Zaur Ustac – Qara sacın ağ kətəsi

Qınından çıxıb qınını bəyənməyənlərə:
Qara sacın ağ kətəsi
(esse)
Qara sac… Torpağın bağrından qopub, insan düşüncəsinin hikməti ilə yoğrulmuş, əlinin bərəkəti ilə cilalanmış dəmir – Qara sac. Üzərinə düşən hər xəmir parçası təkcə bişmir – tarix yazır, dastan yaradır, yaddaş kök atır, nəsillər bir-birinə bağlanır. Böyük inamla dünyanın mərkəzi – deyə biləcəyimiz Adəmin yorulduğu, Nuhun gəmisinin endiyi, Mağara əhlinin merac etdiyi torpaqda; Azıx, Damcılı, Xocalı kimi qədim mədəniyyətin üzlərini əsrlərlə qoruyub saxlayaraq, gələcək nəsillərə ötürülməsi funksiyasının öhdəsindən şərəflə gələn ulu əcdadlarımızın və bizim yurdumuz olan Azərbaycanımızda sac sadəcə mətbəx aləti deyil, milli kimliyin səssiz daşıyıcısıdır. Onun üzərində bişən ağ kətə, yağlı fəsəli, xallı yuxa, içərisində bişən cız-bız, qovurma, çığırtma isə bu qara sacın min illərin ötəsindən bizm üçün dartıb gətirərək, bu gün də halal süfrələrimizi bəzəyən ən saf, ən faydalı, dadlı və ləzzətli qida olmaqla yanaşı ata-babaların, ana-nənələrin ən dəyərli mirası – yadigarıdır.
Azərbaycanın qədim yaşayış forması – yarımköçəri və kənd mədəniyyəti – sürətli, qənaətli və təbiətlə harmonik qida növlərinin yaranmasını şərtləndirmişdir. Sac məhz bu zərurətdən doğmuşdur. Arxeoloji və etnoqrafik araşdırmalar göstərir ki, sac tipli metal bişirmə alətləri hələ erkən orta əsrlərdən Qafqaz və Ön Asiya məkanında geniş yayılmışdır. Xüsusilə Qarabağ, Şəki-Zaqatala, Naxçıvan bölgəsində sac mətbəxi iqlim, təsərrüfat və ailə modeli ilə üzvi şəkildə formalaşmışdır. Yaylaq-qışlaq həyatı sacı ən zəruri alətlərdən (dəzgahlardan) – milli mətbəx ləvazimatlarından birinə çevrilmişdir.
Sacın üzərində bişən yuxa, fəsəli, kətə – hamısı çörək kultunun müxtəlif təzahürləridir. Azərbaycan folklorunda çörək müqəddəsdir: yerə düşəndə öpülür, üstünə and içilir, evdən çıxarkən yol payı kimi verilir. Kətə isə bu çörək kultunun bayramlı, bərəkətli formasıdır. O, gündəlik yemək deyil; toyda, el şənliklərində, Novruz süfrəsində, doğum və niyyət mərasimlərində sacdan qalxan ilk nemətdir. Bayram, toy-düyün, şölən payıdır.
Ağ kətə – sadə un, su və duzdan yoğrulan, bəzən isə içliklə (yağ, qoz, şəkər, göyərti) zənginləşdirilən xəmir məmulatı – zahirən sadə, mahiyyətcə dərin fəlsəfəyə malikdir. Onun ağlığı saflığı, halallığı, niyyəti simvolizə edir. Qara sac üzərində ağ kətənin bişməsi isə folklor düşüncəsində ziddiyyətlərin harmoniyasıdır: qaranlıqla işığın, odla suyun, torpaqla insanın birliyi.
Qarabağ, Şəki, Naxçıvan mətbəxində sac başında bişirmə prosesi təkcə kulinariya aktı deyil, sosial ünsiyyət formasıdır. Sac ətrafında qadınlar toplaşar, nəsihətlər deyilər, bayatılar söylənər, ailə tarixçələri ötürülərdi. “Sac başı söhbəti”, “Təndir başı söhbəti” ifadəsi bu gün də xalq dilində yaşayır və bu heç də kişilərin çayxana söhbətlərindən az əhəmiyyətli deyil. Əksinə bütün xeyr-şər* məsələlərin öz konkret həllini tapdığı məclislərdir ki, məhsuldarlığı kişilərin çayxana söhbətlərinə aid edə bilmərik. Sac başı (təndir başı) qadın folklorunun, şifahi yaddaşın canlı tribunası olub, bu gün də belədir, ümidvaram ki, həmişə belə olacaq!
Elmi baxımdan sac üzərində bişirmə üsulu sağlam qidalanma prinsiplərinə də uyğundur. Birbaşa alovla deyil, qızdırılmış metal səthlə bişmə xəmirdəki qida dəyərinin qorunmasına imkan verir, yağsız və ya azyağlı bişirmə isə qədim xalq təbabətində “yüngül, lakin qüvvətli yemək” kimi qiymətləndirilmişdir. Bu da sübut edir ki, xalq mətbəxi yalnız dad yox, yaşam fəlsəfəsidir.
Bu gün sacın üzərində yığılıb qalan yuxa qatları, üst-üstə düzülmüş kətələr bizə sadəcə keçmişi xatırlatmır – bizi kökümüzə bağlayır. Qara sacın ağ kətəsi milli mətbəximizin poetik simvoludur: sadəlikdə ucalıq, adətdə hikmət, yeməkdə tarix.
Zaman dəyişir, mətbəxlər müasirləşir, amma sacın istisi hələ də eyni sualı pıçıldayır:
Biz kimik və haradan gəlirik?
Cavab isə sacdan qalxan istinin, tüstünün, buxarın içindədir – Müqəddəs Azərbaycan torpağında, ocağın közündə, qara sacın üstündə ağaran kətədə, Mil-Muğan düzündə, Qarabağ ellərində, Laçının Səlvə dərəsində, Kəlbəcər, Batabat, Salvartı yaylaqlarında hər gün yeni hekayələrə şahidlik edən Qara sacdadır, “üzü qara sac”da:
Üzu qara cacam mən,
Hey yesəm də acam mən,
Söhbətləri məzəli,
Yolu dolanbacam mən…
01.02.2026. Bakı.
*- “xeyir-şər” ifadəsi burada müxtəlif tədbirlər, məclislər, elçilik, nişan, toy, yas mərasimləri mənasında nəzərdə tutulur.
Müəllif: Zaur USTAC
AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

