Sözündən dünyaya boylanan şair

Sözündən dünyaya boylanan şair
Çağdaş Azərbaycan poeziyasının ünlü simalarından biridir tanınmış şairimiz Təranə Dəmir! Hələ illər öncə dövri mətbuatda, Yazıçılar Birliyinin ədəbi orqanlarında şeirlərini sevə- sevə oxumuşam.Yaradıcılığına bələd olmağım isə sosial şəbəkələrdən başlayıb.Poeziya hər keçən an, hər keçən gün həyat reallıqları üzərində çəkilmiş rəsmə bənzəyir.İnsanın taleyi, bəxti, zamanın ağrı, acıları bu lövhədə çəkilmiş rəsmlərə öz rəngini qatır.Və bütün bunlar şairin qələmə aldığı hər bir şeirində duyulur, hiss olunur.Bir az boz, bir az ağlı, qaralı, bir az da sarımtıl payız rəngində.Bir gün feysbukda gözümə bir yazı sataşdı.Yaradıcılığıma həsr olunmuş” Könlündən bahar keçən şair” adlı bu yazı o qədər gözəl və isti yazıydı ki, dostlarım bu yazıya görə Təranə Dəmirə təşəkkürlərini çatdırmağımı məndən xahiş etdilər.Hətta dostlarımdan biri səni bu yazıdan sonra təzədən kəşf etdim qardaş, deyə sevincini gizlətmədi.Təranə xanımın bütün şeirlərində duyğu, həyəcan və ruh var.Təxminən qırx il öncə mərhum xalq şairimiz B. Vahabzadə, tanınmış şair dostum, manasşünas alimimiz Adil Cəmilin “Aylı gecə nağılı” kitabına yazdığı ön sözdə yazırdı:
Bəzən şeir adıyla yazılmış bir mənzuməni oxuyub görürsən, sözlər ilk çəkisini və ilk rəngini, yəni öz lüğəti mənasını saxlamış, rəqəmə bənzər quru sözlərdir, səni isitmir, həyəcanlandırmır. Baxırsan ki, bu yazıda şeir üçün lazım olan bütün zahiri elementlər- qafiyələr tutmuş ölçülərə qədər hamısı var, amma şeir yoxdur. Niyə? Bəs burada nə çatmır? Kəlmələrin duyğu, həyəcan yükü.Allah məzarını nurla doldursun böyük şairimizin.
Mənə görə ən gözəl şeir oxuyub kövrəldiyin, təsirləndiyin şeirdi.Həm də şeir heyrətləndirmək bacarığıdır.Bir də hər hansı bir şeiri oxuyandan sonra içindən zəmi uğultusu keçirsə və deyirsənsə ki, kaş bu şeiri mən yazaydım duyğusu ruhuna hakim kəsilirsə, demək müəllifin uğuru göz qabağındadır.Təranə Dəmirin poetik trayektoriyasını cızmaq, ölçmək mümkün deyil.Ürəyindəki azadlıq duyğusu söz- söz, misra- misra şeirlərinə hopub. Elə bir şeirinə rast gəlməmişəm ki, şairə utanc gətirsin. Şeirlərinin ömrü dünyanın ömrü qədər olacaq. Səsi yüz illiklərə, min illiklərə gedib çatacaq. Mən cəsarətlə və mübaliğəsiz bu gözəl şairimizin ədəbi enerjisini Günəşə bənzədərdim.Səmimiyyətimlə deyirəm, bu enerjinin insanda olmağı Allahın həm lütfüdür, həm də möcüzəsi. Şair nədən yazır yazsın, həmişə öz ampulasındadı.Geniş oxucu kütləsi var. Hər halda sevənləri, onu sevməyənlərdən çoxdu. Təpədən dırnağa şairdi Təranə Dəmir! Mövzu qıtlığından əziyyət çəkmir. Həyata, anaya, torpağa, dağa, şəlaləyə, bir sözlə hər şeyə özünün baxış bucağı var. Prinsipləri və dəmir xarakteri onu çinar kimi başını uca tutmağa sövq edir. Bayırda yağan yağışı ona qar kimi sırımaq çətindı.Çünki həqiqət bildiyi hər işdə israrlıdır.Dizinin kişilərə xas bərkliyinə və mərdliyinə təəccüblənməmək olmur. Sadaladığım bu keyfiyyətlər kökündən, tayfasından gəlir. Kolanı tayfasındandı axı.Ailəsinin, elinin, obasının, vətəninin təəssübünü necə çəkirsə, sözün də təəssübünü eləcə çəkir.Sözündən boylanıb dünyaya baxan şairin poeziyası sərhəd tanımır. Normadan artıq həssas, hissiyyatlı və duyğusaldır.Mənə elə gəlir Təranə Dəmirin dünyası gördüyündən böyükdü.Qəlbindəki qatı açılmamış sözlər, pak ruhuyla varaq arasında canlı bir ünsiyyət yaradır.Təranə xanımın şeirlərində bir qəribə səma ənginliyi, özünə məxsus ədəbi ləngər, rənglərin əlvanlığı, pərvazlanmaq duyğusu, yaxamızdan əl çəkməyən müqəddəs kədər- hər şey var. Sonda bu kiçik əsərimin böyük qəhrəmanına həmişəki kimi gələcəkdə yazacağı gözəl şeirləri ilə oxucularını heyrətləndirməyi arzulayıram. Yazın, yaradın. Sizə yazmaq, yaratmaq yaraşır. Həm də yaratmaq gözəl hissdir.
-
- 2025.
Hörmətlə: Fəxrəddin Teyyub
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru