Weather Data Source: havadurumuuzun.com

Zəhra Həşimova yazır

Masamdakı xoş ətirli çiçəyimin yanında iki kitab yanaşı dayanıb…. sanki dünənləri bu günə qovuşdurduqlarını bilirlərmiş kimi….

Sabirin dövründə olduğu kimi, bəzən biz də cəmiyyətin bəzi təbəqələrində riyakarlıq və əxlaqi boşluqların olduğunu görürük. İnsanların tənbəlliyi və saxtakarlığı bəzən o qədər açıq olur ki, bu məsələlərə daha diqqətli yanaşmaq vacibliyi doğur. Ağaoğlunun təklif etdiyi dəyişikliklər və hüquq mübarizəsi bu gün də aktuallıq kəsb edir. Bu gün də insanlar bərabərlik və azadlıq uğrunda mübarizə aparır, lakin bəzən ənənəvi strukturlar, siyasi və hüquqi maneələr bu mübarizəni çətinləşdirir. Sabir və Ağaoğlu bizə yalnız keçmişin sosial problemlərini göstərməkdə qalmır, həm də bizə bugünkü dövrümüzdəki sosial və hüquqi mövzuları daha dərindən düşünmək imkanı verir. Belə əsərlər cəmiyyətə qarşı daha məsuliyyətli və ədalətli yanaşma tərzi inkişaf etdirməyimizə kömək edə bilər. Sabirin əsərindəki sosial riyakarlıq və insanın zahiri görünüşə çox önəm verməsi, müasir dövrümüzdə sosial media ilə çox uyğun gəlir. Bugün insanların sosial statuslarını göstərmək, başqalarının gözündə mükəmməl olmaq istəyi sosial medianın təkan verdiyi bir xüsusiyyətdir. Sabirin əsərindəki obrazlar da çox vaxt özlərini başqalarına göstərmək üçün fərqli davranışlar sərgiləyirlər. Sosial media və bu platformalarda yaranan saxta “görünüşlər”, insanları daxili mənəviyyatdan çox, xarici “göstərişlərə” fokuslanmağa məcbur edir. Bu mövzu, Sabirin əsərindəki əsas mesajlardan biri olan “görünüş” və “gerçək mənlik” arasındakı ziddiyyətlərlə bağlıdır.

Bu iki əsəri oxuyarkən, cəmiyyətin dəyişməsini və daha ədalətli bir yerə çevrilməsini təmin etmək üçün həm əxlaqi dəyərlər, həm də hüquqi islahatların vacibliyini anlamaq olur. “Hophopnamə” həm də ədəbi satira kimi, təbii ki, xalqın təhsil və maarifləndirilməsini əsas götürərək, bir çox yanlışları və boşluqları ifşa edir. Hər iki əsərdə cəmiyyətdəki təbəqə fərqləri və sosial ədalətsizliklər mövzusu işlənir. Həm Ağaoğlu, həm də Sabir öz dövrlərinin sosial strukturlarını tənqid edir və bu strukturlarda cəmiyyətin inkişafını əngəlləyən çətinlikləri göstərirlər. “Sərbəst Insanlar Ölkəsində” əsərində müxtəlif təbəqələrdən olan bir çox personaj yer alır. Personajların arasında bir çox “sərbəst insan” arzusunda olan şəxslər var, amma onları əhatə edən sosial şərtlər və normalar onların bu arzularını həyata keçirməyə mane olur. Bu da əsərin mərkəzi ideyasını – cəmiyyətin inkişafı və fərdi azadlığın qarşısındakı maneələri – daha da aydınlaşdırır. Ağaoğlu, insanların yalnız fiziki sərbəstliyinə deyil, həm də mənəvi və intellektual sərbəstliyinə də diqqət yetirir. “Sərbəst Insanlar Ölkəsində” əsərində Rəşid bəy, əsərdə mütəfəkkir obraz kimi, cəmiyyətin islahatına və insan hüquqlarının tanınmasına önəm verir. Onun fikirləri, daha müasir və inqilabi yanaşmalarla cəmiyyətin inkişafını təklif edir. Rəşid bəy, fərdi azadlığın əldə edilməsi üçün təhsilin və intellektual inkişafın vacibliyini vurğulayır. Bu, onun özündən çox cəmiyyətin inkişafını hədəfləyən bir xarakter olduğunu göstərir.

Ağaoğlu, hüququn yalnız dövlətin tətbiq etdiyi qanunlardan ibarət olmadığını, eyni zamanda cəmiyyətdəki şəxsi əxlaq və ədalət anlayışları ilə də bağlı olduğunu vurğulayır. Əsərdəki bir çox obraz, hüququn və ədalətin yalnız rəsmi və bürokratik qurumlarla tənzimlənə bilməyəcəyini, həm də cəmiyyətin mənəvi dəyərləri ilə uyğun olmalı olduğunu irəli sürürlər. Məhəmməd Əli, idealist və azadlıqsevər bir obrazdır, lakin əsərdə onun düşüncələrinin və arzularının həyata keçməsi, cəmiyyətin mövcud sosial quruluşu ilə qarşı-qarşıya qalır. Onun xarakterindəki ən mühüm xüsusiyyətlərdən biri, cəmiyyətin mövcud təbəqələşməsinə qarşı çıxaraq, sərbəst insan olmağı hədəfləməsidir. Ədalət, əsərdə yalnız hüquqi çərçivədə deyil, həm də etik və mənəvi səviyyədə nəzərdən keçirilir. Hüquq və ədalət arasındakı bu əlaqə, əsərin personajlarının davranışları və düşüncələri ilə də paralellik təşkil edir. Həsən bəy isə cəmiyyətdəki mövcud nizamın qorunmasını istəyir və sərbəst düşüncəyə qarşıdır. O, ənənəvi dəyərləri təmsil edir və dəyişiklikləri təhlükə olaraq görür. Bu, onun fəlsəfi cəhətdən qorxulu və mühafizəkar düşüncəsini göstərir. Hər bir obrazın öz hüquqlarını qorumağa çalışması, amma eyni zamanda cəmiyyətdəki digər insanların hüquqlarını da nəzərə alması lazım olduğu fikri önə çıxır. Məmməd bəy və Səid bəy də əsərdəki tipik aristokrat bir obrazlardır. O, var-dövlət və mövqe sahibi olsa da, cəmiyyətin azadlıq, ədalət və hüquq məsələlərinə münasibətində dar bir baxış açısına sahibdir. Məmməd bəyin xarakteri, cəmiyyətdəki mövcud sosial sistemin qorunmasına meylli bir təbəqəni təmsil edir və fərdi azadlıq və bərabərlik kimi məsələlərə qarşı ümumilikdə skeptikdir. Səid bəy də dövrümüzdəki bir çox insan kimi öz sosial mövqeyini və təsirini qorumağa çalışır. O, dəyişiklikləri təhlükəli və qeyri-sabit hesab edir, buna görə də cəmiyyətdəki azadlıq tələblərinə qarşı çıxır.

Sabirin “Hophopnamə” və Ağaoğlunun “Sərbəst İnsanlar Ölkəsi” əsərləri müasir dövrə çox yaxın və aktual məsələləri təhlil edir. Bu əsərlərin hər biri, dövrün sosial, əxlaqi və hüquqi problemlərinə işıq salmaqla yanaşı, bu gün də bizə bir çox dərslər verir və gələcəyə dair çağırışlar edir. Müasir dövrümüzdə bir çox oxşar məsələlər hələ də mövcuddur, yalnız onların forması dəyişib.

Top