Weather Data Source: havadurumuuzun.com

“Qaranlıqdan qorxan bir uşağı asanlıqla bağışlaya bilərik. Həyatdakı həqiqi tragediya isə böyüklərin işıqdan qorxmasıdır”

“Qaranlıqdan qorxan bir uşağı asanlıqla bağışlaya bilərik. Həyatdakı həqiqi tragediya isə böyüklərin işıqdan qorxmasıdır”

Platonun “Sokratın Müdafiəsi”ndə verdiyi bu dərin fikir hüquq və ədalət anlayışına da işıq tutur. Çünki işıq, həqiqət və maariflənmə deməkdirsə, ondan qorxmaq cəmiyyətin ədalətdən və doğrulardan qaçışı deməkdir. Hüquq sistemləri insan qorxularının üzərində qurulmuşdur. İnsanlar cəzadan, haqsızlıqdan, anarxiyadan və haqsız hücumlardan qorxurlar. Lakin ədalətin gerçək imtahanı, cəmiyyətin qorxularını necə idarə etməsi ilə bağlıdır. Biz işıqdan – yəni həqiqətdən və maariflənmədən qorxduqda, ədalət ikinci planda qalır, çünki əsl həqiqətlərin ortaya çıxması cəmiyyətin və fərdlərin rahatlığını poza bilər.Sokrat heç kimə fiziki bir zərər vermədi. Onun silahı sadəcə suallar idi. Amma insanlar bəzən silahdan deyil, sualdan daha çox qorxurlar. Çünki sual, səndən düşünməyi tələb edir, öz həyatına, inanclarına, sistemlərə yenidən baxmağa vadar edir. Sokrat insanlara sadəcə bunu edirdi: onları oyandırmağa çalışırdı. Amma cəmiyyət həmişə rahat yuxuya üstünlük verir. Ona görə də onu məhkəməyə çıxardılar və ölümə məhkum etdilər. Bu, bizim üçün bir dərsdir. Ədalət, hüquq və həqiqət bizə sərf edəndə gözəl görünür. Amma həqiqət narahatlıq doğuranda, çoxumuz onu görməzlikdən gəlirik. Ya da onu danışanı susdurmağa çalışırıq.

Sokratın özü də məhz bu işıqdan qorxanların hədəfi oldu. O, insanların rahat yalanlara sığınmaq yerinə, çətin həqiqətlərlə üzləşməsini istəyirdi. Amma cəmiyyətin böyük hissəsi bu cür maariflənməni təhlükəli hesab etdi və onu ölümə məhkum etdi. Beləliklə, Platonun fikrindəki “böyüklərin işıqdan qorxması” hüquqi ədalətin korlanmasına bir işarədir. Hüquq ədaləti bərqərar etmək üçün mövcuddur, lakin bu, yalnız işığa doğru cəsarətlə addım atdıqda mümkündür. Ədalət sistemi, cəmiyyətin həqiqəti axtarmaq cəsarətinə malik olduğu qədər güclüdür. Əgər bir cəmiyyət işıqdan – həqiqətdən, azad düşüncədən və sorğulayıcı ağılın gücündən qorxursa, orada hüquq formal bir mexanizmdən başqa bir şey olmayacaq. Sokratın timsalında gördüyümüz bu prinsip, tarix boyu dəyişməyib. Qanunlar yalnız qorxusuz şəkildə tətbiq edildikdə və insanlar həqiqəti axtarmaqdan çəkinmədikdə həqiqi ədalət mümkündür. Buna görə də, biz nəinki uşaq kimi qaranlıqdan qorxmamağı, həm də yetkin insan kimi işığa sarılmaqdan çəkinməməyi öyrənməliyik. Çünki əsl tragediya qaranlıq deyil, işıqdan imtinadır.

Biz özümüzü sorğulamalıyıq. Rahat yalanlar əvəzinə narahat həqiqətləri qəbul etməyə hazır olmalıyıq. Ədaləti qorumaq üçün cəsarət lazımdır, çünki işıq həmişə göz qamaşdırır. Amma həqiqəti görmək üçün gözlərimizi açmaqdan başqa yolumuz yoxdur.

Çünki əsl faciə qaranlıqda olmaq deyil. Əsl faciə işığı görəndə ondan qaçmaqdır.

Top