Weather Data Source: havadurumuuzun.com

“KATREN” DUYGULARIN İNCƏ AHƏNGİDİR

“KATREN” DUYGULARIN İNCƏ AHƏNGİDİR

(Zaur Ustac yaradıcılığında sonetlər)

Şeir – bu söz sənətinin ən yüksək forması, insanın düşüncələrinin və duyğularının musiqili ifadəsidir.
Şeir ürəkdən doğur, qəlbə nüfuz edir, sözə çevrilib, bədiiyyətə rəng qatır.
Onda insan həyatının, iztirablarının, arzularının, kədərinin və ən əsası – ruhunun ahəngi yaşayır.
Məhz belə şeir nümunələri – insanlıq qəlbində əbədi iz qoyur.
Qələm və ürək birləşdiyi nöqtədə yaranan əsərlər könüllərin mülkünə çevrilir. Sənət, xüsusilə də şeir, hansı formada, hansı janrda olursa olsun, insanlığa mənəvi nur, maarif və ruhi işıq paylayır. Bu mənada bəzi janrlar mövcuddur ki, onlar bu gözəlliyi daha səliqəli, incə və intizamlı şəkildə təqdim etməyə xidmət edir.
Bundan biri – sonet janrıdır. Sonet – bu şeiriyyatın daxili intizamı, müəyyən ölçülərə salınmış bədii gözəlliyin formasıdır.
Onda şair öz daxili aləminin ən dərin, ən saf halını poetik forma çərçivəsində ifadə edir.
Bu isə təkcə ustalıq deyil, həm də daxili harmoniyanın, incə düşüncənin və estetik zövqün tələbidir.
Şeiriyyatın gözəlliyi, rəngarəngliyi, incəliyi məhz sonet janrında öz mükəmməl ifadəsini tapır. Sonetdə yalnız duyğu deyil, həm də düşüncə, maarif, ruhi tərbiyə və milli qürur birləşir. Hər misrada, hər bənddə şairin ruhunun ən dərin qatları əks olunur.
Bu yüksək janrda yaradıcılıq edən şairlərdən biri – Azərbaycanın tanınmış şairi və jurnalisti, “Yazıçılar” jurnalının baş redaktoru Zaur Ustacdır.
Onun yaxınlarda nəşr olunan “Katren” sonetlər toplusu – bədii mükəmməllik, ruhi dərinlik və mənəvi yüksəklik harmoniyasının parlaq nümunəsidir.

Kitabı oxuyarkən, Zaur Ustacın şeirə, sözə, millətə, vətənə və insan qəlbinə olan sevgisi, şairanəlik hissləri, bədii düşüncəsi və incə müşahidələri ilə bir daha tanış oldum.
Hər bir misrada duyğuların səmimiliyi, düşüncənin aydınlığı, bədiiyyətin yüksəkliyi, mövzuların rəngarəngliyi ürəyə təsir edir. Zaur Ustacın “Katren” toplusunda yer alan sonetlər arasında “Xudayar dastanı” və “Hürriyyət elçisi” xüsusi yer tutur.
Bu iki sonet silsiləsi yalnız poetik gözəllik deyil, həm də tarixi, mənəvi və fəlsəfi dərinliklə də diqqəti cəlb edir. Şair bu sonetlər vasitəsilə öz vətəninə, xalqına, ana-babasına olan sədaqətini obrazlar vasitəsilə canlandırır.
Məsələn, “Xudayar dastanı”nda aşağıdakı misralar oxucunu ana sevgisinin yüksəkliyinə, uşaqlıqda vətənpərvərliklə harmoniyanın birləşməsinə gətirir:

XUDAYAR DASTANI

(sonetlər çələngi)
I
Xudayar çağırdı anan adını,
Söylədi: -Bəxtinə Xuda yar olsun!
Qəlbində arzular yetsin murada
Ömrünün yolları növbahar olsun!

Ana laylasıyla yurdsevərliyi,
Hopdurdu qanına şirin bayatı.
Hələ beşikdəykən qığıltıların,
Kiminə “Cəngi”ydi, kimə “Heyratı”.

Bu ömür yolları fəsil-fəsildi,
İnsanlar dünyada nəsil-nəsildi,
Heç nə yayınmayır Tanrı gözündən

Anan sevgi ilə əl açdı göyə,
Qəlbinə məhəbbət ələnsin deyə,
Şəfqətlə əyilib öpdü üzündən.

II

Şəfqətlə əyilib öpdü üzündən,
Dedi: Oğul balam, tanı özünü.
Damarında axan qanınla qoru,
Anatək müqəddəs “vətən” sözünü.

Sənə qucaq açan bu qoca diyar,
Ulu babaların əmanətidir.
Mənim söylədiyim ana öyüdü,
Qoca nənələrin zəmanətidir.

İllər gəlib keçər bircə an kimi,
Qoru torpağını öz anan kimi,
Sadiqlik bu yurdun ərinə xasdı.

