Weather Data Source: havadurumuuzun.com

Cəvahir Tanrıverdinin şeirləri

QAZAXDADIR

Yenə ayaq basam o doğma elə,
Könlümü titrədən söz Qazaxdadır.
Xəyalım toxunur torpağa, yerə,
O isti ocağın, döz, Qazaxdadır.

Ürəyin qocalmaz bu yerdə sənin,
Sazın sədaları öldürər qəmi.
Şeirə çevrilər gözünün nəmi,
Sözü alışdıran köz Qazaxdadır.

Tarixin türk yurdu, qıpçaqlar eli,
Tarixdən söz salar Damcılı yeri.
Könül ülfətindən yaranan şeir,
Qələmin çəkdiyi naz Qazaxdadır.

Elmin yolu haqdır bu yerlər üçün,
Cehizi təhsildir köçən gəlinçün.
Tanrı ilham verib bu ellər üçün,
Hər sözə qafiyə söz Qazaxdadır.

 

ŞAİR ÖMRÜ

Necə mənalıdır, necə də həzin,
Oxunan layladır bir şair ömrü.
Sinəsi tufanla coşan bir dəniz,
Yüksələn dalğadır bir şair ömrü.

Vərəqin köksünə sıxıb qələmi,
Yazır sətir – sətir bütün aləmi.
Yığıb sinəsinə dərdi, ələmi
Çağlayan ümmandır bir şair ömrü.

Sözü dənizlərdir, sözü dağlardır,
Sıldırım qayalar, qarlı yollardır.
Nisgilli illərdir, coşğun aylardır,
Tufandır, borandır bir şair ömrü.

Düşünən beyindir, yanan ürəkdir,
Dərdli könüllərə duzdur, çörəkdir.
Sevgidir, vüsaldır, arzu – diləkdir,
Dərdinə yanandır bir şair ömrü.

Həsrətə düşərsə qələmin izi,
Alışar kəlməsi, alışar sözü.
Əyilsə qaməti, titrəsə dizi,
Şeirə qurbandır bir şair ömrü.

 

QƏZƏL
(Xurşidbanu Natəvanın “Qərənfil” qəzəlinə nəzirə)

Güllər içrə könlü yara – qərənfil,
Üsyan eylə sitəmkara, qərənfil.

Toy gülüydün, bəzədin baş daşını,
Gəlməsin ömrünə qara, qərənfil.

Gül üzünü məzara söykəməkdən
Gəlmədinmi, söylə, zara, qərənfil?

Pöhrələn sən o sevda bağçasında,
Eşqdən müjdə ver yara, qərənfil.

Ağlama, gəl, sitəm etmə könlümə,
Könlüm, onsuz, para-para, qərənfil.

Əl götürmə həyatın xoş günündən,
Çevir ömrünü gülzara, qərənfil.

Xan qızının* səninlə qaldı ruhu,
Salma onu intizara, qərənfil…

Müəllif: Cəvahir TANRIVERDİ

CƏVAHİR TANRIVERDİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top