Weather Data Source: havadurumuuzun.com

Ağdaban faciəsinin qurbanlarının xatirəsi yad edilib

Ağdaban faciəsinin qurbanlarının xatirəsi yad edilib

Ağdaban faciəsinin 33-cü ildönümündə Mahmud Kaşqari adına Beynəlxalq Fondun təşəbbüsü və Yasamal rayon Mərkəzi Kitabxanasının tərəfdaşlığı ilə anım tədbiri keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı tədbiri giriş sözü ilə açaraq Ağdaban kəndində erməni vandalları tərəfindən törədilən qanlı cinayət haqqında məlumat verib. O, bildirib ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni quldur dəstələri Ağdərə rayonunun Çapar yaşayış məntəqəsindən Kəlbəcərin Ağdaban kəndinə hücum edərək 130 evdən ibarət kənddə xalqımıza qarşı soyqırımı cinayəti törətmişlər. Hadisə zamanı onlarca insan xüsusi amansızlıqla qətlə yetirilmiş, diri-diri yandırılmış, bədən üzvləri kəsilib-doğranmışdır. Xüsusilə uşaqları, qadınları və yaşlı insanları hədəf seçən erməni quldurları insanlar arasında qorxu və vahimə hissini daha da artırmaq üçün kəndi tamamilə yandırmış və qarət etmişdilər. Qanlı cinayət zamanı klassik Azərbaycan ədəbiyyatının ustad sənətkarı Ağdabanlı Qurbanın və onun oğlu, XX əsr ədəbiyyatımızın və aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Şəmşirin zəngin arxivi və nadir əlyazmaları tamamilə yandırılaraq məhv edilmişdir.
Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxışında bildirib ki, Ağdaban kəndində törədilən faciə, əslində, bir günün hadisəsi deyil, iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.
Beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğu Ağdaban faciəsi Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalıda, Goranboy rayonunun Ballıqaya kəndində və digər yerlərdə azərbaycanlı əhalini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir.
Millət vəkili vurğulayıb ki, bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.
Daha sonra çıxış edən tarix üzrə fəlsəfə doktoru, fəxri mədəniyyət işçisi, Kitabxananın direktoru Lətifə Məmmədova hadisələrin tarixinə nəzər salıb, hələ 1990-cı ilin qanlı yanvarından başlayaraq 2023-ci ilin Zəfər günümüzə qədər Azərbaycan xalqının qət etdiyi mübarizə yolundan bəhs edib. Çıxışının sonunda L.Məmmədova “Mahmud Kaşqari adına Beynəlxalq Fond”un rəhbəri, millət vəkili Cavanşir Feyziyevin təşəbbüsü ilə yaradılan və bu gün auditoriyaya təqdim olunan kitab sərgisini və Ağdaban faciəsinin dəhşətlərini özündə əks etdirən foto-qalereyanı hadisələri gənc nəslə unutdurmayacaq unikal addım olduğunu söyləyib. Qeyd edək ki, Fondun tərtib etdiyi kitab sərgisində xalqımızın başına gətirilən müsibətləri özündə ehtiva edən, ötən 35 il ərzində Azərbaycanda və ölkə xaricində işıq üzü görən tarixi-filoloji, nəzəri-publisistik ədəbiyyatlar: “Azərbaycan faciələrinin təqvimi”, “Şəhidlərimiz – qürur yerimiz”, “Ağla qərənfil, ağla”, “Qan borcu”, “Parçalanmış millətin harayı”, “Vətən”, “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri”, “Bir ölümün acığına”, “Müdaxilə”, “Qara gündəlik”, “Şəhidlər dastanı”, “Mən şahidəm ki…” və digər kitablar yer alıb.
Azərbaycan Beynəlxalq Radiosunun Proqramlar şöbəsinin rəisi, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu çıxışında bildirib ki, ermənilər heç kimlə qonşuluq edə bilmədiklərini Ağdaban kəndinin sakinlərini diri-diri odlara qalamaları ilə bir daha sübut etdilər. 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə Çapar kəndində yaşayan daşnak tör-töküntüləri Ağdabana qəfil hücum etməklə onu yer üzündən sildilər. Kəlbəcər ilk şəhidlərini məhz orada verdi. Bu dəhşətli hadisə tarixə “İkinci Xocalı” kimi yazıldı.
Mədəniyyət Nazirliyi “Xatirə” kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, “Dövlət və Qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbət qızı, yazıçı-publisist Nüşabə Məmmədli, “Mədəniyyət” qəzetinin baş redaktor müavini Fariz Yunisli çıxış edərək bu tarixin unudulmaması üçün belə anım tədbirlərinin vacibliyindən söz açıblar.

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top