Weather Data Source: havadurumuuzun.com

MƏTANƏTİN QƏLB PIÇILTILARI

MƏTANƏTİN QƏLB PIÇILTILARI

Mətanətlə orta məktəbdə paralel sinifdə oxumuşuq. Mən “A” sinfində, o isə “B” sinfində oxuyurdu. Atası İmaməli dayı anamın əmisi, ögey nənəsi Gülgəz nənə isə qağamın bibisi idi. 1990-cı ildə məzun olduq. Hərəmizin yolu bir yana düşdü. O mənim ana babamın yaxın dostu Abuzər kişinin gəlini oldu. Həyat yoldaşı Əbülfət ilə uşaqlıqdan münasibətlərimiz çox yaxşı idi. Daim əlaqlərimiz vardı. Sonralar ara-sıra da olsa Bakıda görüşər, söhbətləşər, dərdləşərdik. O bilirdi ki, mən mətbuatla sıx əlaqədəyəm. 15 ilin söhbəti olar. Bir gün Əbülfət mənə bir dəftər verdi və dedi:
– Burada həyat yoldaşım, sənin qohumun Mətanətin 10–15 şeiri var. Oxuyub baxarsan, xoşun gələn şeir olsa çapa verərsən.
Düzü indi dəqiq o şeirləri xatırlamasam da, oxuyub kitab şkafıma qoyduğum yadımdadır.
2024-cü ildə sinif yoldaşlarımızın votsap qrupunu yaratdıq. Əslində qrup 2020-ci ildən vardı. Amma qrupda yalnız oğlanlar idi. Bir gün kənddə Mahnurla Hacı Rövşən məktəbdə söhbət əsnasında qrup yaratmaqdan və hamılıqla birlikdə görüş günü keçirməyimizin vacibliyindən danışıblar. Bu haqda Hacı Rövşən mənə bildirdikdə qrupun varlığını, elə o qrupa qızların da əlavə edilməsini məsləhət bildim. Beləliklə, “A” və “B” sinif yoldaşlarımız oğlanlı-qızlı bir qrupda cəm olub söhbətləşməyə, ötən 35 ildə nələrin olduğunu, kimlərin nə işlə məşğul olmağından, övladlarımızdan, özümüzdən söhbətlər etməyə başladıq. Onu da deyim ki, həmin günlərdə Sonyadan da qrupun yaranması təklifi ilə bağlı mesaj almışdım.
Votsap qrupumuzda mən hərdən apardığım araşdırmalardan, yazdığım məqalələrdən, müxtəlif şairlərin şeirlərindən paylaşımlar edirdim. Bir gün sinif yoldaşımız, həm də orta məktəbdə “sinifkom”umuz olan Tünzalə bacı Mətanətin də çox həzin, qəlblərə toxunan, insanı duyğulandıran şeirlərinin olduğunu qrupda söylədi. Onda Əbülfətin illər öncə mənə Mətanətin şeir yazdığını deməsini, o şeirlərdən bir neçəsini mənə də verdiyini xatırladım və bu haqda “Məzun – 1990” adlı qrupumuzda fikir söylədim. Beləliklə, uşaqlar hamısı Mətanətin şeirlərini dinləməyə başladılar. Xüsusən, Mətanət bu haldan utanır, şeirlərini paylaşmaq istəyən uşaqlara qardaşı qızı Əfsanənin dəstəyi ilə Yutubda yaratdığı “Gizli dünyam” adlı kanalında olan şeirlərini dinləməyi məsləhət bilirdi. Bir vaxt sonra Mətanət votsap qrupumuz haqqında da şeir yazıb bizlərlə bölüşdü. Deyim ki, Mətanətin şeirləri bütün sinif yoldaşlarının könlünü oxşayır, hamı sevə-sevə onun şeirlərini dinləyir, fikir bildirirlər. Eyni zamanda bütün uşaqlar onun qələm məhsullarının mütləq kitab halında çap olunmasını, hətta maddi və mənəvi kömək edəcəklərini də dilə gətirdilər.
1 iyun 2025-ci ildə çox möhtəşəm “Məzun – 35” adlı görüşümüz oxuduğumuz orta məktəbdə baş tutdu. Mətanət o görüşümüzə də şeir həsr etdi. Ondan keçən müddətdə mənim də o kitabın çap olunmasına dəstək olacağımı, əlimdən gələni edəcəyimi Mətanətə bildirib uşaqların istəyini nəzərə almasını xahiş etdim. Beləliklə, əlinizdə olan bu kitab işıq üzü gördü. Kitabın cildindəki əsərin rəssamı Mətanətin qardaşı Əli Hüseynovdur. Həmin rəsm əsəri deyərdim ki, Mətanətin özünü, duyğularını tam mənasıyla ehtiva edə bilir.
Hörmətli oxucular. Mətanət şairlik iddiasında deyil. O ürəyindən keçənləri, rastlaşdığı hadisələri, xoş günlərini, kimlərinsə kədərli anlarını, duyğularını sözə çevirir, nəzmə çəkir. Həssas insanlar ürəklərini hər hansı yolla boşaltmasa rahatlıq tapa bilmirlər. Mətanət də qəlbinin pıçıltılarını ağ vərəqlərə köçürür, rahatlıq tapır, könlünü dincəldir. Onun şeirlərinin mövzusu çoxşaxəlidir. Vətən, dünya, həyat, övlad, nəvə, valideyn və başqa mövzularda yazdıqları oxucu könlünü oxşayır, onları ovuda bilir.
İnanıram ki, sinif yoldaşlarının təkidi və həyat yoldaşı Əbülfət Həşimovun dəstəyi ilə çap olunan “Gizli dünyam” adlı bu kitab digər oxucuların da könlünü oxşayacaq, onları xəyallar aləminə qərq edəcək. Mətanət bacıma yaradıcılığında uğurlar, həyatında isə ona cansağlığı arzulayıram.

Araz Yaquboğlu,
tədqiqatçı-jurnalist,
Azərbaycan Jurnalistlər Birliyinin və
Azərbaycan Aşıqlar Birliyinin üzvü

Top