Weather Data Source: havadurumuuzun.com

XALQ ÜÇÜN YAŞANAN ÖMÜR

XALQ ÜÇÜN YAŞANAN ÖMÜR

Tarix yalnız keçmişin səssiz xatirələri deyil. Tarix – yaddaşı gələcəyə daşıyan bir körpü, milli kimliyimizi var edən bir irsdir. Bu irsi yaşadan, onu zamanın sərt küləklərinə meydan oxuda-oxuda qoruyan insanlar isə millətin ən böyük sərvətidir. Məhz belə dəyərli şəxslərdən biri də Azərbaycan xeyriyyəçilik tarixinin qızıl səhifələrinə adını həkk etmiş görkəmli şəxsiyyət Ağa Musa Nağıyevdir.
Bu gün isə onun adını yaşadan, 85 illik ömrünün 35 ilini babasının irsinin tədqiqinə, araşdırılmasına,gələcək nəsllərə çatdırılmasına sərf etmiş Dilarə Nağıyevanın fədakarlığı nəticəsində bu irs yenidən xalqımıza qayıdır.
Biz,“Zəfər Yolu” İB-nin kollektivi Dilarə xanımın dəvətilə“Zamanı Aşan İrs” adlı sənədli filmin təqdimatında iştirak etdik və milli irsimizin haqq etdiyi kimi ucaldılmasının şahidi olduq.
Ağa Musa Nağıyev xeyriyyçiliyi və ictimai fəaliyyətilə, sözün əsl mənasında – xalq üçün ömrünü şam kimi əridib.
Filmin təqdimatının Ağa Musa Nağıyevin tikililərindən olan Milli Elmlər Akademiyasında və “LUKOYL Azərbaycan” neft şirkətində keçirilməsi – özü tariximizə olan dəyərimizi təsdiqləyir.
Azərbaycan tarixi boyunca işıqlı şəxsiyyətlər yetişdirib. Onlar var-dövlətini xalqın yoluna sərmiş, millətin təhsilinə, elm və mədəniyyətini inkişafına sərf etmişlər.
Bakı şəhərinin simvoluna çevrilmiş bir çox mədəni və sosial tikililər – xəstəxanalar, məktəblər, xeyriyyə ocaqları Ağa Musa Nağıyevin xeyirxahlığı ilə ucalmışdır. Onun adı: Xalqına olan sevgi ilə; Təhsilə, elmə verdiyi əhəmiyyətlə; Kasıblara göstərdiyi qayğı ilə tarixin yaddaşına silinməz izlərlə yazılmışdır.
Dilarə Nağıyevanın –əvəzsiz missiyası:
-Bir insanın öz babasının irsini yaşatması nə qədər müqəddəsdirsə, onu gələcək nəsillərə elmi sənədlərlə çatdırması bir o qədər böyük mənəvi məsuliyyətdir:
-35 illik araşdırma; Yüzlərlə arxiv sənədləri; Xalqla paylaşılmış yüzlərlə faktlar; 7 sənədli film və 10 kitab – Bu yol bir ömrün xidmətidir.
Dilarə xanım öz nəcib missiyası ilə həm babasının adını, həm də Azərbaycan xeyriyyəçilik ənənəsini yenidən dirçəldir, ölkəmizin tarixi irs xəzinəsinə misilsiz töhfə verir.
“Zamani Aşılavan İrs” – keçmişdən gələcəyə işıq. Təqdimatı keçirilən sənədli film:
-Ağa Musa Nağıyevin həyat yolunu; Xalq üçün etdiyi misilsiz xidmətləri; Neft sənayesinin və Bakı mədəniyyətinin inkişafındakı rolunu; Nağıyev soyadının tarixə düşən dəyərini – faktlarla və dərin araşdırmalarla təqdim edir.
Bu film gələcək nəsllərin milli-mənəvi kimliyinin güclənməsi istiqamətində mühüm maarifçilik əsəridir, desək, səhv etmərik.
İrsə sahib çıxmaq – Vətənə sədaqətdir
Mədəni irsini qoruyan millət heç zaman məhv olmaz. Çünki tarixini yaşadan xalq öz gələcəyini qurur.
Biz – “Zəfər Yolu” ailəsi olaraq belə dəyərli tədbirdə iştirak etməkdən böyük qürur duyuruq. Dilarə Nağıyavanın yorulmaz zəhməti, milli tariximizə sevgisi hər zaman yüksək dəyərləndirilməlidir.
Bu sənədli film təkcə Nağıyev irsinin deyil, Azərbaycanın milli yaddaşının bir parçasıdır.

Son söz olaraq əlavə etmək olar ki, Ağa Musa Nağıyevin adı yaşayırsa,deməli Azərbaycan xeyriyyəçilik ruhu yaşayır.
Dilarə Nağıyevanın əməyi davam edirsə, deməli milli irsimiz zamana meydan oxuyur.
Pərvanə Salmanqızı
“Zəfər Yolu” İctimai Birliyinin sədri
Bakı. oktyabr 2025.

Top