QARABAĞ – AZƏRBAYCAN FUTBOLUNUN QÜRURU

QARABAĞ – AZƏRBAYCAN FUTBOLUNUN QÜRURU
Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazılan daha bir möhtəşəm hadisənin şahidi olduq. UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksələn “Qarabağ” Futbol Klubu bir daha sübut etdi ki, Azərbaycan bayrağı yalnız Qarabağ torpaqlarında deyil, həm də Avropanın ən mötəbər arenalarında dalğalanır. Prezident İlham Əliyevin “Qarabağ” klubunu bu tarixi uğur münasibətilə təbrik etməsi isə bu qələbənin nə qədər böyük milli əhəmiyyət daşıdığını bir daha təsdiqləyir.
“Qarabağ”ın uğuru sadəcə bir klubun nailiyyəti deyil – bu, bütöv Azərbaycanın zəfər salnaməsinin davamıdır. İkinci Qarabağ müharibəsində torpaqlarımızı işğaldan azad edən bir xalq üçün “Qarabağ” adı artıq qələbənin, iradənin, gücün və birliyin simvoludur. İllər öncə müharibənin ağrı-acılarını yaşayan, doğma yurdundan didərgin düşən Ağdamın yetirməsi olan bu komanda, bu gün Avropanın ən güclüləri sırasında Azərbaycan futbolunun bayraqdarı kimi çıxış edir.
Prezident İlham Əliyev hər zaman idmana, xüsusilə də futbolun inkişafına göstərdiyi dəstəyin ən yüksək səviyyəsini nümayiş etdirib. “Qarabağ”ın uğurları da bu diqqətin, dövlət qayğısının, güclü rəhbərliyin və milli həmrəyliyin bir nəticəsidir. Komanda yalnız idman meydanında deyil, həm də beynəlxalq arenada Azərbaycanın adını şərəflə ucaldır, xalqımızın mədəniyyətini, ruhunu və yenilməzliyini təmsil edir.
Bu qələbə bir daha göstərdi ki, Azərbaycan iradəsi və zəhməti ilə bütün çətinlikləri aşmağı bacarır. Ağdamın dağıntıları üzərində yüksələn bir futbol klubunun Avropanın ən nüfuzlu turnirlərindən birinə vəsiqə qazanması tariximizin həm idman, həm də milli qürur səhifəsidir.
“Qarabağ” təkcə bir futbol komandası deyil, həm də zəfər rəmzimizdir. Onların meydandakı mübarizəsi Azərbaycan xalqının iradəsini əks etdirir. Hər qol, hər qələbə bizim üçün yalnız idman nəticəsi deyil, həm də milli birliyin və dözümlülüyün təntənəsidir.
Bu gün Avropanın ən güclü klubları ilə eyni səviyyədə mübarizə aparacaq “Qarabağ” futbolçuları həm idmançılarımız, həm də gənclərimiz üçün örnəkdir. Onlar göstərdilər ki, zəhmət, iradə və vətən sevgisi ilə mümkünsüz deyilən heç nə yoxdur.
“Qarabağ”ın bu tarixi uğuru Azərbaycan futbolu üçün yeni bir səhifə, gənclər üçün böyük motivasiya, xalqımız üçün isə sonsuz qürur mənbəyidir. İndi Azərbaycanın adı Avropa futbolunun zirvəsində daha gur səslənir və bu səslənişin arxasında həm güclü dövlət, həm birləşmiş xalq, həm də məğrur Qarabağ ruhu dayanır.
Bu möhtəşəm nailiyyət münasibətilə “Qarabağ” komandasını, onun rəhbərliyini, məşqçilərini və futbolçularını bir daha ürəkdən təbrik edirəm. Uğurlarınız bol, qələbələriniz sonsuz olsun!
İmza: Pərvanə Salmanqızı


