Weather Data Source: havadurumuuzun.com

Zəhra Həşimova – “Cəmiyyət, Hüquq və Vicdanın Tələsi: Dostoyevski və Cəlil Məmmədquluzadənin İnsan Taleyinə Baxışı”

“Cəmiyyət, Hüquq və Vicdanın Tələsi: Dostoyevski və Cəlil Məmmədquluzadənin İnsan Taleyinə Baxışı”

Fyodor Dostoyevskinin “Zəif Ürək” (rusca: Слабое сердце) povesti insan psixologiyası, cəmiyyətin sosial-siyasi təzyiqləri və hüquqi aspektlər baxımından maraqlı bir əsərdir. Dostoyevski fərdin azadlığının nə qədər məhdud olduğunu göstərir. Vasili Şumkov, şəxsi xoşbəxtliyini yaşamağa çalışarkən, cəmiyyətin və dövlət aparatının ciddi nizamı ilə üz-üzə gəlir. Onun ruhi sarsıntıya düçar olması, sistemin insan üzərində yaratdığı psixoloji və sosial təzyiqin nəticəsidir. Vasili tədricən nevroz və psixi pozuntuya düçar olur. Bu hal müasir hüquqda bir şəxsin hüquqi məsuliyyət daşıma qabiliyyətinə təsir edən faktorlardan biridir. Əgər bu vəziyyət cinayət hüququ kontekstində baş versəydi, o zaman Vasilinin ruhi vəziyyəti onun məsuliyyətini yüngülləşdirən amil ola bilərdi. Dostoyevski insanın daimi şəkildə öz mənasını tapmağa çalışdığını və bu axtarışın təhlükəli bir yola gətirib çıxardığını göstərir. Vasili, cəmiyyətin üzərindəki təzyiqi yaşamağa çalışarkən, öz daxilindəki qorxuları, narahatlıqları və qeyri-müəyyənliyi də hiss edir. Bu, insanın öz mənəvi varlığını axtararkən yaşadığı ən dərin və qorxulu mübarizədir.Əsər, həmçinin əxlaq və insanın mövcudluğunun mənası arasındakı gərginliyi də müzakirə edir. Vasili öz mənəvi həyatını, sosial və əxlaqi gözləntilərlə qarşılaşdıraraq tapmağa çalışır. Bu, insanın özünü və əxlaqını anlamağa çalışarkən yaşadığı təzadları, eyni zamanda özünü dərk etmə və azadlıq anlayışının ziddiyyətini ifadə edir. İnsan bəzən əxlaqın, cəmiyyətin yazılı qaydalarından asılı qalır, bəzən isə özü üçün yeni bir əxlaq yaratmağa çalışır.

Vasili sevdiyi qadınla nişanlanır, amma sevinc hissi onun üçün gözlənilməz bir yükə çevrilir. O, işinə davam edə bilmir, çünki sevinc onun psixikasını alt-üst edir. Burada maraqlı hüquqi və fəlsəfi sual yaranır: Cəmiyyət insanı müəyyən çərçivədə yaşamağa məcbur edirsə, o, fərdi emosiyalarına görə məsuliyyət daşımalıdırmı? Bu, hüquqi pozitivizm və təbii hüquq fəlsəfəsi arasında bir dialoq yaradır. Hüquqi pozitivizmə görə, hüquq yalnız yazılı qanunlardır və fərdin psixoloji vəziyyəti nəzərə alınmır. Təbii hüquq isə fərdin vicdanını və daxili ədalət hissini əsas tutur. Vasili, cəmiyyətin və öz içində yaratdığı qaydaları pozduğunu düşünərək, daxili ədalət məhək daşına çevrilir. Burada Kantın “kategoriya imperativi” anlayışı tətbiq oluna bilər – insanın əxlaqı yalnız qanunlara deyil, həm də daxili vicdanına əsaslanmalıdır. Hüquqi baxımdan Vasili tam azaddır, lakin cəmiyyətin gözləntiləri onu sıxır. O, hüquqi cəhətdən heç bir təzyiq altında deyil, lakin daxili qorxu və vicdan əzabı onun üzərində hüquqi bir hökm kimi təsir edir. Dostoyevski göstərir ki, cəmiyyətin qəbul etdiyi normaların xaricinə çıxan insanlar hüquqi cəhətdən təhlükəli hesab olunmasalar belə, hüquqi sistem onları qorumaq əvəzinə, daha da məhvə sürükləyir. Cəlil Məmmədquluzadə “Dəli Yığıncağı” pyesində eyni problemi başqa cür göstərir. Burada “dəli” damğası vurulan insanlar əslində daha ağıllıdır, daha ədalətlidir, amma cəmiyyət onları anlamaq istəmir. Guya ağıllı olanlar isə əslində ədalətsiz, zalım və riyakardır. Əsərdə hüquqi və sosial sistemin necə ədalətsiz olduğu satirik və tragikomik formada təsvir edilir. Cəmiyyət öz çərçivəsinə sığmayan insanları qəbul etmir, onlara qarşı hüquq da, sistem də ədalətli olmur. Dostoyevski bunu dərin psixoloji analizlə, Cəlil Məmmədquluzadə isə satira ilə göstərir. Amma hər ikisi eyni nəticəyə gəlir – fərqli düşünən insanlar təkcə cəmiyyətin yox, həm də hüququn qurbanına çevrilir.

