyük bir kino irsi qoyub. Azərbaycan Televiziyasının “Qızıl fond”unda onun səsi ilə qorunub saxlanılan zəngin bir irs var”.

Xalq artisti, kinorejissor Oqtay Mirqasımov Şahmar Ələkbərovun şəxsiyyət kimi mənəvi zənginliyindən danışdı: “Gənclik illərində bir-birimizi istedad deyilən məfhumla dəyərləndirirdiksə, bu gün yaş artdıqca dostlarımızı mənəvi tərəfdən daha çox qiymətləndirməyə çalışırıq. Şahmar özünü çox uğurlu, istedadlı aktyor və rejissor kimi göstərdi. Bununla yanaşı, onun mənəvi dünyasının zənginliyi birinci sırada dayanırdı”.

Xalq artistləri Rafiq Əzimov, Vaqif Mustafayev, Əbdül Mahmudov, Həmidə Ömərova, Xalidə Quliyeva, Əməkdar incəsənət xadimi, operator Kənan Məmmədov, Əməkdar artist Loğman Kərimov Şahmar Ələkbərovla bağlı xatirələrini bölüşdülər. Çıxışlarda onun aktyorun ömür və sənət yolunun maraqlı səhifələri vərəqləndi. Qeyd olundu ki, dürüst və səmimi insan olan Şahmar Ələkbərov aktyor və rejissor kimi hər zaman işinə məsuliyyətlə yanaşıb. Cəmi 49 il yaşayan sənətkar bu qısa ömürdə yaratdığı obrazlarla, lentə aldığı filmlərlə adını kino tariximizə əbədi yazıb. Azərbaycan kinosu parlaq istedadlı bir sənətkarını vaxtsız itirsə də, o, yaratdığı obrazlarda əbədi yaşayacaq.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov unudulmaz sənətkarın milli kinematoqrafiya tariximizdə qoyduğu zəngin irsin bu sahədə fəaliyyət göstərən gənclər üçün bir örnək olduğunu diqqətə çatdırdı: “Bu gün sənət dostları, Şahmar sənətini sevənlər onun işığına yığışıb, ehtiramla yad edirlər. Bu anım sənətə və sənətkara, eyni zamanda kino salnaməmizə hörmət və ehtiramın nümunəsidir. Kino sənətində tarixə çevrilən insanlar heç zaman unudulmurlar, Şahmar Ələkbərov da belə unudulmaz şəxsiyyətlərdən biridir”.
Anım mərasiminin sonunda sənətkarın həyat yoldaşı Kamilla Ələkbərova Şahmar Ələkbərovun xatirəsinə göstərilən ehtirama görə Mədəniyyət Nazirliyinə, Dövlət Film Fonduna və kino ictimaiyyətinə təşəkkürünü bildirdi.

Qeyd edək ki, Şahmar Ələkbərov ilk dəfə kinorejissor Kamil Rüstəmbəyovun 1967-ci ildə lentə aldığı “Dağlarda döyüş” filmindəki Fərrux obrazı ilə kinoda ilk uğurlu addımlarını atıb. O daha sonra “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Həyat bizi sınayır”, “Skripkanın sərgüzəşti”, “Qatır Məmməd”, “Arxadan vurulan zərbə” – ümumilikdə otuza yaxın filmdə irili-xırdalı rolları ifa edib. Aktyor bir çox ekran əsərinin dublyajında da iştirak edib, bənzərsiz səsi ilə məşhur kino qəhrəmanlarını tamaşaçılara sevdirib. Rejissorluq sahəsində də özünü sınayan Şahmar Ələkbərov ilk olaraq rejissor Gülbəniz Əzimzadə ilə birgə Anarın “Şəhərin yay günləri” pyesi əsasında “İmtahan” bədii televiziya filminə quruluş verib. O, sonra müstəqil olaraq “Sahilsiz gecə” bədii televiziya və “Qəzəlxan” bədii filmlərini çəkib, “Yük” bədii filminin ssenarisini yazıb. Milli kino salnaməmizə dərin iz qoyan sənətkar 1992-ci ilin 12 avqust tarixində, 49 yaşında dünyasını dəyişib.

Top