Weather Data Source: havadurumuuzun.com

Müşfiq Şükürlü “Qarabağ”dan nə istəyir?

Müşfiq Şükürlü “Qarabağ”dan nə istəyir?

“Yat, nəşə qaynağım…
Evin işıqları söndü.
Bağçadakı quşlar yuxuya daldı.
Göldəki balıqlar da yatdı…” misraları ilə başlayan
” Mənim kiçik nağılım” adlı hekayəsində “Mən dünyaya gələndən şiddətli ağrı nədir bildim və anamın acısı canıma hopdu” deyən
yazıçı dostumuz Müşfiq Şükürlünün sosial şəbəkədə “Qarabağ” futbol klubu ilə bağlı paylaşımlarına tez-tez rast gəlirik. Bəzən dostları yazıçını qınayır ki, “yazıçının futbolla nə işi var?”.
Amma burda söhbət “Qarabağ ” futbol klubundan gedir…
Məncə yaşı Qarabağın işğal tarixindən az olan Müşfiq Şükürlü doğularkən Vətənin ağrı- acısı onun canına hopub… Laylası bayatıya dönən, yurd- yuvasından ayrı düşmüş yüzlərlə köçkün anaların balaları kimi…
Müşfiq Şükürlü kimdir ?
M. Şükürlü Qarabağda doğulmayan qarabağlıdır. Atası hərbçi, anası isə müəllim olan M. Şükürlü Bakıda dünyaya göz açmasına baxmayaraq qaçqın həyatını iliklərinə qədər yaşamış məcburi köçkündür…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü olan M. Şükürlü bir tikə minnətsiz çörəyini qazana bilmək üçün qürbətdə – yaxın qərbdə ikinci ali təhsil alan – qürbətçi tələbədir.
Özünün də “Qafqazlı xoruzlar” adlı hekayəsində yazdığı kimi ” …Pulu hara getsə yaxşıdı? Evin kirayəsinə, yeməyinə-içməyinə. Hara xərcləyəcək kasıb immiqrant balası?!…”
Bəs görəsən yaşı ilə müqayisədə hədsiz mütaliəli olan M. Şükürlü qarabağlı olmasaydı, kim olardı? Əgər yazıçı bir fransız olaraq doğulsaydı yəqin ki, ” İtirilmiş Zamanın Axtarışında” olardı. Yox, əgər, dünyaya bir rus olaraq gəlsəydi yəqin ki, “Zarafat” (A.P.Çexov) hekayəsində qarlı bir qış günündə xizəkdə sürüşərkən Nadinkanın qulağına küləyin kələyi ilə ” mən sizi sevirəm, Nadinka” deyə pıçıldayan dəcəl obrazın yaradıcısı olardı… Və nəhayət, əgər yazıçı bir amerikalı olsaydı gəmidə sıxıldığı üçün oxuduğu kitabda ” Heç bir yaşamın sonsuz olmadığı, ölülərin əsla dirilmədiyi…” cümləsinə rast gələn “Martin İdenin” müəllifi olardı.
Bəs indi görək “Qarabağ” nədir?
Taleyi Qarabağın özü kimi keşməkeşli olan, “Atlılar”, “Köhlən atlar” ləqəbli “Qarabağ” futbol klubu 1951-ci ildə Ağdam şəhərində “Məhsul” adı ilə yaranmışdır. 1987-ci ilə kimi “Şəfəq”, “Kooperator” olmaqla üç fərqli adı olmuşdur. 1993-cü il 23 iyulda Ermənistan Silahlı Qüvvələri Ağdam şəhərini işğal edib viran qoyduqdan sonra “Ruhlar şəhəri” deyə anılan Ağdamın “Qarabağ” futbol klubu da qaçqın klub kimi fəaliyyət göstərsə də bütün çətinliklərə baxmayaraq 1992-ci ildən Azərbaycan Premyer Liqasında mübarizə aparır.
Bir maraqlı məqam da 2001-ci ildə maddi problemlərlə üzləşən kluba “Azərsun” şirkəti sponsorluq etdikdən sonra klubun adı dəyişdirilərək “Qarabağ- Azərsun” olmasıdır. Burda Molla Nəsrəddinin sözü yadıma düşür, ” pulu verən tütəyi çalar…” 2003-cü ildə klubun yeni vitse-prezidenti olan Tahir Gözəlin təşəbbüsü ilə 2004-cü ildə “Qarabağ” yenidən öz tarixi adına qovuşur…
