Azərbaycan bayrağındakı ay-ulduz Səfəvi yadigarıdır

Azərbaycan bayrağındakı ay-ulduz Səfəvi yadigarıdır
Şah İsmayıl qızılbaş müridləri ilə özünün ilk möhtəşəm tarixi yürüşünə çıxarkən Qızılbaş qoşununun bayrağı üzərində Ələm əks olunan al qırmızı parça idi. Bunu miniatürlərdə görmək mümkündür.
Səfəvi dövlətinin qurularkən bayraq üzərində aypara və səkkiz guşəli böyük ulduz olan parlaq yaşıl rəngli parçadan ibarət olub. Bu bayraq Şah I Təhmasibin hakimiyyət illərinə qədər dövlət bayrağı kimi qalıb.
“Cahanarayi-Şah İsmayıl Səfəvi” adlı tarixi mənbədə I Şah İsmayılın 1508-ci ildə Bağdad şəhərinə daxil olması bu cür qeyd olunub: “Şah İsmayıl ay-ulduz bayrağı altında Bağdada yaxınlaşdı. İraq əhalisi sürətli addımlarla onu qarşılamağa çıxdı”.
Qeyd olunur ki, ay-ulduz simvolunun tarixi çox qədim dövrlərə, islamiyyətdən əvvələ gedib çıxsa da, Qızılbaş düşüncə sistemi bu simvolları Həzrət Məhəmməd (s) və Həzrət Əli (ə) ilə bağlayıb. Şah İsmayıl Xətainin aşağıdakı misrası buna bariz nümunədir:
Xətai der rəhm etməzəm yalana,
Özün təslim edər özü gələnə,
Ay Əlidir, Gün Muhəmməd, bilənə,
Bax nəzər eylə də həmən arif ol.
Yeri gəlmişkən, ay və günəş rəmzlərinin islami anlamda işlənməsi öz-özlüyündə bir sıra astronomik biliklərlə uzlaşır. Belə ki, Həzrət Əlini (ə) ifadə etdiyi bildirilən Ay özünün bizə görünən işığını, nurunu məhz Həzrət Məhəmmədin (s) bənzədildiyi Günəşdən alır. Və İslam simvolikasında günəşi ifadə edən ulduzun Ayparanın içinə yaxın təsvir edilməsi İslam peyğəmbərinin ən yaxın köməkçisinin Tanrı elçisini hər addımda qoruması motivi ilə uyğun gəlir.
Bütün bunlardan daha bir ilginc nəticə hasil etmək olar: müstəqil Azərbaycan Respublikasının dövlət bayrağındakı ay-ulduz rəmzləri məhz Şah İsmayıl Səfəvidən qalmadır. Və Azərbaycan bayrağının ilk ideyavericisi olmuş dahi ideoloqumuz Əli bəy Hüseynzadə, eləcə də Azərbaycan Demokratik Cümhuriyyətinin dövlət bayrağının yaradıcıları olmuş milli təfəkkür sahibi insanlar ay-ulduz simvolunun qeyd edilən məna yozumlarını bilirdilər.
© Milli Kimlik Araşdırmaları qrupu,
Tarixçi-alim Ceyhun Bayramlının məqaləsi əsasında.