Bu torpaq böyüdür mərdi, qoçağı,
Ərən babaların qeyrət ocağı,
Səni məhəbbətlə bağrına basdı

Bu misralarda ananın övladına etdiyi dua vasitəsilə şair vətənə sədaqətin ilk toxumlarını göstərir.
Oxucu bu misralar vasitəsilə uşaqlıqda olan saf sevgini, ana məhəbbəti və vətən sevgisinin harmoniyasını hiss edir. Ananın şirin ninnisi vasitəsilə vətən sevgisi uşağın qanına hopur – bu isə milli tərbiyənin və ruhi yüksəliyin şairanəliklə ifadəsidir. Və ya “Hürriyyət elçisi”ndə isə gənc əsgərin vətənə sadiqliyi, cəsarəti və arzuları ürəyə toxunur:

HÜRRİYYƏT ELÇİSİ
(sonetlər çələngi)

I
Bilirdi, “Sərhəddən başlanır Vətən!”
Görmüşdü Vətəni vətən içində.
Xəyalən keşikdə dururdu hər gün,
Arzusu çin oldu bir gün içində.

Mundiri alan gün çox sevindi, çox…
Həmən evə qaçdı sevinc içində,
Üçrəngli bayrağı öpdü min dəfə,
Sinəsi qabardı güvənc içində.

Az yaşda dynyanın görüb hər üzün,
Bərkdə də, boşda da demişdi sözün.
Əmələ keçməyin vaxtı yetmişdi…

Bəlkə də duyduğu ilk söz “Araz”dı,
Qorunda bişdiyi köz də “Araz”dı,
“Ata”, “Ana” deyil, “Araz” demişdi.

II
“Ata”, “Ana” deyil, “Araz” demişdi,
İlk gündən orduda qazandı hörmət.
Təlimdən təlimə oldu peşəkar,
Hər gün bir şücaət, yeni məharət.

“Təşəkkür” qazandı, “Çox sağol” aldı,
Yoruldum demədi, durmadı bir an.
Bilirdi, nə qədər olasa da çətin,
Döyşüdə o qədər olacaq asan.

Təlimdə hər hədəf düşmən olurdu,
Bütün hədəfləri bir-bir vururdu,
“Qızğın döyüşlərdə qalib gələrkən”;

Vətəndi, torpaqdı sözü, söhbəti,
Həzm edə bilmirdi heç cür möhnəti.
Nisgili, həsrəti dadmışdı erkən.
Bu misra adi bir ifadə deyil, bu – tarixi iztirab, kədər, arzu və şücaətin yığılmış musiqisidir.
Araz çayı timsalında şair xalqın dərdini, ayrılıq hissini, həsrəti və birliyə olan arzusunu ifadə edir.
Zaur Ustac özünün hər bir sonetində oxucunu düşündürür, duyğulandırır və ruhlandırır.
O, şeiri sadəcə bədii bir vasitə kimi deyil, həm də tərbiyəvi, ruhi və mənəvi bir mənbə kimi istifadə edir.
Şairin bu yanaşması onu müasir Azərbaycan şeirinin ən parlaq nümayəndələrindən birinə çevirir. “Katren” – bu yalnız sonetlər toplusu, sadəcə bir şeir külliyatı
deyil, həm də mənəviyyat, tarix, vətənpərvərlik, sevgi, fədakarlıq,
ürəkdən doğan, ruhdan çıxan, insanlıq hissləri, vətən sevgisi, cəsarət, sədaqət, həyat fəlsəfəsini özündə birləşdirən bədiiyyətin gül dəstəsi – çələngidir..
Hər bir sonetdə şairin ruh dünyası, onun daxili hissləri, dünyanı qavrayışı və vətənə olan sevgisi bədii formada öz əksini tapır.
Bu toplu, müasir ədəbiyyatda sonet janrının nə qədər canlı, ilhamlı və zamanla uyğun olduğunu bir daha təsdiqləyir.
Şairin sətirlərində yalnız gözəllik deyil, yüksək ideya, dərin düşüncə, xalq ruhu və milli qürur da var. Xüsusilə, “Hürriyyət Elçisi” kimi sonetlər toplusu vasitəsilə
Z. Ustac, öz xalqının dərdini, tarixini, arzularını, igidliyini bədii obrazlar vasitəsilə yüksək ustalıqla ifadə edə bilmişdir.
“Katren”dəki hər bir sətir – bir aləm mənadır. Hər bir misra – ürək dilində söylənən, ruha yaxın olan hisslər və duyğulardan toxunmuşdur.
Onları oxuyarkən yalnız şairin qəlbinə deyil, öz qəlbimizə, daxili aləmimizə də nəzər salırıq.
Bu sonetlər yalnız oxumaq üçün deyil – düşünmək, hiss etmək, duyğulanaraq yaşamaq üçün yazılmışdır.
Zaur Ustacın yaradıcılığı – sözə olan hörmətin, bədii ifadənin yüksək səviyyəsinin və şeirə olan sadiqliyin simvoludur.
Şair, sonetləri ilə oxucusunu ruhlandırır, onu öz arzuları, əzabları, kədər və sevinc dolu dünyasına aparır. Onun şeirləri zamanla, ürəklə, duyğularla ahəngdar şəkildə canlanır.
Belə əsərlər yaradan və yaratmaqda davam edən bir sənətkara böyük hörmət və minnətdarlıq ifadə edərək,
Zaur Ustaca gələcəkdə də sonsuz ilhamlar, yeni ideyalar və qəlbləri fəth edən yeni-yeni bədii tərənnüm nümunələri yaratmaq arzulayıram.
“Katren” kimi əsərlər bu gün və gələcək nəsillərin qəlbində əbədi olaraq öz yerini tapacaq.
Çünki, həqiqi şeir – zamanla deyil, qəlblərlə əlaqə qurur.

 Müəllif: Cahangir NAMAZOV,
“Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Azerbaycan Jurnalistlar birliyinin üzvü.

Top