“Zəif Ürək” əsərində Vasili qanun qarşısında cəzalandırılmasa da, öz vicdanı və psixoloji durumu onu məhv edir. Dostoyevskinin Vasili adlı qəhrəmanı öz vicdanının və cəmiyyətin gözləntilərinin altında əzilərək psixoloji sarsıntıya düşür. Azərbaycan ədəbiyyatında da buna oxşar taleyi Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki İsgəndər yaşayır. Vasili sevdiyi qadınla nişanlandıqdan sonra xoşbəxt olmalıdır, amma cəmiyyətin qoyduğu öhdəliklər və iş məsuliyyəti onun psixoloji çöküşünə səbəb olur. O, hüquqi cəhətdən konkret bir cəzaya məruz qalmır, amma öz vicdanı onu məhv edir. İsgəndər isə cəmiyyətdəki mövcud ədalətsizliyi və riyakarlığı görəndən sonra daxili bir böhran yaşayır. O, xalqını oyatmağa çalışsa da, başa düşür ki, ətrafındakılar onu anlamır və yalnız qalır. İsgəndər, cəmiyyətin axmaq qanunlarına qarşı çıxdığı üçün cəzalandırılır və məhv edilir. Yəni Vasili öz daxili dünyasında boğulur, İsgəndər isə cəmiyyətin zorakı hüquq sistemi tərəfindən basqıya məruz qalır.

Vasili zəif ürəyini daşıyarkən, bu, bütün insanlığın təcrübəsini simvolizə edir. İnsan hər zaman öz daxili mübarizələri ilə mübarizə aparır, amma əslində, bu mübarizə əsl daxili azadlığa və insanın içindəki həqiqətə doğru bir yoldur. Dostoyevskiyə görə, insanın mövcudiyyəti özü ilə birlikdə əzabı da gətirir. Vasili, daxili əzabını çəksə də, bu əzab onu həm də insanın psixoloji və mənəvi zəifliklərinin üzə çıxmasına məcbur edir. İnsan öz zəifliklərindən qaçmağa çalışır, lakin bu, onu daha da azaldır. Krisis və varlıq fəlsəfəsi bu məsələdə əsaslıdır. Dostoyevski, varlığın əslində bir növ əzab və narahatlıq olduğunu göstərir, insan hətta yaxşılıq və ya xoşbəxtlik axtarsa da, bu prosesin özündə əzabları daşıyır. Dostoyevski insanın təbiətində həm yaxşılıq, həm də pislik meylinin olduğunu qəbul edir. Vasili özü pisliklə mübarizə aparmaq istəsə də, daxili zəifliklər və kədər onu sürükləyir. Bu, insanın təbiətinin dobro və zlo (yaxşılıq və pislik) arasındakı giriş nöqtəsini, insanın içindəki pisliyi və yaxşılığı eyni anda yaşadığını və bu qarşıdurmanın insanı bəzən məhvə sürüklədiyini göstərir.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top