Weather Data Source: havadurumuuzun.com

DOSTLUQ HAQQINDA 

DOSTLUQ HAQQINDA

(esse)

Əsrlər boyu insan yolunu işıqlandıran ən səssiz həqiqətlərdən biri dostluqdur. Zaman dəyişir, adlar, məkanlar, taxtlar və taclar dəyişir, amma gerçək dostluğun mahiyyəti dəyişmir. O, səs-küydən uzaqda, iddiasız, lakin möhkəm dayanır — göy üzündəki ulduzlar kimi.
“Yaxşı dostlar ulduzlar kimidir. Həmişə görə bilməzsən, amma bilirsən ki, onlar oradadır.”
Tarixin səhifələrini vərəqlədikcə görürük ki, ən çətin dövrlərdə insanı ayaqda saxlayan məhz bu görünməyən, amma varlığına ürəkdən inanılan bağ olub. Müharibələrdə səngərdə, sürgün yollarında, qaranlıq gecələrdə və uzun ayrılıqlarda dostluq insanın içində sönməyən bir işıq kimi yanıb. Göz önündə olmasa da, ümid kimi yaşayır, inam kimi qoruyur.
Gerçək dostluq zamanın sınağından keçən mirasdır. O, hər gün danışmaqla deyil, lazım olan anda susub yanında durmaqla ölçülür. Bəzən bir xatirə, bəzən bir dua, bəzən də sadəcə “mən buradayam” hissi ilə insanı yaşadır.
Ulduzlara baxanda onları hər zaman görə bilmərik, amma yolumuzu tapanda bilirik ki, göy üzündə öz yerlərini itirməyiblər. Eləcə də yaxşı dostlar — həyatın hansı döngəsində olmağımızdan asılı olmayaraq, varlıqları ilə bizi biz edən dəyərlər kimi qalırlar.

Pərvanə Salmanqızı,
Jurnalist, şair-publisist

Top