Weather Data Source: havadurumuuzun.com

Zaur Ustacın “Təndir başı” şeiri haqqında

TƏNDİR BAŞI
(… qınından çıxıb qınını bəyənməyənlərə…)
Tüstü deyil bu qalxan —
əsrlərin nəfəsidir.
Divara hopmuş dualar
isti çörək kimi açılır ovuclarda.
Başı bağlı, beli şallı nənə
vaxtı yoğurur,
xəmiri yox — taleyi yapır.
Əli xamırlıdır,
amma dünyanı tərpədən barmaqlardır onlar.
Təndirin ağzı —
Yer kürəsinin ürəyi,
oradan çıxan hər kökə
bir millətin davamıdır.
Burada böyüyür
başı papaqlı kişilər,
burada sərtləşir səs, baxış, iradə.
Buradan qalxır
şahın əmri, alimin sualı,
həkimin əli, bəstəkarın notu.
Aya gedən yol
bəzən raketdən yox,
təndir başında yeyilən
yağlı kökədən başlayır.
Nənə bayatı deyir —
amma bu bayatı
bir millətin həyat yolu,
dastandır,
səngərdir.
Gecələr
hamı yatanda
təndir başı pıçıltı ilə dolur.
Bir ana
şəhid balasının adını
odun közünə yazır,
göz yaşını una qatır,
səhəri çörək kimi çıxarır.
Təndir başı —
evdəkilərdən gizli ağrıların
son qalasıdır.
Heç kim görməz,
amma Vətən bilir.
Bura isti bir bucaq deyil,
bura ana qucağıdır —
ən geniş,
ən səssiz,
ən müqəddəs.
Od sönər,
daş dağlar dağılır,
amma təndir başı qalır —
xalqın yaddaşı kimi.
Müqəddəsdir təndir başı!
Çünki orada
çörək yox,
millət bişir.
26.01.2026. Bakı.
Müəllif: Zaur Ustac

Təndir başı – millətin nəfəs aldığı yer

(Zaur Ustacın “Təndir başı” şeirinə istinadən)
Zaur Ustacın “Təndir başı” şeiri adi bir məişət detalını — təndiri — xalqın yaddaşına, milli varlığın mərkəzinə çevirən nadir mətnlərdəndir. Bu şeirdə təndir nə ocaqdır, nə də sadəcə çörək bişən yer. Təndir burada tarixdir, ana duasıdır, səngərdir, millətin özünü yoğurduğu müqəddəs məkandır.
Şeirin ilk misralarından oxucu anlayır ki, buradan qalxan tüstü odun tüstüsü deyil — əsrlərin nəfəsidir. Bu nəfəs divarlara hopmuş dualardan, illərlə yoğrulmuş talelərdən, adsız anaların səssiz ağrılarından yaranır. Təndir başı qadının – xüsusən nənənin əli ilə zamanın yoğrulduğu yerdir. O, xəmir yox, taleyin özünü yapır. Əlləri xamırlı olan bu qadınlar tarix kitablarına düşmür, amma bir millətin istiqamətini dəyişən barmaqlar məhz onlardır.
Zaur Ustac təndirin ağzını Yer kürəsinin ürəyi adlandırmaqla çox dərin bir simvol yaradır. Çünki hər kökə, hər çörək yalnız qida deyil — davamlılıqdır. Bir millətin sabaha çıxmaq haqqıdır. Bu çörəklə böyüyən uşaqlar sabah papaqlı kişilərə, sərt baxışlı analara, iradəli vətəndaşlara çevrilir. Şeirdə çox dəqiq vurğulanır: şahın əmri də, alimin sualı da, həkimin əli də, bəstəkarın notu da bu təndirin istisindən keçib gəlir. Yəni böyük ideyaların başlanğıcı bəzən saraylarda yox, təndir başındadır.
Ən təsirli məqamlardan biri isə şəhid anasının obrazıdır. O ana adını közə yazır, göz yaşını una qatır və səhəri bunu çörək kimi çıxarır. Bu misralar göstərir ki, təndir başı evdəkilərdən gizli ağrıların son qalasıdır. Orada qışqırıq yoxdur, hay-küy yoxdur, amma Vətən hər şeyi bilir. Çünki bu səssizliyin içində ən böyük fəda­karlıq yaşayır.
Şeir bizə açıq şəkildə deyir: təndir başı isti bir bucaq deyil — ana qucağıdır. Ən geniş, ən səssiz və ən müqəddəs qucaq. Od sönə bilər, daş dağlar dağıla bilər, amma təndir başı qalır. Çünki o, maddi yox, yaddaşdır. Xalqın özünü tanıdığı, özünü qoruduğu yaddaş.
“Müqəddəsdir təndir başı! Çünki orada çörək yox, millət bişir.” — bu cümlə şeirin yox, bütöv bir düşüncə sisteminin yekunudur. Zaur Ustac bu misra ilə oxucunu silkələyir və xatırladır: millət silahla yox, ana əli ilə, dua ilə, çörəklə, səbir və ağrı ilə formalaşır.
Bu şeir təkcə oxunmur — xatırlanır. Çünki hər birimizin yaddaşında bir təndir başı var. Bir nənə, bir ana, bir isti çörək qoxusu… Və bu yaddaş yaşadıqca, millət də yaşayacaq.

Pərvanə Salmanqızı
Jurnalist şair-publisist

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top