Weather Data Source: havadurumuuzun.com

“Bir Millətin Aydınlanma Axtarışı”

“Bir Millətin Aydınlanma Axtarışı”

Bir ucu Şərqə, digəri Qərbə baxan, amma ikisinin arasında öz yolunu axtaran bir düşüncə körpüsü olan “Üç mədəniyyət” əsəri bir millətin taleyinin, bir düşüncənin, bir mədəniyyətlərarası dialoqun simvolik mənzərəsidir.
Mədəniyyət nədir? – Bu sual Hüseynzadənin əsərində sanki göy üzündə asılmış bir ay kimi parlayır. Mədəniyyət bir ruhdur, bir xalqın özünü dərk etməsidir, öz yolunu tapmaq cəhdidir. Hüseynzadə bu əsərində İslam, Türk və Qərb sivilizasiyalarını təkcə tarixi fenomen kimi deyil, həm də düşüncə, həyat tərzi və dünyagörüşü kimi müqayisə edir. Hüseynzadə Osmanlı dövlətinin və türk dünyasının hüquqi sisteminin modernləşməsini vacib hesab edirdi. Onun fikrincə, millətlərin tərəqqisi təkcə mədəni və elmi inkişafdan deyil, həm də güclü və ədalətli hüquq sistemindən asılıdır. Hüseynzadə böyük ümidlər bəsləyirdi ki, mədəniyyətlər birləşərək insan hüquqları və ədalət anlayışında inkişaf edəcək, amma bu gün bunu çox vaxt “simvolik” olaraq görürük. İdeal ədalət, demək olar ki, heç vaxt tam olaraq gerçəkləşmir. Bəlkə də biz yalnız bəzən bu idealları daha çox “kultivasiya” edir, amma əslində onları həyatımıza tətbiq etməkdə daha çox çətinlik çəkirik. Bu dövrümüzdə, ədalət daha çox “məşhur olan”ların əlinə keçir və biz yenə də bərabərliyə doğru irəliləməkdə bir qədər zəifik. Hüseynzadə, əgər yaşasaydı, bəlkə də dediyi “Ədalət, hamıya bərabər imkanlar verməkdir” fikrinin nə qədər mürəkkəb olduğunu görərdi.
Hüseynzadə, Osmanlıda Tənzimat islahatlarını və Məşrutiyyət dövrünün hüquqi yeniliklərini dəstəkləyirdi. O inanırdı ki, Osmanlı hüquq sistemi köhnəlmiş və müasir çağırışlara cavab verə bilməyən şəriət qanunları ilə məhdudlaşmamalıdır. Konstitusionalizm və hüquqi dövlət quruculuğu türk-islam dünyasının inkişafı üçün zəruridir. Osmanlıda və digər türk dövlətlərində Qərb hüquq sistemindən faydalanmağın vacib olduğunu vurğulayırdı. Hüseynzadənin fikrincə, Qərbin hüquq normaları dövlət və cəmiyyət üçün müsbət dəyişikliklər gətirə bilərdi, lakin bu, milli və dini kimliklə uzlaşdırılmalı idi. Əsərdə dolayısı ilə bir hüquqi problem müzakirə olunur: Şəriət qanunları müasir hüquqla necə uzlaşdırıla bilər Hüseynzadə qeyd edirdi ki, İslam hüququ bəzi sahələrdə müasir hüquq normaları ilə uyğunlaşdırılmalıdır. O, islahatçı yanaşmanı müdafiə edirdi: yəni milli-mədəni və dini dəyərləri qorumaqla hüquqi sistem modernləşdirilməlidir. Osmanlıda tətbiq olunan Məcilisi-Məbusan və Məcilisi-Əyan kimi parlament və qanunverici orqanların yaradılmasını müsbət qiymətləndirirdi. Hüseynzadə Osmanlıda və türk dünyasında demokratik institutların formalaşmasının tərəfdarı idi. O, II Məşrutiyyətin elan edilməsini müsbət hadisə kimi görürdü, çünki bu, xalqın hüquqlarını qoruyan və dövlət idarəçiliyini qanun çərçivəsində tənzimləyən bir sistem idi. O, idarəetmədə qanunun aliliyini dəstəkləyirdi və Avropa konstitusiya sistemlərinin bəzi elementlərinin Osmanlıda tətbiq edilməsinin tərəfdarı idi.
Hüseynzadə, avropalaşma ideyasını irəli sürərkən, Avropa mədəniyyətinin və elminin təkcə intellektual deyil, həm də hüquqi, siyasi və sosial dəyişiklikləri gətirməyini istəyirdi. “Əkinçi” qəzetinin başlıqlarında və Axundzadənin əsərlərində bu ideya, düşüncə azadlığı, hüquqi bərabərlik və ictimai irəliləyiş olaraq özünü göstərir. Əli bəy Hüseynzadənin “Üç mədəniyyət” əsərində əsas vurğulardan biri milli inkişafın Avropa elmi və texnologiyasına açıq olmasıdır. Bu baxış 19-cu əsr Azərbaycan maarifçilərinin, xüsusən Mirzə Fətəli Axundzadənin ideyaları ilə uzlaşır. Axundzadə “Qərbləşmə”ni tək çıxış yolu kimi görürdü və bunu maarifçilik, latın qrafikalı əlifba islahatı və teatr yolu ilə yaymağa çalışırdı. Onun “Hacı Qara”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və “Molla İbrahimxəlil kimyagər” əsərlərində Şərq və Qərb mədəniyyətlərinin mübarizəsi açıq şəkildə əks olunmuşdur. Axundzadənin tənqid etdiyi “Şərq dünyasının fanatizmi və geriliyi” Hüseynzadənin də diqqət yetirdiyi əsas problemlərdən biri idi. Lakin fərq ondadır ki, Hüseynzadə İslamı tamamilə tərk etməyi yox, onu elmi inkişafla sintez etməyi təklif edirdi, Axundzadə isə İslam dünyasının bütün dini və feodal təsirlərdən qurtulmasını istəyirdi. Cəlil Məmmədquluzadə isə “Ölülər” əsərində, cəmiyyətin geriliyi və dini xurafata qarşı mübarizə aparan obrazlar vasitəsilə, Qərb təfəkkürünü Azərbaycanda yaymaq istəyirdi. Onun əsərlərində dini sərt təbliğatın qarşısında yenilik və təhsil həyəcanı yüksəlir. Bu əsərlər Hüseynzadənin avropalaşma düşüncəsinin ədəbiyyatdakı təsirini əks etdirir.

Əsəri oxuyarkən böyük bir mədəniyyət dənizində üzən bir gəmini təsəvvür etmək olar. Bu gəminin kapitanı türk millətidir – o, nə sahilə tam çatıb, nə də fırtınada batıb, sadəcə öz yolunu axtarır. Hüseynzadə isə bu gəminin kompası olmaq istəyir, ona istiqamət göstərməyə çalışır.

O, bizə deyir:

Ruhunu itirmə, mənəviyyatını qoru!
Dövlətini gücləndir, tarixini unutma!
Elmə və biliyə açıq ol, inkişafdan geri qalma!

Bu üç prinsip, əslində, Hüseynzadənin bütün dünyagörüşünü ifadə edir. O, nə tam İslamçıdır, nə tam millətçi, nə də tam Qərbçi – o, bu üç ruhu birləşdirən bir aydınlanma yolçusudur.

Zəhra Həşimova 

Top