Weather Data Source: havadurumuuzun.com

Vətən sərhədlərini “qoruyan” kitab

Vətən sərhədlərini “qoruyan” kitab

Xüsusi istedadlar sırasından olan yazıçılıq, şairlik təkcə ilahi sevgi deyil. Bunu ilahi sevginin üstünə atmaq natamamlıq hesab olunar. Yazıçılıq həm də qeyri-adi səviyyədə yüksək təxəyyülün, təfəkkürün, elmi və bədii biliklərə sahib olmağın, ecazkar zövqün, dərin müşahidələr aparmağın nəticəsidir. Bir də arzu və istəkdən doğan məqsədinə çatmaq yolundakı iradi gücdən ibarətdir.

Yazıçı cəmiyyətə adi vaxtda deyə, çatdıra bilmədiyi fikirlərini bədii əsərlərində ifadə etməyə çalışır. Yazıçı publisistik yazılarında cəmiyyətin problemlərini işıqlandırmaqla dövlət idarəçiliyinə məsul şəxslərin nəzərinə çatdırırsa, bədii əsərlərində bu problemlərdən çıxış yollarını, böyüş zövqlə gözəl yaşayış və hərəkət təsvirlərini yaradır. Eyni zamanda cəmiyyətin özünə tərbiyəvi təsir göstərmiş olur. Yazıçı Əli bəy Azərinin əsərləri ilə tanışlıqdan sonra bir daha bu qənaətdə yanılmadığıma əmin oldum.

Əli bəy Azərinin “Sərhədçi zabitin etirafı” kitabını oxudum. Povest və hekayələrdən ibarət kitab başdan-başa Azərbaycan sərhədçilərinin həyatından, onların gündəlik xidmətdə rastlaşdıqları ənənəvi çətinliklərdən, yerləşdikləri əraziyə uyğun olaraq üzləşdikləri təbiət hadisələrindən bəhs edir. Bu, yazıçının Azərbaycanın müxtəlif bölgələrdə yerləşdiyi sərhəd zolağını yaxşı tanımasının və sərhədçi həyatına yaxından bələd olmasının göstəricisidir. Əsərlərlə tanışlıqdan sonra adamda belə bir təsəvvür yaranır ki, yazıçı ömrünün bir hissəsini Azərbaycanın sərhədlərində xidmətdə keçirib. Yoxsa bu qədər yaxından tanışlıq onda haradan qaynaqlanır? Məncə, vətən sevgisinin və coğrafi biliklərin təsiri də özünü göstərməmiş deyildir.

Kitabda yazıçının hekayə adlandırdığı (mənə elə gəlir ki, bu onun təvazökarlığının göstəricisidir) əslində, onların hər biri ayrı-ayrılıqda povestdir, ən azından povest yüklü əsərlərdir. Mən onları ona görə povest adlandırmaq istəyirəm ki, onlar həm janr baxımından, həm də hadisələrin çoxluğuna, personajların sayına görə povestin tələblərinə cavab verən əsərlərdir.

Kitaba daxil edilmiş əsərlərin bədii mahiyyətini qeyd etməzdən əvvəl, məncə, yazıçının məharətinə nəzər salmaq daha düzgün olardı. Müstəqillik qazandığımız bu otuz dörd il ərzində mən doğma sərhədçilərimizin həyatından bəhs edən heç bir yazıçının bu qədər əsərinə rast gəlməmişəm. Bəlkə də yoxdur, yazılmayıb. Hər halda mənim qarşıma çıxmayıb. Əli bəy Azəri sərhədçilərə həsr etdiyi bu əsərlərində yazıçı məharətinin məziyyətlərindən maksimum bəhrələnməyə çalışıb və mənə elə gəlir ki, uğurla alınıb. O, sərhədçilərin peşə fəaliyyətini yerinə yetirərkən spesifik qaydalara riayət etməklə bərabər onların qarşılaşdığı iqlim şəraitini, coğrafi məkanı elə incəliklə təsvir edib ki, oxucu özünü əyani şəkildə sərhəd boyu tapşırıq yerinə yetirən sərhədçinin yanında təsvir edir. İstər dənizdə, istər çiskinli havada çay boyunca, istərsə də dağlıq ərazidə leysan yağışı altında olsun, ondan bir an ayrılmaq mümkün deyil. Yazıçı ustalığı sözün həqiqi mənasında istənilən əsər boyunca adamı heyrətləndirir.

Əli bəy Azəri ölkəmizin sərhədlərindəki hadisələri zamana uyğun olaraq – sülh şəraitində və 44 günlük Vətən müharibəsi dövründə ağır, keşməkeşli xidmət şəraitini bədii şəkildə təsvir edib. O, hər hansı uydurma məkan adları seçməyib, sərhədlərimizin keçdiyi əraziyə, coğrafi şəraitə uyğun adlar seçib. Çünki təsvir olunan əksər hadisələr tam dəqiqliyi ilə olmasa da uyğun şəkildə sərhədlərimizdə baş verir. Hadisələrin baş verdiyi məkanların konkret adlarla göstərilməsi və yazıçının həmin məkanlara yaxından bələd olması, keçən yolların, cığırların dəqiqliklə təsvirinin verilməsi əsərləri daha maraqlı edir və onları həyəcansız oxuyub keçmək mümkün deyil.

Əsərlərdən görünür ki, yazıçı həmin əraziləri dəqiqliklə tanıyır, dağına, dərəsinə, meşə örtüyünə, cığırına belə bələddir. Hadisələrin çoxu bədii təxəyyülün məhsulu olsa da məkanlar konkret göstərilib. Heç şübhə doğurmur ki, Əli bəy bu əsərlərin hər birini ayrı-ayrılıqda qələmə alarkən qeyd olunan əraziləri (xəyali də olsa) qarış-qarış gəzmiş, hadisələrin cərəyan etdiyi sərhəd bölgələrini dərindən öyrənmiş, sərhədçilərin həyatı ilə yaxından tanış olmuşdur.

Kitabda toplanmış əsərlərin hər biri ölkəmizin müxtəlif iqlim şəraitində yerləşən ayrı-ayrı sərhəd zastavalarında baş verən və sərhədçilərimizin taleyini, onların sərhədpozanlarla apardığı çətin və şərəfli mübarizənin fərqli bölgələrdə, müxtəlif şəraitdə əks etdirməklə, onların Vətən sevgisi ilə yanaşı bütün hiss və həyəcanı ilə şəxsi sevgilərini, valideyn, ana sevgisini də canlandırır. Bu sevgilər bir-birindən ayrılmazdır, bütövdür, hamısı Vətən sevgisi fonunda işıqlandırılıb.

Əsərlərin birində İranla sərhəddə narkotik qaçaqmalçılarla mübarizədə sərhədçilərimizin canfəşanlığı, ayıq-sayıqlığı təsvir olunursa, digərində Gürcüstan, yaxud Rusiya sərhəddində təxribatçılarla aparılan əməliyyat tətbirlərində sərhədçilərin sərvaxtlığı, iradə və dözümlülükləri, başqa birisində isə Ermənistanla sərhəddə döyüş zamanı sərhədçilərin cəsurluğu, igidliyi, qorxmazlığı; bütün hallarda sərhədçi şücaəti baş planda təsvir olunur. “Anama deyin, məni bağışlasın” əsəri bu qəbildən daha təsirlidir. Əsərin qəhrəmanı anasının onun hərbi məktəbdə oxuması, zabit pillələrində yüksələrək general olması istəyinin “əksinə” çıxaraq könüllü ərizə yazaraq hərbi məktəbdən ayrılır, döyüş bölgəsinə yollanır və ərazilərimizin düşmən tapdağından azad olunması uğrunda şərəfli müharibədə iştirak edir. Cəsurluq göstərir, vuruşur və şəhadətə yüksəlir. Son anda döyüşçü yoldaşlarına deyir ki, mən anamın istəklərini deyil, sevgili Vətənin azadlığını seçdim. Ana ilə övladın arzularından yekunda üzləşmiş faciə ustalıqla qələmə alınmışdır.

“Sərhədçi iti Buqamir” əsərində Əli bəy Azəri sərhədçilərlə birgə fəaliyyət göstərən, onlarla bərabər şəkildə düşmənlə, sərhəd pozucusu ilə mübarizə aparan, ən yaxın silahdaşları olan sərhədçi itlərini də unutmamışdır. Bu əsərdə sərhədçi iti obrazı formasında Buqamirin öz sahibinə sədaqəti sərhədçi itlərin müxtəlif situasiyalarda ayıq-sayıqlığı məharətlə işlənmişdir.

“Sevgi və borc” hekayəsi lirik-dramatik fonda yazılmış, məncə, hər bir azərbaycanlının arzuladığı hadisənin bədii formada təsviridir. Sərhəd Qoşunları Akademiyasını bitirib leytenant rütbəsində ucqar sərhəd zastavalarından birinə xidmətə yollanan Osmanov orada öz sevgilisinə qovuşur. Əsərdə cinayətkar sərhəd pozucusu Kor Müseyibin tutulmasında məktəblilərin sərhədçilərə yaxından göstərdiyi kömək təsvir olunur. Məktəbliləri “Sərhədçinin dostu” döş nişanı ilə təltif etmək üçün kənd məktəbinə gələn leytenant Osmanov orda bir vaxtlar aşiq olduğu, lakin çatdırıb ürəyini aça bilmədiyi qızla – müəllimə ilə qarşılaşır. Həmin qız universitetdə təhsil alarkən bir neçə dəfə sərhədçi kursantlarla mövzy müzakirəsində, disputlarda qarşılaşmış, yüksək savadı, mədəniyyəti və davranışı ilə onların diqqətini cəlb etmişdir. Qısa ünsiyyət zamanı Osmanovla isti münasibəti yaransa da sonralar əlaqə saxlaya bilməmişlər. Osmanov sərhədçi mərhumiyyətindən aşiq olduğu qızı axtarmağa macal tapmamışdır. Yazıçı müxtəlif maraqlı təhkiyələr qurmuş, əsəri dolğun, sevimli formada işləyib oxucuların hüzuruna çıxartmışdır.

Bir sözlə, “Mücrü” nəşriyyatı tərəfindən 2023-cü ilin dekabr ayında çap olunan, bir-birindən maraqlı süjetləri ilə seçilən kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Məncə, məktəblilərin, sərhədçi ailələrinin, xüsusən də Sərhəd Qoşunları Akademiyasında təhsil alan kursant-müdavimlərin stolüstü kitabına çevriləcək gözəl bir kitabdır. Azərbaycan müstəqillik qazanandan ikinci belə bir kitab hazırlanmayıb.

Ədəbi tənqidin diqqətini çəkib-çəkməyib, dəyərləndirilib-dəyərləndirilməyib, deyə bilmərəm. Ancaq onu dəqiq bilirəm ki, Əli bəy Azərinin “Sərhədçi zabitin etirafı” povest və hekayələr kitabı Azərbaycan sərhədlərini şanlı sərhədçilər qədər qoruyan kitabdır. Mən əmin olduğum kimi siz də əmin ola bilərsiniz.

Müəllif: Kərim ŞÜKÜRLÜ

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: [email protected]

Top