Weather Data Source: havadurumuuzun.com

HƏYAT, XOŞBƏXTLİK VƏ ZAMAN

HƏYAT, XOŞBƏXTLİK VƏ ZAMAN

İnsan həmişə həyatı anlamağa , dərk etməyə çalışır. Hər kəs bir pəncərədən , bir prizmadan baxır həyata. Bir pəncərənin işığı o biri pəncərəyə düşmür. Hamı özünü haqlı sayır. Heç kimin ağlına gəlmir ki, bəlkə ən haqsız tərəfdədi həqiqət? Əgər həyat ana bətnində başlayıb yerin bətnində başa çatırsa ortada qalan zaman çərçivəsi nədi bəs? Bəlkə insanın bir qaranlıqdan digər qaranlığa inteqrasiyasıdı həyat?. Bəlkə insan rüşeymi inkişaf edə -edə neçə qat qaranlıqdan keçir özünə çatanacan?
Bəlkə həyat insanın özü özünə min kərə qayıdışıdı?. Ruhun neçə canda dünyaya neçə yol dönüşüdü bəlkə həyat? Suallara cavab tapmayanda gah elmə , gah Tanrıya söykənirik. Fikirlər düyünə düşəndə də bir ayrı nöqtədən baxırıq dünyaya. Şüurumuzun yetdiyi qədər, görmək istədiyimiz tərəfdən baxırıq.
Ölənəcən , yəni bir qaranlıqdan o biri qaranlığa keçənəcənsə çox şey bizə sirr olaraq qalır. Bəlkə də heç bir sirr yoxdu. Həyat biz bildiyimizdən də asandı bəlkə. Bəlkə biz özümüz çətinləşdirmişik həyatı , elə ölümü də. Hərdən adama elə gəlir ki, köç etdiyimiz və əbədi dünya adlandırdığımız dünya da heç əbədi deyil. Orda insan təzədən doğulur , yaşayır və ordan da bir ayrı dünyaya keçid edir. Beləcə insan min kərə doğulur. Ayrı cilddə , ayrı adda, ayrı məkanda min kərə gəlir dünyaya. Ya bəlkə əsl həyat ölümdən sonrakı həyatdı?
Amma nə olursa olsun hər yerdə özünə xoşbəxtlik axtarır insan .
Bəs hər kəsin əli çatırmı o məchul nöqtəyə–Xoşbəxtliyə? Qaçaqaçda , qovhaqovda nə qədər xoşbəxt ola bilirik? Zamanımız və gücümüz qalırmı xoşbəxt olmağa? Mənə elə gəlir ki, bədbəxtliyin açıqlaması bu qədər mürəkkəb və çətin deyil. Göz yaşı, həsrət, itkilər, səfalət, ayrılıqlar ( növündən asılı olmayaraq) , sevgisizlik , tənhalıq və sair və ilaxır ..bunlar bədbəxtliyi ifadə etməkçün ən primitiv ifadələrdi. Demək bunlar varsa heç bir xoşbəxtlikdən danışmaq olmaz. Üstündə olduğumuz bu həyat özü də faciədi mənim aləmimdə . Xeyirlə şərin, işıqla zülmətin , güclüylə gücsüzün mübarizəsi çox vaxt biz gözlədiyimiz nəticəni vermir.
Bizə taleyi həmişə Tanrımı cızır ? Bütün günahları Onun və İblisin boynuna yıxmaqla əlimizə nə keçir? Özümüzü aldadırıq . Özü də bilə-bilə , sevə -sevə aldadırıq. Bu da ən böyük faciədi. Hər kəs xoşbəxtliyə can atır, eyni zamanda da ondan qaçır. Eyni yerdə , eyni havada yaşaya bilməyənlər məkan dəyişdirməyə ürək eləmir. Bütün talelər cəmiyyətin qarmağına keçib. Heç kəs ətrafın , toplumun , bütövlükdə sosial mühitin düşüncəsindən kənara çıxa bilmir. Düşündüyünü deyən , ürəyi istədiyi kimi hərəkət edənlərə “əxlaqsız, şərəfsiz , vicdansız , namussuz ” damğası vurulur. Buna görə əksəriyyət bu baryeri keçməyə qorxur. Yolun bu tayında qalanlar o taydakıları topa tutur. Aradakı səddin adınasa ictimai qınaq deyirlər.
Nəticədə ailələr yalandan , xəyanətdən , göz yaşından , nifrətdən asılır. Qadınla kişi münasibətlərində yaranan uçurumdansa danışmağa dəyməz. Bütün münasibətlərisə cəmiyyət formalaşdırır. Heç kimin öz azad fikri yoxdu. Düşüncələri qorxuyla idarə edirlər. Stress, həyəcan , psixoloji gərginlik insanların həyat tərzinə çevrilib.
Hər şeyi taleyin üstünə yıxmaq nə dərəcədə doğrudu? Hər şey alnımızda yazılıbmı?
Hamı öz taleyini yaşayırmı ? Bəlkə mən dostumun , qardaşımın , bacımın , qonşumun, oğlumun, ya heç tanımadığım , dünyanın o başındakı insanların taleyini yaşayıram , ya bəlkə əksinə? Kimsə kiminsə sevgi payına ortaqdı bəlkə ? Bəlkə elə bütün talelər bir -birinin davamıdı? Film kimi. Kiminsə yarımçıq taleyi kimdəsə tamamlana bilmir bəlkə? Bəlkə ona görə heç kim xoşbəxt olmur? Ömrümüzün yarısı yuxuda , yarısı gerçəkdə keçir. Yuxuda yaşadıqlarımızdı bəlkə elə əsl gerçəklər. Bəlkə bu yazdıqlarım da mənim deyil. Kiminsə nə vaxtsa düşündükləridi kimsə mənim əlimlə diktə edir bu gün . Bəlkə min il əvvəl yazmışam bu yazını , indi oxuyuram. Suallar çoxdu . Cavablarsa havadan asılıb qalıb. Bütün təsadüfləri zərurət adlandırdığımızçun bu düşündüklərimizi də
zərurətə bağlayacağıq çox güman ki. Ən asan yol budu axı. Amma nə etsək də xoşbəxtliyin qafiyəsini tapa bilmirik. Hadisələrsə faciələrin ətrafında cərəyan edir .Bir qaranlıqdan o biri qaranlığa yol gedir hamı. Həyat budurmu?

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top