Zaur Ustac – Sevgi şeirləri

GƏL
Ümiddən bir çələng hörmüşəm, gülüm.
Nə vaxtdır rəfində gözləməkdədir…
Dünyamda bir dünya qurmuşam, gülüm.
Haçandır üfiqdə bəkləməkdədir…
Gəl, nazı-qəmzəni sən qoy boxçaya,
Arzu-istəyini çıxar taxçaya,
Bu nədir, dönmüsən əntiq axçaya,
Cəmalın yad nəzər süsləməkdədir…
Ustacı etmisən, özünə möhtac,
Gözünün gülməsi, üzünə möhtac,
Ruhunun dinməsi, sözünə möhtac,
Həp ruhum, ruhunu izləməkdədir…
AĞÇİÇƏYİM
Qış tüğyan edirdi ömür bağında,
Hamı süst yatırdı ağ yorğanında,
Qəfil gördüm səni bar budağında,
Xoş gördük, günaydın, ay Ağ çiçəyim!
Dümağsan, qar sənin yanında qara,
Tanrım rüsxət verib, baxmayıb qara,
Bu, qarlı qış hara, tər çiçək hara,
Xoş gördük, günaydın, ay Ağ çiçəyim!
Əllərim pak deyil oxşayım səni,
Həddim o hədd deyil qoxlayım səni,
Bağbanam borcumdur yoxlayım səni,
Xoş gördük, günaydın, ay Ağ çiçəyim!!!
ŞEHÇİÇƏYİM
Tacısan dünyamda sən çiçəklərin,
Köksündən bal süzən, tər Şehçiçəyim…
Sehrinə düşmüşəm, nur ləçəklərin,
Əqli başdan alan, zər Şehçiçəyim…
Cəzbində qalmışam, tamam çar-naçar,
Sağımda, solumda çox çiçək açar,
Pərvanəyə dönüb, dövrəmdə uçar,
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim…
Bir kərə, bir anlıq olsa da, vüsal
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl qoynuna al,
Həsrətdə yaşamaq, zor Şehçiçəyim…
ÜLYAHƏZRƏT
Könül sarayımın sultanı sənsən,
Qəlbimdə qurduğun taxtın mübarək!
Ruhum təbəəliyi özü üstənib,
Biətin mübarək, andın mübarək!
Zaman neçə kərə dayandı, durdu,
Bircə təbəssümün min dünya qurdu,
Baxışın isitdi viranə yurdu,
Ocağın mübarək, odun mübarək!
Sözdən ilmə – ilmə toxunub tacın,
Nəyim var, nəyim yox qoy olsun bacın,
Bu yolda qurbanlıq özü Ustacın
Məqamın mübarək, adın mübarək!
Müəllif: Zaur USTAC
AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir
Zaur Ustacın “Buta”sı haqqında
Oxuyun >> Gözündə tük var