Digər bir maraqlı məqam isə Tahir bəyin yeni loqotip sifarişini verdiyi ingilis dizaynerlərin hazırladıqları loqotipin Birləşmiş Krallığın gerbinə həddən ziyadə bənzəməsidir. Heyif o dizayna verilən pula. O loqotipdə Qarabağ atlarının təsvir olunduğu deyilsə də körpünün üstündə yol üçün höcətləşən nağıldakı keçilərə bənzəyir atlar, zənnimcə o gerbin təfsir olunmuş variantından başqa bir şey deyil, Birləşmiş Krallığın gerbindəki şirin əvəzinə bir at da qoyulub, iki at üz- üzə dayanıb topu havada tutmağa çalışır, elə ona görə də topumuz göydə oynayır, qapıdan keçmir… Bu yerdə yadıma 1956- cı ildə Xruşovun Böyük Britaniya kraliçası Yelizavettaya Ağdam Atçılıq Zavodundan göndərtdiyi qızılı rəngli “Zaman” adlı at düşür. Bakıya tanınmış jokey Əli Tağıyev tərəfindən gətirilən at Biləcəridən qatarla Rusiyaya, ordan da gəmi ilə Böyük Britaniyaya aparılır. Yazıq Zaman… Dərdini bilsələr də sakitcə ölümünü izləyən soyuq torpağın adamlarının qurbanı olur Vətən həsrəti çəkən Qarabağ atı…
Mən çox istərdim ki, loqotipin üstündəki atlardan birinin “Zaman” olduğuna inanım, təəssüf ki, inana bilmədim…
“Qarabağ” dan “küsməyə” kimlərin haqqı çatır ? “Qarabağ” Avropada Vətən həsrəti çəkən gənclərimizin bəzən sevinci, bəzən də kədəridir, gah qürurumuza, gah da küskünlüyümüzə dönən “Qarabağ” “Ruhlar şəhərinin” qürbətdə ölən zamanlarının da muradıdır. Dahi Bəxtiyar Vahabzadənin Zamana həsr etdiyi şeirdə dediyi kimi, ” ” Zaman ” atım, aman atım! Keçmişimdən bu günümə amanatım!”
Yaxşı yadımdadır ki, otuz ildən artıq düşmən tapdağında olan Qazaxın yeddi kəndinin də geri qaytarıldığı xəbərini eşidəndə Eskişəhərdə sevincdən yerə- göyə sığmırdım, qürur, xoşbəxtlik, ümid, bir sözlə, nə qədər gözəl duyğular varsa onların hamısını eyni zamanda yaşamışdım. “Qarabağ” ın qələbəsi də eynilə hər birimizi Qarabağın zəfəri qədər sevindirir.
Çox sevdiyim Məmməd İsmayıl şeirlərindən birində ərklə öz kəndinə deyir ki, ” Bu mənəm, a kəndim, tanımadınmı? Bu həmin Məmməddir bir az sınıxıb…” Amma M. Şükürlü öz kəndi ilə hələ heç görüşməyib, tanış olmayıb, kəndi onu tanımır… Ona görə də “Qarabağ” futbol klubundan küsmək
elə ən çox Müşfiq Şükürlünün haqqıdır. Qürbətdə “Zaman” kimi darıxan gənclərimizə qələbənin yaşatdığı milli qürur hissini çox görmə, “Qarabağ”…

Yazıçının ” Mənim kiçik nağılım” hekayəsi layla ilə başladığı kimi layla ilə də birir. Amma hərdən laylalar oyanmaq üçündür. “… Anam isə əvvəlki pıçıltılı xoşbəxtliyində zümzüməsinə davam edir: -Yat nəşə qaynağım… Göldəki balıqlar da yatdı…”

MÜƏLLİF: TURAN NOVRUZLU


MÜŞFİQ ŞÜKÜRLÜNÜN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top