Weather Data Source: havadurumuuzun.com

Od Çərşənbəsi – Alovun Nurunda Təmizlənən Ruh

Od Çərşənbəsi – Alovun Nurunda Təmizlənən Ruh

Novruz öncəsi dörd müqəddəs çərşənbədən biri olan Od Çərşənbəsi xalqımızın minillik yaddaşından süzülüb gələn, atəşin müqəddəsliyini və insan ruhunun yenilənməsini simvolizə edən ilahi bir gündür. Bu gün od yalnız fiziki istilik deyil, həm də mənəvi işıq, dirçəliş və saflaşma rəmzidir.
Od qədim türk dünyagörüşündə və zərdüştilik inancında müqəddəs sayılmışdır. Xüsusilə Zərdüştilik inancında od Tanrının nuru, həqiqətin və paklığın təcəssümü kimi qəbul olunurdu. Məbədlərdə daim yanan alov insanın daxili işığını, vicdanını və mənəvi saflığını təmsil edirdi. Atəş qarşısında dua etmək, odun üzərindən atlanmaq – bütün bunlar insanın günahlardan, mənfi enerjidən arınmaq istəyinin simvolik ifadəsi idi.
Tarixin dərin qatlarına nəzər saldıqda görürük ki, qədim Azərbaycan torpaqları atəşin beşiyi olmuşdur. Elə buna görə də ölkəmiz dünyada “Odlar Yurdu” kimi tanınır. Bu ad təsadüfi deyil. Xüsusilə Atəşgah məbədi əsrlər boyu müqəddəs odun qorunduğu, ziyarət olunduğu məkan kimi tarixə düşmüşdür. Burada yanan alov təkcə qazın təbii alışması deyil, həm də bir mədəniyyətin, bir inancın davamlılığının rəmzi idi.
Od Çərşənbəsi axşamı yandırılan tonqallar ailəni bir araya gətirir, insanlar “Ağırlığım Odda Yansın” deyərək alovun üzərindən atlanırlar. Bu ifadə sadəcə folklor nümunəsi deyil – bu, insanın daxilindəki qaranlığı işığa təslim etməsidir. Od burada həm təmizləyici, həm də qoruyucu qüvvədir.
Alov daim yuxarı qalxır. Bu yüksəliş insan ruhunun kamilləşməyə doğru hərəkətini xatırladır. Hər Od Çərşənbəsi bizə xatırladır ki, insan da od kimi yanmalı – amma yandırmaq üçün deyil, işıq saçmaq üçün yanmalıdır.
Bu müqəddəs gündə yanan hər çıraq, hər şam bir ümid niyyətidir. Hər alov parıltısı yeni başlanğıcların müjdəsidir. Od Çərşənbəsi bizə deyir: Qaranlıq nə qədər dərin olsa da, bir qığılcım kifayətdir ki, işıq doğulsun.
Odumuz sönməsin, ocağımız daim gur yansın, ruhumuz saflaşsın, həyatımız nurla dolsun.

Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist.

Top