Weather Data Source: havadurumuuzun.com

Nigar Səttarzadənin əsəri haqqında

Salam, əziz dostlar! Yəqin ki, Nigar xanımı hamınız tanıyırsınız. İnstagramın mənə tanıtdığı gözəl insanlardan biridi. Keçən il özü ilə kitab yarmarkasında tanış olmaq qismət oldu. Çox mədəni, zərif, mehriban xanımdır. Söhbətimiz o qədər xoş alındı ki, gedəsi yerim olsa da, sağollaşa bilmirdik. Biz də sonra vaxt təyin edib rahat görüşməyə razılaşdıq. Kitabını əldə etdim və sağ olsun ki, imzaladı. “20 yanvar” ərəfəsi oxumağı planlayırdım və oxudum. Kitaba gəldikdə, onu deyim ki, axşam çox yuxum gəlsə də maraqdan kitabı əlimdən qoya bilmədim. Mən tarixdən ilhamlanan, həm araşdırma, həm də xəyal gücünün nəticəsi olan əsərləri sevirəm. Nigar xanım həm tariximizin ən önəmli dövrlərindən birini canlandırıb, həm də bunu oxucunu sıxmadan, həyəcanlandıraraq, maraqda qoyaraq etməyi bacarıb. Yad millətlərə edilənləri biz qarışıq, dünya oxuyur. Amma öz çəkdiklərimiz də az deyil. Kaşki xalqımıza edilənlər də dünyada oxunsa.. İnşallah bu vəzifəni “Axıdılmış qanın izi ilə” romanı yerinə yetirəcək. Əsər həm də çox doğma gəlirdi, milli ünsürlər, gözəl adətlərimiz, ədəb-ərkan qaydalarımız öz əksini tapmışdı. Xalqımızın necə mərd, qəhrəman oğulları və qızları olduğunu göz önünə sərirdi. Həmçinin ailə-məişət mövzularına toxunulub, qəzəbin, səbrsizliyin, dinləməməyin necə böyük fəsadlara gətirə biləcəyini də bu romanda görürük.

Bir sözlə, əsər böyük həcmli olmasa da, içinə çox seyi sığdıra bilmiş gözəl yazıçımız Nigar Səttarzadə. Qələminizə sağlıq! Yenə yazın, yenə oxuyaq!

Hörmətlə: Fərizə Zahirova

Top