Arzu Kazımqızı Nehrəmli – 55

Arzu Kazımqızı Nehrəmli – 55
Arzu Kazım qızı Vəliyeva 27 oktyabr 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının (o vaxtlar Naxçıvan MSSR adlanırdı – X) Babək rayonunun Nehrəm kəndində qulluqçu ailəsində anadan olub. Nehrəm kənd orta məktəbini əla qiymətlərlə bitirib. Bakalavr, magistratura və doktorantura təhsilini Bakı Dövlət Universitetində (BDU) alıb.
Uşaq yaşlarından idmanla məşğul olur. Naxçıvan Muxtar Respublikasının qadınlardan ibarət yığma basketbol və yüngül atletika komandalarının, eləcə də BDU-nun basketbol komandasının heyətində oynayıb. İdman karyerası ərzində dörd dəfə Azərbaycan çempionu olub.
Arzu Kazımqızı Nehrəmlinin fərdi taleyi milli dövlətçilik tariximizin bir parçası kimi əlamətdardır. Onun həyat yoldaşı hərbi təyyarəçi, baş leytenant Yusif Yaqub oğlu Vəliyev 1992-ci ildə vətənimizin azadlığı və bütövlüyü uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub. Övladı Zübeydə Vəliyeva hüquqşünasdır.
İlk yazıları orta məktəbdə oxuduğu illərdə nəşr edilib. Müntəzəm olaraq respublika, eləcə də Türkiyə mətbuatında müxtəlif janrlı yazılarla çıxış edir. Dörd şeir kitabının müəllifidir. “Əbədi sevgi” adlı ilk kitabı 1997-ci ildə nəşr olunub və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb, kitab haqqında mətbuatda görkəmli elm adamlarının müsbət rəyləri çap edilib.
2001-ci ildə “Tənha qu nəğməsi”, 2017-ci ildə “Unutmağı öyrənirəm” və 2024-cü ildə “Bir gecəlik yuxu”şeirlər kitablarını nəşr etdirib.
Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr etdiyi “Vətən sevdalı qəhrəman” lirik poeması oxuculara 2024-cü ildə təqdim olunub.
“Yaddaşımda yaşatdıqlarım” publisistik məqalələr toplusundan ibarət növbəti kitabı da 2024-cü ildə çapdan çıxıb.
Tarix elmləri üzrə fəlsəfə doktorudur. 2000-ci ildən Azərbaycan Yazıçılar, 2015-ci ildən isə Azərbaycan Jurnalistlər Birliklərinin üzvüdür.
Arzu Kazımqızı Nehrəmlinin bədii yaradıcılığının bir hissəsini nəsr əsərləri – hekayələr təşkil edir. Bu yazıların əksəriyyəti qafiyələrdən, misralardan, bəndlərdən azad edilmiş şeir kimi oxunur. Ədəbiyyat sahəsində xidmətlərinə görə Azərbaycan Yazıçılar Birliyinin ilə Mədəniyyət və Turizm Naziriliyinin təqdimatı əsasında bir illik Prezident təqaüdünə (2018-ci il) layiq görülüb. Kitab mədəniyyəti tariximizdən bəhs edən tədqiqatı çərçivəsində bir monoqrafiya (2008), 30-dək elmi və publisistik məqalə nəşr etdirib. Türkiyə, Rusiya və Qazaxıstanda elmi konfranslarda iştirak edib.
Arzu Kazımqızı Nehrəmlinin yüzə yaxın şeirinə musiqi bəstələnib. “Naxçıvan marşı”nın və “Türk dünyası marşı”nın sözlərinin müəllifidir. Sözlərinə yazılmış mahnıları Xalq artisti mərhum Baba Mahmudoğlu, Şəmistan Əlizamanlı, Təranə Əlixanlı, türk müğənnisi Tuncay Yalın kimi müğənnilər ifa ediblər. Tuncay Yalının oxuduğu “Bu da bir son” (musiqisi Hüseyn Sözlünündür) mahnısına Türkiyədə klip çəkilib. 2017-ci ildə Arzu Nehrəmlinin sözlərinə yazılmış mahnılardan ibarət disk nəşr edilib. Ümumilikdə mahnılarından ibarət dörd musiqi albomu işıq üzü görüb.
Arzu Kazımqızı Nehrəmlini yubiley yaşının tamam olması münasibətilə təbrik edir, ona can sağlığı, uzun və faydalı ömür, yaradıcılığında bol-bol uğurlar arzulayırıq.
“Xəzan” və “Yazarlar” ədəbi-bədii jurnallarının redaksiya heyəti
27.10.2025, Bakı şəhəri


